Menu

ATƏT və MDİ Anar Məmmədlinin həbsinə etiraz etdi

18.12.2013, 10:32
ATƏT və MDİ Anar Məmmədlinin həbsinə etiraz etdi

"Biz onun həbsi ilə bağlı vəziyyəti yaxından izləyəcəyik"

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, səfir Janez Lenarčič Azərbaycanda tanınmış ictimai fəal, seçki müşahidəçisi Anar Məmmədlinin həbsindən narahatlıq ifadə edən bəyanat yayıb.

Dekabrın 17-də yaydığı bəyantında səfir qeyd edir ki, Anar Məmmədlinin həbsi ilə bağlı öz narahatlıqlarını Azərbaycan hakimiyyətinə də çatdırıblar:

“Seçkilərin ictimai müşahidəsini də təhlükəyə atması baxımından Anar Məmmədlinin həbsi narahatlıq doğurur. Bu müşahidənin mövcudluğu ATƏT-ə üzv olan bütün ölkələr, o cümlədən də Azərbaycanın özü üçün seçki proseslərinin dürüstülüyünün təminatıdır.

Biz onun həbsi ilə bağlı vəziyyəti yaxından izləyəcəyik. Ümid edirik ki, bu məsələ Azərbaycanın insan haqları sahəsində ATƏT qarşısında öhdəliklərinə uyğun şəkildə həll ediləcək.”

ABŞ-ın Milli Demokratiya İnstitutu da Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsinə reaksiya verib: "MDİ Anar Məmmədlinin həbs edilməsindən və Seçkiləri Monitorinq Mərkəzinin, eləcə də Könüllülərin Beynəlxalq Əməkdaşlığı ictimai birliyinin digər üzvlərinə qarşı ittiham irəli sürülməsindən dərin narahatlıq keçirir. Bu qurumlar indiyəcən yerli qanunlar və beynəlxalq öhdəliklərə uyğun olaraq seçkilərin müşahidəsini təşkil etməklə Azərbaycanda demokratiyaya və inkişafa xidmət ediblər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol