Menu

“Statoil” “Şahdəniz”dəki payının satdı

01.05.2015, 11:42
“Statoil” “Şahdəniz”dəki payının satdı

Cümə axşamı Norveçin “Statoil” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” yatağının işlənməsi layihəsindəki 15,5% payının Malayziyanın “Petronas” şirkətinə satışına dair sövdələşməni başa çatdırıb. Bu barədə “Statoil” şirkətinin rəsmi saytında məlumat verilir.

Xəbər verildiyi kimi, 13 oktyabr 2014-cü il tarixində “Statoil” “Petronas” şirkəti ilə 2,25 mlrd. dolar dəyərində sövdələşmənin bağlanması barədə elan edib. “Statoil”, həmçinin Cənub Qaz Dəhlizi (South Caucasus Pipeline Company, SCPC) layihəsindəki 15,5% payını və AGSC (Azerbaijan Gas Supply Company) şirkətindəki 12,4% payını da “Petronas” şirkətinə satıb.

“Statoil” şirkətinin “Şahdəniz” layihəsindəki payının satışı şirkətin portfelini optimallaşdırmağa, sənaye inkişafına və fəal artıma daha çox diqqət ayırmaq üçün maliyyə çevikliyini gücləndirməyə imkan verəcək.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Uzunluğu 690 km olan Cənubi Qafqaz Boru Kəməri magistralı (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin operatoru “BP-Azerbaijan” şirkətidir.

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Türkiyə və Avropaya ildə 16 mlrd. kubmetr qazın nəqlinin təmin edilməsi üçün boru kəmərinin ötürmə qabiliyyətinin (hazırda 8 mlrd. kubmetr - İF-Az) genişləndirilməsini nəzərdə tutur. Genişləndirmədən sonra boru kəmərinin ötürümə qabiliyyəti ildə 25 mlrd. kubmetrə çatacaq. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol