Menu

Bu gün Ağdaban faciəsindən 23 il ötür

08.04.2015, 11:32
Bu gün Ağdaban faciəsindən 23 il ötür

Kəlbəcərin işğalından bir il əvvəl Ermənistan silahlı birləşmələri tərəfindən törədilən Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. SalamNews xəbər verir ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 kilometr şimal-şərqdə yerləşir.

1992-ci il aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək, 130 evdən ibarət kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək, soyqırımı aktı törədib. Bir gecədə səkkiz nəfər 90-100 yaşlı qoca, iki azyaşlı uşaq, yeddi qadın diri-diri odda yandırılıb, iki nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib. Erməni seperatçılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandallığın davamı kimi, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.

Ağdaban qətliamı törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınmağı və ona görə cəzalar” Konvensiyasının müddəalarına uyğundur, beynəlxalq hüquq əsasında soyqırımı aktı kimi tövsiyə etməyə imkan verir və Ağdaban kəndinin dinc əhalisinə qarşı erməni-rus silahlı qüvvələri tərəfindən törədilən bu qırğın soyqırımı cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.

2014-cü il aprelin 2-də Kəlbəcər rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Azərbaycanın Kəlbəcər rayonu ictimaiyyətinin nümayəndələri Kəlbəcər faciəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayıblar. Müraciətdə 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban və Çayqovuşan kəndlərində, 1993-cü ilin aprelində Başlıbel kəndində Ermənistan ordusu tərəfindən törədilən cinayətlərin Azərbaycan xalqına qarşı törədilmiş növbəti soyqırımı aktı olduğu qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol