Özünün Rusiya və Ukraynalı həmkarları ilə telefonla müzakirələr aparan Almaniyanın xarici işlər naziri Valter Ştaynmayer, fevral ayında əldə olunmuş Minsk razılaşmasının xilas edilməsinin mümkünlüyünü aydınlaşdırmaq istəyib.
Bölgədən gələn məlumatlara görə, rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında döyüşlər yenidən qızışıb. Elə məhz bu səbəbdən də Ştaynmayer heç bir optimistlik nümayiş etdirməyərək söyləyib: ”Ukraynanın şərqindəki vəziyyət bizim istədiyimiz səviyyədə sabit deyil. Biz, hələki Minsk razılaşmasının tam mənası ilə həyata keçiriləcəyinə əmin olmaqdan uzağıq”.
Ştaynmayer təkcə yenidən başlayan döyüşlər haqqında gələn xəbərlərdən deyil, həmçinin də həyata keçirilən siyasi prosesin dayanmasından narahatdır. Münaqişədə iştirak edən tərəflər arasında belə bir razılaşma əldə edilmişdi ki, Ukraynanın şərqinə müəyyən səviyyədə müstəqillik veriləcək və orada seçkilər keçiriləcək.Lakin bütün bunlara baxmayaraq, münaqişə yalnız gərginləşməyə doğru gedir.
Ukrayna Ali Radasının sədri Vladimir Qroysmanın imzaladığı sərəncama əsasən, Luqansk və Donetsk respublikaları işğal olunmuş ərazilər sayılır və orada hər hansı seçki keçirilməmişdən əvvəl həmin ərazilər azad edilməlidir. Moskva Kiyevin bu təşəbbüslərini qınayaraq, Berlin və Parisi Ukrayna hökumətinə təsir göstərməyə çağırıb.
2014-cü ilin sentyabr ayında imzalanmış birinci Minsk razılaşmasından sonra atəşkəs yalnız bir neçə həftə sürmüşdü və nəzərdə tutulan siyasi proses heç başlamağa macal belə tapmamışdı. Nəhayət, müəyyən qısa sükutdan sonra tərəflər arasında amansız döyüşlər yenidən vüsət almışdı. Almaniya Xarici İşlər Nazirliyinin analitikləri həmin ssenarinin yenidən başlaması təhlükəsindən ehtiyyat etdiklərini söyləyirlər. Onların sözlərinə görə, bu alman-fransız sülh təşəbbüsünün fiaskoya uğraması demək olacaq.
Ştaynmayer hər iki tərəfi siyasi proseslərdə iştirak etməyə çağıraraq deyib: ”Biz tezliklə bu təhlükəli vəziyyətdən yaxa qurtarmalıyıq. Minsk razılaşması ideal olmaya bilər, amma hər iki tərəf anlamalıdır ki, bu son şansdır”.
Bu gün Parisdə Ukraynanın şərqində yaşanan münaqişə ilə bağlı Rusiya, Ukrayna, Almaniya və Fransanın baş diplomatlarının görüşü keçiriləcək.
Vaqif NƏSİBOV
AzPolitika.info


Şərhlər