Menu

İran, 50 ildən artıqdır nəyə nail olmaq istəyir? - NÜVƏ DOSYESİ

10.04.2015, 09:53
İran, 50 ildən artıqdır nəyə nail olmaq istəyir? - NÜVƏ DOSYESİ

2013-cü il fevralın 12-də «Röyter» Agentliyi belə bir məlumat yaydı ki, tədqiqat reaktoru üçün yanacaq istehsalı məqsədilə İran sərbəst şəkildə uranın zənginləşdirilməsinə (20 faizə qədər) start verir. Hələ də davam edən və bu günlərdə ilkin «barışıq»la nəticələnən qarşıdurma da elə həmin vaxtdan başladı.

Atom energetikasının yaradılması işinə İranda hələ Məhəmməd Rza şah Pəhləvinin vaxtından başlanıb. 1950-ci ildə Tehran universitetində Atom mərkəzi yaradılıb. Atom enerjisindən istifadə sahəsində işlər ABŞ-ın köməyi ilə aparılıb. 1957-cu ildə iki ölkə arasında atom enerjisindən dinc məqsədlərlə istifadə haqqında razılaşma imzalanıb. Həmin razılaşmaya əsasən, ABŞ İrana nüvə qurğuları, uyğun avadanlıqlar verməyi və mütəxəssislərin hazırlanmasını öhdəsinə götürüb.

1958-ci ildə İran atom enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) üzv qəbul olunub, 1963-cü ildə atmosferdə, kosmosda və su altında atom silahının sınaqlarının qadağan olunması haqda Müqaviləni imzalayıb, 1970-ci ildə nüvə silahlarının yayılmaması haqda Müqaviləyə daxil olub. 1974-ci ildə ölkə MAQATE zəmanətləri barədə Müqaviləni imzalayıb və bir sıra Qərb ölkələri ilə əməkdaşlıq əsasında özünün atom sənayesinin inkişaf etdirilməsi planını həyata keçirməyə başlayıb.

Elə həmin dövrdə ölkədə 23 blokluq atom elektrik stansiyasının yaradılması və atom enerjisinin əldə olunması qarşıya məqsəd kimi qoyulub. Bu məqsədlə 1974-cü ildə İran atom enerjisi Təşkilatı yaradılıb. Təşkilatın əsas vəzifəsi ölkəyə nüvə energetikası üçün texnologiyalar ixrac edən xarici şirkətlərlə müqavilələrin bağlanmasından ibarət olub.

1967-1977-ci illər aralığında İranın nüvə energetikasının inkişafı proqramında nəinki ABŞ, həm də Fransa, Böyük Britaniya, İtaliya, Belçika və Almaniya Federativ Respublikası (AFR) yaxından iştirak edib. Bu əməkdaşlıq çərçivəsində gələcək AES-lər üçün avadanlıqların, nüvə yanacağının gətirilməsini və mütəxəssislərin hazırlanmasını nəzərdə tutan bir sıra müqavilələr imzalanıb. Buşəhr və Axvaz şəhərlərində iki AES-nın tikintisini nəzərdə tutan müqavilələr də bu sıradandır. Müqavilədə iştirakı nəzərdə tutulan tərəflərin hazırladığı plana əsasən, proqramın reallaşdırılması və İranın enerji bazasının diversifikasiya olunması işləri 1994-cü ildə başa çatmalı idi. Bu işlərin böyük qismi ölkədə İslam İnqilabının baş verməsi səbəbindən, reallaşmamış qaldı və ya donduruldu. İslam İnqilabının mənəvi lideri ayətulla Xomeyni hakimiyyətə gələn kimi dərhal Buşəhrdə artıq hazır vəziyyətə gətirilmiş atom elektrik stansiyasının (AES) dondurulması qərarını verdi...

1990-cı illərin əvvəllərində İran özünün nüvə proqramının davamına başladı. Bu sahədə təcrübəsi olan bir sıra ölkələrlə əməkdaşlıq əlaqələri yaratmaq cəhdləri göstərən Tehran, yekunda Çin və Rusiyanın üzərində dayandı.

1992-ci ildə İran bu istiqamətdə iki mühüm sənəd imzaladı - atom energetikası üzrə çməkdaşlıq barədə Çinlə, «Nüvə enerjisindən dinc məqsədlərlə istifadə» haqqında razılaşmanı Rusiya ilə.

Ölkə rəhbərliyinin təsdiqlədiyinə görə, İranın bugünkü nüvə proqramı müstəsna olaraq, dinc məqsəd güdür və ölkənin enerjiyə olan tələbatının durmadan artması fonunda, enegetika sektorunun (enerji mənbələrinin) diversifikasiyasına yönəlib.

Bundan əlavə ölkənin nüvə proqamı dövlət və cəmiyyət tərəfindən ümummilli layihə elan olunub və enerji istehlakı sahəsində ölkənin neft amilindən asılılığının azaldılmasını stimullaşdırmaq, eyni zamanda yaxın gələcəkdə nüvə yanacağının başqa ölkələrə ixracına şərait yaratmaq məqsədi daşıyır.

2005-ci ildə İran İslam Respublikası parlamentinin qəbul etdiyi qanuna əsasən, İran hökuməti tam nüvə yanacağı tsiklini inkişaf etdirməli, 25 il ərzində ölkədə 20 min meqavat elektrik enerjisi istehsal etməli, ölkə ərazisində 20 atom enerji bloku tikməlidir.

