Menu

Gənclik dostu Abbas Abbasovun müdafiəsinə qalxdı - "...fəaliyyəti gözümün önündə olub"

11.04.2015, 19:05

abbasBaş nazirin sabiq birinci müavini Abbas Abbasovla gənclik illərindən tanış olduğunu, ailəvi dostluq etdiyini deyən Həmidov Akif Məhəmməd oğlu "AzPolitika.info"-ya müraciət edərək, dostuna qarşı kampaniyaya etirazını bildirib. A.Həmidov müraciətində yazır:

"Salam hörmətli redaksiya! Artıq neçənci dəfədir ki, A.Abbasovun müsahibəsini dərc edərək, obyektivliyinizi ortaya qoyursunuz və buna görə kollektivinizə minnətdarlığımı bildirirəm!

Qeyd etmək istəyirəm ki, mən A. Abbasovu gənclik illərindən tanıyıram. Onunla ailəvi dostluq münasibətlərimiz var. Onun keçmişinə qısa ekskurs edərək, deyə bilərəm ki, A. Abbasov əmək fəaliyyətinə fəhləlikdən başlamış, həyatın bütün çətinlikləri ilə üzləşmiş, çox zəhmətkeş və vətənpərvər insandır. Onun Azərbaycanda quşçuluğun inkişafında böyük əməyi olmuşdur.

Abbas müəllimin şəxsi keyfiyyətləri barədə onu deyə bilərəm ki, o, tələbkar ailə başçısı və səmimi dost, səxavətli və təvazökar insandır. O, özü haqqında danışmağı sevmir və Vətəni üçün gördüyü işləri reklam etməkdən çəkinir. Məsələn, Qarabağ savaşının ilk günlərindən o, öz vəsaiti hesabına bu qədim diyarın müdafiəsi üçün xeyli silah-sursat alaraq ora göndərmişdir. Bütün bunlar mənim iştirakımla baş tutmuşdur. Abbas Abbasovun həyat və fəaliyyəti güzgü kimi gözümün önündədir.

Məhz insani və zəhmətkeş keyfiyyətlərinə görə Abbas müəllim Azərbaycanın bütün rəhbərləri ilə birgə işləmişdir. Dünya şöhrətli siyasətçi, mərhum Heydər Əliyev kimi şəxsiyyət AXC hakimiyyətilə də işləmiş Abbas Abbasovu nəinki vəzifədə saxladı, hətta onun vəzifə səlahiyyətlərini artırdı. Ona baş nazirin birinci müavini vəzifəsini verməsi mənim yuxarıda qeyd etdiyim keyfiyyətlərin sübutudur.

Hörmətli redaksiya, xahiş edirəm mənim A. Abbasov haqqındakı bu qısa qeydlərimi dərc edəsiniz.

Hörmətlə,

Azərbaycan Respublikasının vətəndaşı, dövlət qulluğu üzrə təqaüdçü Həmidov Akif Məhəmməd oğlu".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol