Bu gecə Cəlilabad rayonunda yanğın baş verib. Rayon mərkəzində yerləşən 126 m2-lik “Şans” geyim mağazasının 35m2-lik hissəsi yanıb. Mağazanın sahibi Sədaqət Əliyeva fins.az-a bildirib ki, yanğın nəticəsində ona xeyli ziyan dəyib. Zərərçəkmişin sözlərinə görə, bir neçə gün bundan əvvəl Türkiyədən gətirdiyi geyim malları, eləcə də mağazada olan avadanlıqlar, soyuducu, divan, kondisioner, televizor, kassada olan 2780 manat pul, 7 min manatlıq nisyə dəftəri yanıb. Ümumilikdə dəymiş zərərinin məbləği 50 min manata yaxındır. Yanğının səbəbi hələ ki, məlum deyil.
S.Əliyeva mağazasının sığortalı olduğunu bildirib. Onun sözlərinə görə, obyekt həm icbari, həm də könüllü qaydada sığortalanıb. Belə ki, “Şans” “Bank Respublika”da kredit götürmək məqsədilə girov qoyulduğundan bankın tələbi ilə 19 min manat məbləğində sığorta edilib. Amma xanım sahibkar sığorta şirkətini adını xatırlamır. O, bu məsələni dəqiqləşdirdikdən sonra sığorta ödənişi almaq üçün müraciət edəcəyini bildirib.


Şərhlər