[caption id="attachment_108528" align="alignleft" width="300"] S.Lavrov Lozannada nüvə danışıqlarında, 30 mart 2015[/caption]
Ötən həftə Lozannada İranla çərçivə nüvə sazişi elan ediləndə, diplomatlardan birinin saxta canfəşanlığını sezməmək mümkün deyildi. «Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Rusiya xarici işlər naziri Sergei Lavrov danışıqların kritik məqamında – martın 30-da Lozannanı tərk etmişdi. Görünür, ABŞ Dövlət katibi John Kerry ona şəxsən zəng edib dilə tutdu ki, qayıtsın.
Rusiya qonşuluğunda nüvə silahlı İran görməkdə maraqlı olmasa da, Vaşinqtonla Tehranın düşmən münasibəti Birləşmiş Ştatları bu regiondan uzaq tuturdu. Rusiya amerikalı və iranlıları bir-birindən uzaq saxlamağa çalışırdı. İrana qabaqcıl havadan müdafiə sistemləri satmaq təkliflərində məqsəd ABŞ-ın İranın nüvə qurğularını bombalama hədələrini əngəlləmək idi.
Rusiyanın nüvə ekspertləri İranın əlavə enerji reaktorları tikmək iştahasını gücləndirirdi. Rusiya bankları İrana kömək edirdi ki, maliyyə sanksiyalarını üstələsin. Rusiyanın planı heç də İranın bomba əldə etməsinə kömək deyildi, sadəcə, Yaxın Şərqdə «tikanlı oyunçu»dan yararlanaraq Birləşmiş Ştatları məcbur edirdi ki, Rusiya milli təhlükəsizlik maraqlarına uyğun məsələlərin müzakirəsinə gəlsin.
Ancaq işlər Rusiya planına uyğun getmədi, ABŞ-la İran nüvə danışıqlarında ilkin razılaşma əldə etdilər və münasibətlərini normallaşdırmaq üzrədirlər. Bu arada Rusiya prezidenti Vladimir Putin bir tərəfdən Avropa cəbhəsində ABŞ-ın rəhbərlik etdiyi alyansa qarşı dayanır, digər tərəfdən ölkəsində iqtisadi böhranı idarə etməyə çalışır. Enerji cəbhəsində də Rusiya üçün yaxşı bir şey gözlənmir.
Bu yay İranın nüvə proqramı üzrə yekun saziş əldə olunsa, bazara İran nefti çıxmağa başlayacaq və neftin qiyməti, eləcə də rus rublu düşməyə başlayacaq. İndiki şəraitdə İran bazara gündə 400-500 min barel neft çıxara bilər. Müəllif yazır ki, İranın enerji sektorunun tədricən bərpası Rusiyanın Avropanı enerji təzyiqi altında saxlamasını çətinləşdirəcək.
«İllər boyu Yaxın Şərq rusiyalılar üçün qızılgül bağçası idi. Xoş ətirli imkanlar Vaşinqtonu danışıqlara şirnikləndirirdi, lazım gələndə də tikanlarla Amerikanı sancırdı. Moskva yenə də region dövlətləri ilə siyasi və iqtisadi zərurətdən silah sazişləri bağlayacaq. Ancaq, məsələn, Misir kimi ölkələr yenə də sonda ABŞ-la münasibətlərə üstünlük verəcək». /"Azadlıq" radiosu


Şərhlər