Dünyanın ən vacib neft ixracı yollarından biri olan Hörmüz boğazının tankerlər üçün bağlanması halında neftin qiymətlərinin qalxacağı bildirilir.
Mütəxəssislər, İranın, su sərhədləri üzərindən Hörmüz boğazını keçən Marşal Adalarının “MV Maersk Tigris” adlı gəmisinə atəş açmasının ardından, Hörmüz boğazının qlobal neft təklifi təhlükəsizliyi və qlobal neft qiymətləri baxımından əhəmiyyətini qiymətləndiriblər.
Hollandiyanın Tətbiqi Elmi-tədqiqat Təşkilatının (TNO) Mütəxəssisi Cyril Widdershoven, ötən il gündəlik orta hesabla 18,5 milyon barrellə dünyanın ən çox xam neftinin keçdiyi Hörmüz Boğazının bağlanması vəziyyətində, qısa dövrdə neftin barrelinin qiymətinin 15 -25 dollar arasında yüksələcəyini söyləyib.
O, mümkün böhran vəziyyətinin Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, İraq və İran kimi ölkələrin xam neft ixracının həcmlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcəyinə diqqəti çəkərək, Asiya, Avropa və ABŞ-a xam neft nəqlinin iflasa uğrayacağını vurğulayıb.
Yəməndəki böhran səbəbilə regionda İran və ABŞ-a məxsus döyüş gəmilərinin artdığını bildirən Cyril, bir münaqişənin bölgədəki xam neft ixracınin təhlükəsizliyini təhdid edəcəyini qeyd edib.
ABŞ-ın Hyuston Universitetinin İqtisadçısı Professor Doktor Ed Hirs də, dünyada gündəlik orta hesabla xam neftin 20%-nin keçdiyi Hörmüz boğazının bağlanması vəziyyətində uzun perspektivdə neft qiymətlərinin barrelinin 200 dollara qədər yüksələcəyini proqnozlaşdırıb. Hirs, Yəmənin cənub-qərbində yerləşən və Qırmızı dəniz ilə Ədən Körfəzini bir-birinə bağlayan Babülməndəb boğazından isə ötən il gündəlik orta hesabla 4,7 milyon barelə yaxın xam neft keçdiyini qeyd edib.
HÖRMÜZ BOĞAZINDAKI GƏRGİNLİK İRANI DA VURAR
Haaqa Strateji Araşdırmalar Mərkəzinin Enerji Təhlükəsizliyi və Təbii Sərvətlər Mütəxəssisi Sijbren de Jong isə İranın Hörmüz Boğazında təzyiqi artırmasının öz maraqlarına əks olacağını bildirib. Qərb ölkələrinin sanksiyaları səbəbindən İranın neft ixracının son 2 ildə gündəlik orta hesabla 2,5 milyon barreldən 1,1 milyon barrelə düşdüyünü xatırladan de Jong, Hörmüz Boğazında hər hansı bir gərginliyin İranın neft ixracını daha da təhlükəyə salacağını vurğulayıb.
İran ilə BƏƏ arasında olan və Fars Körfəzi ilə Oman Körfəzini bir-birinə bağlayan Hörmüz boğazından keçən 18,5 milyon brellik xam neft, gündəlik orta hesabla 94,5 milyon barellik dünya neft təminatının təxminən 20%-ni təşkil edir. /"Marja"


Şərhlər