Baş nazirin müavini Bülənt Arınc “Camaat”a və onun liderinə sevgisini izhar etdi: “Onlar deyil”, dedi...
Dekabrın 17-si gecə Türkiyəni silkələyən sensasion həbslərlə bağlı son saatda Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bülənt Arınc geniş açıqlama ilə çıxış edib. Müsavat.com-un müxbiri Türkiyə televiziyalarının canlı yayınladığı bu açıqlamanı izləyib. Gərgin və həyacanlı görünən baş nazirin müavini üç nazirin övladının da həbs edildiyi əməliyyatla bağlı deyib ki, Türkiyə qanunlarının və məhkəmənin ədalətinə inanırlar və hesab edirlər ki, AKP hökumətinə birbaşa aidiyyəti olan bu əməliyyatı bəzi dövlət içi gizli güclər təşkil edə bilərdilər. B.Arınc ad çəkməsə də, əməliyyatla bağlı bəzi şübhələrin olduğunu da söyləyib. Məsələn, hökumət sözçüsünün iddiasına görə, xüsusilə daxili işlər naziri Muhəmmər Gülərin oğlunun həbs ediləcəyi ilə bağlı hələ bir neçə ay öncədən sosial şəbəkələrdə məlumatlar yayılıb. Məlumatı yayanların ədliyyə orqanlarından qovulmuş şəxslər olduğunu deyən Arınc əməliyyatın bəzi “çatlar”ından danışıb. Baş nazirin müavini deyib ki, əməliyyatı hazırlayanlar hansısa səbəbdən bu barədə özlərindən yuxarı səlahiyyətli şəxslərə məlumat verməyiblər ki, bu da haqlı şübhələrə yol açır. Arınc “bir şarkıçının eşi” deyərək adını çəkmədiyi Rza Zərrabla bağlı korrupsiya ittihamlarına toxunub. Baş nazir sözçüsünün deməyindən belə anlaşılıb ki, Rza Zərrab AKP məmurlarının oğulları ilə çirkli pulların yuyulmasında iştirak edə bilməzdi. O iddia edib ki, həbs olunan 52 nəfərin bir-biri ilə heç bir təmasları, telefon danışıqları, yazışmaları sübut edəcək fakt yoxdur. Hökumət sözçüsü AKP iqtidarının istefaya gedə biləcəyi ilə bağlı iddialardan da danışıb. Müxalifətin üzərinə yüklənməyən B.Arınc yaxınlaşmaqda olan parlament və bələdiyyə seçkilərinin nəticələrini gözləyəcəklərinə işarə edib.
Baş nazirin müavini siyasi müxalifətə səslənərək onu kəmfürsət olmamağa, medianı isə məhkəmənin hökmü olmadan kimsəni suçlu saymamağa çağırıb.
Sonra o, jurnalistlərin suallarını cavab verib. Övladları saxlanılan nazirlərin vəzifədən götürülüb-götürlməyəciyi ilə bağlı sula cavabda Arınc belə bir qərarın baş nazir Rəcəb Tayyib Ərdoğanın səlahiyyətində olduğunu söyləyib.
O, deyib ki, əgər övladları tutulan nazirlər iddia olunan kimi, cinayətlərə qarışıblarsa, hökumət onları müdafiə etməyəcək: “Onlar deyə bilər ki, bizə müsaidə, bu məsələnin rahat araşdırılması üçün istefa veririk. Lakin hazırda biz onları məsum bilirik, sevirik”. B. Arınc deyib ki, övladları cinayət ittihamları ilə həbs olunan nazirlər istəsələr, istefa verə bilərlər, lakin hələlik bu barədə hökumətdə müzakirə aparılmayıb. B. Arınc jurnalistlərin F. Gülən hərəkatı ilə bağlı suallarına da cavab verib. O deyib ki, hökumətə qarşı bu əməlin arxacında “Camaat”ın (Gülənin “könüllülər hərəkatı” bu cür adlandırılır-Red.) duruduğunu düşünmür. F. Güləni nəzərdə tutaraq, “biz onu çox sevirik, onun Türkiyə və eyitim (təhsil) sevdasından başqa da bir yönünü bilmərik”, deyib. Türkiyə baş nazirinin müavini deyib ki, ortada bir alçaqlıq varsa, onun “Camaat”la əlaqələndirilməsini doğru saymır.
musavat.com


Şərhlər