Bakıda öz günahı ucbatından qəzaya düşən sürücü hirsini maşından çıxıb. Avtosfer.az-ın təqdim etdiyi və hadisə anını əks etdirən videodan məlum olur ki, maşınların arasında təhlükəli manevrlər edərək, birini sağdan, birini soldan ötən, «sağ-sol» etməyi sevən sürücü bir andaca qəzaya düşüb.
Yolun bağlı olduğunu göstərən nişanların quraşdırılmasına, sayrışan xəbərdarlıq işarələrinin qoyulmasına baxmayaraq sürücü avtoxuliqanlıq edir, soldan sağa təhlükəli manevr edərək digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradır. Yaxşı ki, qəzaya başqaları yox, elə o özü düşür. Çünki sıxlıq olan yolda maşını bu cür sürənin axırı qəza ilə bitməli idi.
Hadisənin özü kimi, sonrası da maraqlıdır. Qəzadan sonra maşından sağ-salamat yerə düşən sürücü ya keçirdiyi stresdən, ya da əsəbdən maşını «döyməyə» başlayır. O, hirsini soyutmaq üçün avtomobilə təpik və yumruq zərbələri endirir. Hadisə yerinə gələnlər isə onu sakitləşdirməyə çalışır.


Şərhlər