Jurnalistin özünün qapalı keçiriləcək prosesdə iştirakı gözlənilir
Dekabrın 23-də 15:30-da Bakı Apelyasiya Məhkəməsində Vüqar Məmmədovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin Səbayel Rayon Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılacaq. Bu haqda “Yeni Müsavat”a jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkil deyib ki, şikayətə baxılarkən müvəkkilinin iştirakının təmin olunması üçün məhkəmə qarşısında məsələ qaldırıblar.
Qeyd edib ki, bir qədər əvvəl məhkəmə nəzarəti qaydasında Səbayel Rayon Məhkəməsinə müraciət edərək P.Həşimli saxlanma yerinin dəyişdirilərək MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyib. Vəkil müvəkkilinin işgəncəyə məruz qaldığını da bildirib: “Pərviz Həşimlinin qeyri-insani rəftara, işgəncəyə məruz qalıb, buna görə də MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyirik. Səbayel rayon Məhkəməsində mən Pərviz Həşimlinin məruz qaldığı işgəncələrlə bağlı qeydlərimizin MTN-in istintaq təcridxanasından gətirilməsi, o vaxtadək prosesin təxirə salınması məsələsini qaldırdım, amma hakim Zaur Əliyev bunu təmin etmədi. Mən müdafiə hüququnun pozulmasına etiraz olaraq məhkəmə zalını tərk etdim. Sonra hakim Pərviz Həşimlini də məhkəmə zalından çıxardı. Bizsiz - vəkilsiz və müttəhimsiz davam edən məhkəmə Pərviz Həşimlinin Bakı İstintaq Təcridxanasına köçürülməsi haqda vəsatətin təmin olunmaması ilə başa çatdı”. Bundan əvvəl isə P.Həşimlinin vəkillərindən biri olan Yalçın İmanov bildirib ki, müvəkkili MTN tərəfindən təhdid olunur: “Pərvizə bildiriblər ki, o vəkillərdən imtina et, onsuz da onların sənə bir xeyri yoxdur, sənin vəkillərini məhkəmələrdə hakimlər də xoşlamırlar, onları burax getsin, biz sənə yaxşı bir vəkil verərik, işini düzüb-qoşar. Pərviz isə bu təklifdən imtina edib”.
P.Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı - 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.


Şərhlər