Menu

Neftin ucuzlaşması bu il 2 milyard dollar ziyan vurub

07.04.2015, 14:49

neftNeft Fondunun 2015-ci ilin 1-ci rübü üzrə büdcə gəlirləri ilə bağlı rəqəmlər açıqlanmasa da, Neft Fonduna çatan mənfəət neftinin həcmi artıq məlumdur. Dövlət Neft Şirkətinin yaydığı aylıq məlumatların təhlili göstərir ki, bu ilin yanvar-mart aylarında Ceyhan limanı vasitəsilə satılan Azərbaycan neftinin 66%-i və ya 4,555 milyon tonu mənfəət nefti olaraq Dövlət Neft Fonduna çatıb.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev özünün «Facebook» səhifəsində məlumat yayıb. İqtisadçının sözlərinə görə, ötən illərin rəqəmləri göstərir ki, Dövlət Neft Fondu Ceyhan limanı vasitəsilə mənfəət neftinin 95%-ni, digər kəmərlər vasitəsilə isə 5%-ni əldə edir. «Bu o deməkdir ki, 2015-in 3 ayında 4.8 milyon ton mənfəət neftindən əldə olunan gəlir Neft Fonduna daxil olub. Nəzərə alsaq ki, ilin birinci rübündə Azərbaycan nefti orta hesabla 55 dollara satılıb və bunun təxminən 8 dolları nəql, bank, gömrük, nəzarət-müşahidə xərcləri olub, deməli Neft Fondunun 3 ay ərzində mənfəət neftindən təxminən 1.6 milyard dollar əldə etməsi gözlənir. Məlumat üçün deyim ki, ötən ilin 1-ci rübündə neftin orta qiyməti 108 dollara yaxın oluğu şəraitdə Fondun neft satışından gəlirləri təxminən 3.7 milyard dollar olmuşdu».

Rəsmi məlumatlara istinad edən R.Ağayev daha sonra yazıb ki, 2014-ün 3 ayına nisbətən bu il Dövlət Neft Fondunun Ceyhan vasitəsilə satılan mənfəət neftinin həcmi təxminən 400 min ton (9%) azalıb. «Bir maraqlı detal da var: ötən ilin 3 ayında Ceyhandan ixrac edilən Azərbaycan neftinin 72%-i mənfəət nefti olaraq Dövlət Neft Fonduna çatmışdı (bu il 66%)».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol