Xəbər verildiyi kimi, 1-3 may tarixlərində Gürücüstanın paytaxtı Tiflis şəhərində keçirilən karatenin şotokan növü üzrə 6-cı Açıq Dünya Çempionatında Azərbaycan və Ermənistan idmançıları arasında kütləvi dava düşüb. Dünya Şotokan-Karate Birliyinin prezidenti Renat Əliyevin verdiyi məlumata görə, insident idmançımız Turqut Həsənovun qalibiyyətindən sonra baş verib. İdmançımızın qələbəsini həzm edə bilməyən ermənilər meydançaya giriblər. Komandamızın üzvləri erməniləri geri oturdaraq meydandan qovublar.
Ermənistan Karate federasiyasının nümayəndəsi David Sərdaryan isə bildirib ki, azərbaycanlı idmançılarla dalaşan erməni idmançılar olmayıb.
AzPolitika.info dəqiqləşdirib ki, mayın 2-də qeydə alınan davanın səbəbkarı Gürcüstanın Cavaxetiya bölgəsindən yarışa qatılan erməni komandasının məşqçi köməkçisi olub. Belə ki, idmançımız Turqut Həsənov erməni rəqibinə qalib gəldikdən sonra onun əsəbləri dözməyib və bizim azyaşlı kareteçimizin başının arxasından vuraraq onu itələyib. İdmançılarımız onun bu hərəkətinə sərt reaksiya verdikdən sonra kütləvi dava düşüb. Erməni nümayəndə heyəti zaldan qovulub. Hadisənin iştirakçısı olan mənbə idmançılardan biri AzPolitika.info-ya bildirib ki, bundan sonra Gürcüstan çevik polisi idman yarışının keçirildiyi arenaya yeridilib və arena kobud müdaxilə ilə boşaldılıb. Sonrakı yarış günündə isə azərbaycanlı və erməni azarkeşlər arenaya buraxılmayıblar.
Azərbaycanlı-erməni davasının kölgəsində qalan idman yarışında isə idmançılarımız parlaq qələbələr qazanıblar. Belə ki, tanınmış karate ustası Yavər Hüseynovun yetirmələri olan “Sərhədçi” İdman-Olimpia Mərkəzinin karate komandası dünyanın 51 ölkəsini təmsil edən 200-dən artıq cəmiyyət və klubların arasında birinci yeri tutub. Belə ki, “Sərhədçi”ni təmsil edən Həsən Hüseynov (6-7 yaş), Cəfərli Tural (6-7 yaş), Cavadzadə Elvin ((6-7 yaş), Nuriyev Tamerlan (8-9 yaş), Əhmədov Əli ((8-9 yaş), Cəfərli Rumil (8-9 yaş) komanda kumitedə, Cavadzadə Elvin (8-9 yaş) və Nuriyev Tamerlan isə şəxsi kumitedə 1-ci yeri tutublar. Bu idmançılar həlledici görüşlərdə məhz erməni rəqiblərinə qalib gəliblər.
Yavər Hüseynovun yetirmələrinin bu yarışda 200 komanda arasında 1-ci yerə layiq görülməsi isə təsadüfi olmayıb. “Sərhədçi” İdman-Olimpia Mərkəzinin karate komandası buna qədər də beynəlxalq yarışlarda böyük uğurlar əldə etməyə nail olub. Elə elə bu yaxınlarda - aprelin 2-də “Sərhədçi” İdman-Olimpiya Mərkəzinin Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Karate-do Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikası Milli Karate Federasiyası ilə birgə təşkil etdiyi uşaq, yeniyetmə və gənclər arasında karate üzrə birinci açıq respublika çempionatının qalibi də Yavər Hüseynovun yetirmələri olmuşdular. Karateçilərimizin bu uğurları Birinci Avropa Oyunlarında güclərini sınayacaq azərbaycanlı karateçilər üçün əlavə stimul ola bilər.




V.Nəsibov


Şərhlər