Menu

Rusiya İsraildən kənd təsərrüfatı məhsullarının idxalını artırıb...

01.05.2015, 10:58
Rusiya İsraildən kənd təsərrüfatı məhsullarının idxalını artırıb...

Balaca ölkə nəhəngi yedizdirir!

İsrailin statistikasına görə, Rusiya Avropa ittifaqından sonra İsrail üçün ikinci böyük kənd təsərrüfatı məhsulları bazardır. Son 10 il ərzində - 2003-cü ildən 2013-cü ilə qədər - İsraildən Rusiyaya bu məhsulların ixracı pul ifadəsi ilə 8 dəfə artıb. Rublun məzənnəsinin düşməsi fonunda da Rusiya İsraildən kənd təsərrüfatı məhsullarının satın alınmasını artırmaqda davam edib (Ria Novosti).

Ukrayna hadisələrinə münasibətdə İsrail neytral mövqe sərgiləyir və Rusiyaya qarşı sanksiya tətbiq etməyib. Rusiya da öz növbəsində, İsraili ərzaq məhsullarının (meyvə, tərəvəz, süd, ət, balıq və onların emalı məhsulları) idxalını dayandırdığı ölkələr siyahısına daxil etməyib.

Təl-Əvivdə keçirilən aqrar-sənaye sərgisində iştirak edən Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Andrey Volkov bu barədə deyib: «Ötən il üçün əmtəə dövriyyəsi artımı göstəricisi 4,0 faizdən çox olub. Kənd təsərrüfatı məhsullarının ticarət həcmi 658,5 milyon ABŞ dollar təşkil edib. 2014-cü ildə İsraildən idxal olunan kənd təsərrüfatı məhsullarının həcmi 444 milyon dolları aşıb ki, bu da 2013-cü ilin göstəricsindən 2,6 faiz çoxdur...»

Nazir müavini «Ria Novosti»-yə deyib ki, ticarət üzrə müsbət dinamika cari ilin ilk rübündə də müşahidə olunub: «Artım hardasa, 2-3 faiz civarında olub. Bu, çox yaxşıdır. Milli valyutamızın sabitləşmə meylləri idxal ahənginin artmasına səbəb olur. Aramızda qarşılıqlı əmtəə mübadiləsi var. İsrail bizdən buğda, dənli-paxlalı məhsullar, günəbaxan yağı alır. Biz isə İsraildən tərəvəz, meyvə və s. alırıq. Bütün bunlar kifayət qədər dinamikdir...»

Xəbər verilir ki, səfər çərçivəsində Volkov İsrailin kənd təsərrüfatı naziri Yair Şamir ilə görüşüb və onunla ikitərəfli ticarətin inkişafı istiqamətində mövcud olan maneələrin arpadın qaldırılması, o cümlədən, Rusiyaya məhsul göndərən yerli şirkətlərin reyestrinin genişləndirilməsi məsələlərini müzakirə edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol