Menu

"İnkişaf yolumuz Bakıdan keçir" - Abaşidze

01.06.2015, 15:32
"İnkişaf yolumuz Bakıdan keçir" - Abaşidze

Gürcüstan və Rusiya Bakı vasitəsilə yüklərin daşınma həcmini artırmağa hazırlaşır

Gürcüstan və Rusiya dəmir yolu ilə yüklərin daşınmalarının həcmini Azərbaycan vasitəsilə artırmağa hazırlaşır. Bu barədə Gürcüstanın "Rezonans" qəzetində dərc olunmuş "Tiflis-Bakı-Moskva qatarı" adlı məqalədə yazılıb. Anspress-in məlumatına görə, məqalədə deyilir ki, bu məsələ Gürcüstan baş nazirinin Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasinin növbəti görüşündə baxılacaq.

Z.Abaşidze bildirib ki, iyunun sonuna nəzərdə tutulmuş görüş genişləndirilmiş formatda keçəcək və hər iki ölkənin İqtisadiyyat nazirliklərinin nümayəndələri iştirak edəcəklər: "Lap əvvəldən dialoqda Xarici İşlər Nazirliklərinin nümayəndələri də iştirak edirdilər, amma indi İqtisadiyyat nazirliklərinin nümayəndələri də qoşulacaqlar. Bu, daha məntiqli qərardır, çünki biz ticarət-iqtisadi münasibətlər haqqında söhbət aparacağıq."

Onun sözlərinə görə, əvvəllər Gürcüstan dəmir yolu üzrə yüklərin tranzit daşınmalarını Rusiya şirkətləri həyata keçirirdi. Bunun üçün Bakı-Tiflis və Bakı-Moskva reyslərindən istifadə olunurdu. Amma indi söhbət daşınma həcminin artırılmasından gedir.

O, Abxaziya dəmir yolu ilə bağlı da fikri bildirib: "Abxaziya dəmir yoluna gəlincə, bu məsələ bizim danışıq formatımızda deyil. Rusiya tərəfi deyir ki, Gürcüstan bu məsələdə Abxaziya və Ermənistan ilə danışıqlar aparmalıdır. Bu düstur bizim üçün tamamilə anlaşılan deyil. Ona görə biz bu mövzu ilə bağlı danışıq aparmırıq. Bizim və rusların inkişaf yolu mütləq Bakıdan keçir."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol