Onlar Avropada artan gərginliyə operativ reaksiya verəcəklər
Rusiya Müdafiə Nazirliyi və NATO komandanlığı Avropada artan gərginliyə ikitərəfli şəkildə yeni yaratdıqları "qaynar əlaqə xətti" ilə operativ reaksiya vermək niyyətindədir. Anspress-in məlumatına görə, bu barədə Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzeti yazıb.
Bildirilir ki, Rusiya Müdafiə Nazirliyi ilə Şimali Atlantika hərbi blokunun "əlaqə xətti" artan gərginlik şəraitində yaranan sualların hərbi komandanlıqlar vasitəsilə təxirəsalınmadan həllinə kömək göstərəcək. Bu, Soyuq müharibədən sonra ilk addımdır.
Hərbi İttifaqın qərargahından verilən xəbərdə deyilir: "NATO və Rusiya hərbi komandanlıq bu addımı dəstəkləyir. Bu razılıq NATO-nun Avropadakı Hərbi komandanı Rusiyadan olan həmkarı ilə apardığı danışıqlarda əldə olunub. "Qaynar xətt" haqqında informasiyanın təfərrüatları barədə heç nə demək istəmirik. Çünki, bu əməliyyat "məxfi" aparılır və əlaqə üçün konkret nömrələr Rusiya tərəfinə verilib."
Qəzet yazır ki, əlaqə xəttinin yaradılmasının təşəbbüskarı Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerə aiddir. Ukrayna münaqişəsinə görə dünyada gərginliyin artması ilə əlaqədar alman xarici siyasət idarəsinin başçısı təklif edib ki, böhranlı vəziyyət yaranan zaman Rusiya və NATO məsələni qaydaya salsın.
Xatırladaq ki, bu cür əlaqə 1962-ci ildə Karib böhranından sonra SSRİ-nin və ABŞ-ın hərbi rəhbərliyi arasında qüvvədə olub. O zaman bu, "qırmızı telefon" adlanırdı.


Şərhlər