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün İran mötəbər bazaya malikdir. Mütəxəssislərin fikrincə, tikilmiş və tikilməkdə olan nüvə infrastrukturu obyektlərinin sayı ümumilikdə, 20-yə çatdırıla bilər. Bütün bunlar İran atom enejisi Təşkilatının sərəncamındadır. Milli nüvə proqramı çərçivəsində reallaşdırılan ən iri və məşhur layihələr sırasında nüvə tədqiqatları üzrə Tehran mərkəzini, İsfahandakı nüvə tədqiqatları və yanacaq istehsalı mərkəzini, Natanzədəki uranın zənginləşdirilməsi mərkəzini, Kəracdakı və Yəzddəki atom tədqiqatları mərkəzlərini, «Buşəhr» AES-i, Qum şəhərinin yaxınlığındakı «Fordu» yeraltı zənginləşdirici zavodu önə çəkmək olar.

11 aprel 2006-cı ilə İranın atom enegetikası Təşkilatının rəhbəri Qulamrza Ağazadə İran televiziyasının birbaşa efrinində çıxış edərək bildirdi ki, aprelin 9-da (2006) Natanzədəki nüvə obyektində İran alimləri birinci kaskad sentrifuqada uranın 3,5 faiz səviyyəsində zənginləşdirilməsinə (uran-235 izotopuna hesablanmaqla) nail olublar. Bu isə atom elektrik stansiyalarında eneji istehsal etmək üçün lazım olan azzənginləşdirilmiş uran deməkdir. Bunula da İran digər nüvə dövlətlərindən asılılığa son qoymuş oldu.

Bundan bir ay sonra İran İslam Respublikasının vitse-prezidenti, İran atom enerjisi Təşkilatının rəhbəri Qulamrza Ağazadə yeni bəyanatla çıxış etdi - İran atomçuları uranı 4,8 faizə qədər zənginləşdirməyə nail olublar.

2007-ci il aprelin 9-da, nüvə texnologiyaları üzrə Milli gündə İran uranın sənaye miqyasında zənginləşdirilməsinə başladığını rəsmi bəyan etdi.

2009-cu il sentyabrın sonlarında İran Qum şəhəri yaxınlığında uran zənginləşdirən ikinci zavodun tikintisinə başladığını MAQATE-yə bildirdi. Agentliyin əlində olan məlumatlara görə, bu layihənin reallaşdırılmasına 2002-ci ildə başlanıb, 2004-cü ildə işlər dayandırılıb və 2006-cı ildə yenidən başlanıb.

2009-cu ilin noyabrında məlum olub ki, İran uran zənginləşdirən daha 10 zavodun tikilməsinə qərar verib. Onlardan 5-nin tikintisinə dərhal başlanması nəzərdə tutulub.

9 fevral 2010-cu ildə «Röyter» agentliyi İran televiziyalarına istinadla xəbər verib ki, Tehran əlində olan uranı 20,0 faiz səviyyəsinə qədər zənginləşdirmək istiqamətində işlərə başlayıb. Bu ərəfədə İran bu niyyəti barədə MAQATE-ni məlumatlandırıb.

11 fevral 2010-cu ildə İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, İran 20,0 faiz zənginləşdirilmiş uranın ilk partiyasını istehsal edib və daha yüksək səviyyədə zənginləşdirmək üçün böyük potensiala malikdir.

Uranın 20,0 faiz zənginləşdirilməsi işləri «İranın nüvə dosye»sinin əsas müddəasını təşkil edir.

MAQATE-nin 25 may 2012-ci ildə yaydığı məlumata görə, İranda uranı 20,0 faiz zənginləşdirən 10 min sentrifuqa işə salınıb. İyulda isə prezident Mahmud Əhmədinejad bəyan edib ki, ölkəsi sentrifuqaların sayını 10 faiz artırarq, 10 mindən 11 minə çatdırıb.

2013-cü il yanvarın sonlarında İran Natanzədəki obyektində uran zənginləşdirən müasir sentrifuqaların (İR-2M tipli) sayını gələcəkdə daha da artırmaq planları barədə MAQATE-yə məlumat verib. İran rəhbərliyi dəfələrlə bəyan edib ki, gələcək atom elektrik stansiyalarını yanacaqla təmin etmək üçün 50 min sentrifuqaya ehtiyac var.

12 fevral 2013-cü ildə «Röyter» agentliyi xəbər verib ki, İran Tehrandakı tədqiqat reaktoru üçün 20,0 faiz zənginləşdirilmiş uranın müstəqil istehsalına başladığını bəyan edir.

2003-cü ildən altı ölkə - Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya MAQATE ilə birgə, İranla «nüvə dosyesi» ətrafında danışıqlar aparır. «Altılar» adlandırılan bu «vasitəçi»lər İrandan uranın zənginləşdirilməsi işlərini dayandırmağı tələb edir. Bir neçə gün əvvəl isə bu istiqamətdə "altılar"la İran arasında razılıq əldə olundu.

P.S. Yazı «Ria Novosti» agentliyinin və müstəqil mənbələrin materialları əsasında hazırlanıb.

Çevirdi: Arif Aslan

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol