Menu

Göyçaylılar Taleh Xasməmmədovun azadlığı üçün prezidentə müraciət etdilər

09.04.2015, 19:36
Göyçaylılar Taleh Xasməmmədovun azadlığı üçün prezidentə müraciət etdilər

350 nəfər rayon sakini dövlət başçısından hüquq müdafiəçisinin azadlığa buraxılması üçün göstəriş verməsini xahiş edib

350 nəfər Göyçay sakini həbsdə olan hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədovun azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb.Bu barədə müsavat.coma hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova məlumat verdi. Onun sözlərinə görə rayon sakinlərinin daim hörmətini qazandığı üçün 350 nəfər imza ataraq T.Xasməmmədovun həbsdən buraxılması üçün dövlət başçısına kollektiv müraciət yazıblar: “Taleh çox ağır xəstədir, həbsxana şəraitində astma xəstəliyindən – boğulmadan ölə bilər. O, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alır. 350 nəfərin imzaladığı məktubda da məhz onun səhhətini, ailə vəziyyətini nəzərə alaraq azadlığa buraxılması xahiş edilir. Cənab prezidentdən mətbuat vasitəsi ilə də xahiş edirik ki, Taleh Xasməmmədovun azadlığa buraxılması, heç olmasa barəsində həbslə bağlı olmayan qərar verilməsi üçün müvafiq strukturlara göstəriş versin. Talehi mənim gözümün önündə Zahir adlı bir şəxsin vasitəsi ilə şərləyib tutublar. Həmin adam indiyədək rayonda bir neçə adamın üzünə durub. Taleh ona barmağını da toxundurmayıb. Xuliqanlıq etməyib. Sadəcə, onun hüquq müdafiəçisi kimi fəaliyyəti rayon rəhbərliyinin xoşuna gəlməyib. Taleh sabiq vicdan məhbusudur, cənab prezidentin sərəncamı ilə 2012-ci ildə əfv olunub. Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan adamı yerli məmurlar yenidən həbs etdirib. Qarşıdan Avropa Oyunları gəlir. İstəməzdik ki, Taleh Xasməmmədov həmin vaxta qədər həbsdə olsun, beynəlxalq təşkilatlar bundan ölkəmizə qarşı istifadə etsinlər”.

T.Xasməmmədov fevralın 24-də saxlanılıb. Onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol