Mühacir jurnalist “Ocaq” başqanlığından istefa verdi
İsveçrədə yaşayan mühacir jurnalist Elbəyi Həsənli müsavat.com-a bəyanat yollayıb. Həmin bəyanatda qeyd olunur ki, o, İsveçrədəki mühacirlərin az öncə qurduqları “Ocaq” Mədəniyyət Mərkəzinin başqanlığından istefa verir. Buna səbəb kimi isə son vaxtlar barəsində səslənən “əsilsiz ittihamları və Müsavat Partiyası rəhbərliyinin “Ocaq” təşkilatına daxil olan müsavatçıları seçim etmək qarşısında qoymalarını göstərərək, əsas səbəb kimi isə başqa bir faktoru qeyd edir: “Son vaxtlar haqqımda ciddi və heç bir əsası olmayan, üstəlik şantaj və təhqir elementləri ilə aqressiv bir kampaniya aparılır. Üstəlik, iddia olunur ki, guya mən Azərbaycan hakimiyyətinə yaxınam və mənim hazırkı siyasi mövqe və davranışlarım Bakıdan idarə olunur. Təəssüf ki, hazırda özünü Müsavat Partiyasının rəhbərləri və funksionerləri elan edən bəzi adamlar mənimlə bağlı qaralama kampaniyası ilə kifayətlənməmiş, İsveçrədə yaşayan müsavatçılara da təzyiqlərə başlamışlar. Rəhbərliyinə seçildiyim “Ocaq” təşkilatına üzv olan mühacir müsavatçılara Bakıdan zəng edərək, onlardan seçim etmələri tələb olunur. Paralel olaraq, bir kültür dərnəyi olan “Ocaq” təşkilatı haqda da qarayaxma kampaniyası aparılır. Demokratiyanın əlifbasına zidd olan bu addımlarla da kifayətlənməyən Müsavatın Bakıdakı funksionerləri artıq belə bir hədə - qorxu gəlirlər ki, “Ocaq” üzvü olan və hələ siyasi sığınacaq almammış müsavatçılar seçim edərək, Elbəyi Həsənlidən uzaqlaşmasalar, onlar barədə İsveçrənin Bakıdakı səfirliyinə müraciət olunacaq. Tamamilə qeyri-insani, qeyri demokratik olan bu çağırış və təhdidlər burada onsuz da vəziyyəti ağır olan qaçqın müsavat ailələrini dəhşətli şəkildə qorxudur. Belə bir addım atılsa, gerçəkdən də məhz mənə görə bir neçə müsavatçı ailənin İsveçrədə oturum alması təhlükəyə düşəcək və insanlar bədbəxt olacaqlar.

Elbəyi Həsənlinin bəyanatındakı üslub sərt, ifadələr isə kəskin , bəzi hallarda təhqiramizdir. Buna görə də müəyyən ixtisarlara və redaktələrə məruz qalıb.


Şərhlər