"250 ailənin təxminən 1500 vətəndaşı Cahangir Alışov tərəfindən dolandırılaraq, 9 ildir ki, kirayədə yaşamaq məcburiyyətinə düçar olunub"
Yasamal rayonu, Yeni Yasamal-2 massivi, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanında yerləşən və 9 ildir tikintisi tamamlanmayan binanın sakinləri "AzPolitika.info"ya müraciət ediblər. Saytımız vasitəsilə səslərini ölkə rəbərliyinə, səlahiyyətli qurumlara çatdırmaq istəyən 250 ailə, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativini onların pullarını məninsəməkdə ittiham edir. Həmin müraciəti qısa ixtisarla dərc edirik:
"Hörmətli redaksiya!
Sizə bildiririk ki, “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsində inşa edilmiş çoxmənzilli, iki bloklu, 16 mərtəbəli yaşayış binasının tikintisi 2006-cı ildə başlamışdır. Müqavilədə göstərildiyi kimi, biz vətəndaşlara MTK rəhbərliyi Cahangir Alışov tərəfindən söz verilmişdir ki, iki ilə binanin tikintisi başa çatdırılacaq və mənzillər vətəndaşlara təhvil veriləcəkdir.
Binanın inşasına başlanmasından 9 il keçməsinə baxmayaraq, adıçəkilən binanın tikintisi başa çatdırılmamışdır. “Yeni Yasamal” MTK sədri Cahangir Alışov və digər vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində 250 ailənin ümumi məbləği təxminən 8 milyon manat olan pulu binanın inşasına xərclənməyib.
“Yeni Yasamal” MTK rəhbərliyi bina sakinləri qarşısında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi 7 (yeddi) ildir ki, yerinə yetirmir. Biz aldığımız mənzillərin pulunu tam şəkildə ödəmişik və heç bir borcumuz yoxdur. Binada isə yarımçıq qalmş kommunikasiya işləri başa çatdırılmamışdır. Biz vətəndaşlar evlərimizi satmış, qohum-əqrəbadan borc pul almış, müxtəlif banklardan kredit götürərək adıçəkilən tikinti şirkətinə ödəmişik. Nəticədə aldandığımızı başa düşüb pis vəziyyətdə qalmışıq. Belə ki, 250 ailənin təxminən 1500 vətəndaşı C.Alışov tərəfindən dolandırılaraq, 9 ildir ki, kirayədə yaşamaq məcburiyyətinə düçar olunmuşuq.
“

Dəfələrlə tikinti şirkətinin rəhbərliyinə müraciət etsək də, bizə adıçəkilən binanın tikintisinin hansı səbəbdən “Yeni Yasamal” MTK tərəfindən başa çatdırılmaması barədə heç bir əsaslı səbəb göstərilərək məlumat verilmir. Lakin müəyyən danışıqlardan adıçəkilən binanın təxminən 15 mənzili qanunsuz olaraq təkrar başqa şəxslərə satdığı barədə söz-söhbətlər mövcuddur. Ola bilsin ki, bu səbəbdən binanın tikintisinin 95% tamamlansa da, “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışov binanı təhvil vermək istəmir. Vaxt qazanaraq əməllərini ört-basdır etmək istəyir.
Binadakı bəzi mənzillər vətəndaşlar tərəfindən təmir olunub, bəzi mənzillərə qapılar qoyulub, bəzilərinə isə mənzil sahibləri tərəfindən qapı qoymağa “Yeni Yasamal” MTK-nın rəhbərliyi tərəfindən icazə verilmir. Bu isə bizdə daha böyük narahatçılıq yaradır.
Əlavə olaraq bildiririk ki, “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışov Abşeron rayonu, Xırdalan şəhərində Qafqaz universitetinə yaxın ərazidə torpaq sahəsi alıb, yeni çoxmərtəbəli binanın tikintisinə başlamaq istəyir. Bir binanı yarımçıq qoyub, orada vətəndaşları aldadaraq, digər binanın tikintisinə başlaması C.Alışov tərəfindən çox böyük ədalətsizlik edilərək, insanların konstitusion hüquqlarını pozmasıdır.
“Yeni Yasamal” MTK-nın vəzifəli şəxsləri tərəfindən aldadılmış vətəndaşların pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməsi, müvafiq qaydada araşdırma aparılması, bu aldadılmış insanların hüquqlarının bərpa edilməsi üçün Bakı Şəhər İcra hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Ombudsman və hüquq-mühafizə orqanlarına müraciətimiz nəticəsiz olmuşdur.
Binanın gələcək sakinləri arasında alimlər, jurnalistlər, həkimlər, müəllimlər, torpaqlarımız uğrunda vuruşaraq sağlamlığını itirmiş müharibə veteranları, özəl sektorda işləyənlər, sadə zəhmət adamları və evlənmək üçün 7 ildir mənzil gözləyən gənclər var. Bir çox işbazlar vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün illərlə yığdığı pulları sakinlərin etibarından sui-stifadə edərək mənimsəyirlər.
Biz mətbuatın gücünə inanırıq və sakinlər adından bəri başdan minnətdarlığımızı bildiririk."
Qeyd edək ki, "Yeni Yasamal MTK" tərəfindən aldadılmış vətəndaşların sabah- mayın 31-də 11.00-da Yasamal rayonu, Yeni Yasamal-2 massivi, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanında "ƏDALƏT MÜLKÜN TƏMƏLİDİR" şüarı altında aksiya keçirəcəkləri bəyan olunub.
Binanın həyətində olacaq tədbirə 250 ailənin üzvləri, qohumları, dostları, televiziya və internet xəbər saytlərı dəvət olunub.
V.NƏSİBOV
AzPolitika.info
P.S. Yazıda göstərilənlərlə bağlı tikinti şirkətinin rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.

Şərhlər