Dünyadakı ticarətin 80%-i ABŞ dolları vasitəsilə həyata keçirilir!

Superdövlət, kifayət qədər hərbi, siyasi və iqtisadi gücə malik olmalıdır ki, dünyanın digər ölkələri bütün bu sahələr üzrə ondan nümunə götürməyə çalışsınlar. Ekspertlər Çini növbəti super güc adlandırmaqda tələskənliyə yol verirlər. Elə amerikanların özləri də çox vaxt bu cür düşünürlər.

Amerikanın çökməsi barəsində fikirlər hədsiz dərəcədə şişirdilib. Əsas baza kateqoriyalarında ABŞ, öz aparıcı mövqeyini yaxın gələcəkdə də saxlayacaq. “TİME” jurnalının təqdim etdiyi aşağıdakı faktlar, Amerikanın nəyə görə yeganə superdövlət olduğunu və nəyə görə bu mövqeyin yaxın zamanlarda da dəyişməyəcəyini göstərir.

1. İQTİSADİYYAT

Son illər Çin iqtisadiyyatı sürətlə böyüyür. Lakin iqtisadiyyat üçün onun təkcə ölçüsü deyil, keyfiyyəti daha vacibdir. Dünya Bankının məlumatına görə, 2013-cü ildə ABŞ-da adam başına düşən gəlir 53 min dollar təşkil etdiyi halda, bu göstərici Çində 6807 dollara bərabər olub. Başqa sözlə desək, çox yaxşı təsir bağışlayan iqtisadi böyümədən gələn gəlirin əksər hissəsi Çin istehlakçılarının cibinə gedib çatmır. Sözsüz ki, Çinin iqtisadi böyüməsi və inkişaf tempi yüksəkdir, amma məhz Ameika iqtisadiyyatının böyüməsi və inkişafına müvafiq sürətdə, onun vətəndaşlarının rifahı yüksəlməyə doğru gedir. Hazırda ABŞ iqtisadiyyatı qlobal maliyyə sisteminin əsas bazası olaraq qalmaqdadır və dünyadakı ticarətin 80%-i ABŞ dolları vasitəsilə həyata keçirilir. Bu isə dünyanın Amerikan valyutasına olan etibarının göstəricisidir. Deməli, dolların üstünlüyü uzun müddət sürdükcə, Amerika iqtisadiyyatı da öz lider mövqeyini qoruyub saxlayacaq.

2. HƏRBİ GÜC

Amerikanın hərbi qüdrəti barəsində kimsə mübahisə edə bilməz. Dünyadakı bütün hərbi xərclərə çəkilən ümumi məbləğin 37%-i ABŞ-ın payına düşür. Bu məsələdə ikinci yerdə gələn Çin Amerikadan 4 dəfə az müdafiə büdcəsinə malikdir. ABŞ hərbi baxımdan quruda, dənizdə, havada və həm də kosmosda tam üstünlük əldə edib. Amerikanın Yaxın Şərqdə “gözünün altından yumruq yeməsinə” baxmayaraq, İrak və Əfqanıstandakı hadisələr onların hərbi gücünün tənəzzülə uğraması deyil, müharibə xarakterinin dəyişikliiyə məruz qalması ilə izah olunmalıdır.

Terroristlər və partizan qrupları öz formalaşma xüsusiyyətlərinə görə requlyar hərbi güclərə problemlər yaradırlar. ABŞ ümumi yükunda belə birləşmələrə lazımı cavab verilməsi üçün daha kiçik miqyaslı hərbi əməliyyatlar həyata keçirməyi öyrənməlidir.

3. SİYASİ TƏSİR

Siyasi hakimiyyət çoxşaxəli formada reallaşdırılır. ABŞ-ın xarici ölkələrə yardım göstərməsi, qlobal miqyasda onun öz təsirini möhkəmləndirməsi yolunda, ən effektiv vasitə hesab edilir. 2013-cü ildə ABŞ xarici ölkələrə göstərdiyi maliyyə yardımlarına 32,7 milyard dollar ayırmışdı. Bu sahədə ikinci yerdə 19 milyard dollarla Böyük Britaniya gəlir. Ümumiyyətlə isə, mürəkkəb siyasi əməkdaşlıq istiqamətindəki çətin problemləri pul vasitəsilə həll etmək asanlaşır.

Xaricdə siyasi güc əldə etməmişdən öncə, öz evində sabitlik yaratmalısan. Hal-hazırda fəaliyyətdə olan ən köhnə milli konstitusiyaya sahib olan ölkə, məhz ABŞ-dır. Digər tərəfdən isə həmin konstitusiyanı qanunun alılıyi və dayanıqlı ictimai-siyası institutlar müşayiət edir. Əlbəttə, bu konstitusiya tam mükəmməlikdən uzaqdır, lakin bu sənəd ABŞ-ın qurucu baniləri tərəfindən yaradılıb və öz xalqı ilə birlikdə inkişaf edib. Dünyadakı əksər insanlar ABŞ-ı yeni həyata başlamaq üçün ən ideal ölkə sayır. Beləki, ABŞ-da yaşayan 45 milyon nəfər xaricdə doğulub. Göründüyü kimi onlar yaxşı həyat və karyera üçün ABŞ-ı seçiblər.

4. İNNOVASİYA

Dünyanın ən iri 9 texnoloji şirkətinin səkkizi Amerika Birləşmiş Ştatlarında yerləşir. Texnoloji sektorun artan əhəmiyyəti mütləq nəzərə alınmalıdır. On illiklər ərzində Amerikanı enerji asılılığı narahat edirdi, lakin bu gün, artıq ABŞ neft və qaz çıxarılmasına görə dünyada öndə gələn bir ölkədir. Onlar buna dövlət proqramı əsasında aparılan araşdırmalar hesabına yeni texnoloji üsullarla şist yataqlarından enerji resursları əldə etməklə nail olublar.

Amerikanın araşdırma universitetləri və elmi təşkilatları müasir dövrün tələblərinə cavab verdikləri üçün, bu ölkənin vətəndaşları öz ixtiraçılıq qabiliyyət və imkanlarını lazımı qaydada həyata keçirməyə müvəffəq ola bilirlər. Amerika digər ölkələrlə müqayisədəki üstünlüyünü və toxunulmazlığını qorumaq məqsədilə innovasiya sahəsinə xeyli pul ayırır. Dünyada elmi tədqiqat işlərinə ayrılan vəsaitin 30%-i Amerikanın payına düşür.

5. MƏDƏNİYYƏT VƏ HƏYAT TƏRZİ

Amerika əyləncəyə dünyada ən çox pul xərcləyən ölkədir. Bununla yanaşı, “Charites Aid Foundation”-un məlumatına görə, tanımadıqları insana yardım göstərməkdə amerikanlar dünyada birinci yerdə gedirlər. Ümumiyyətlə isə, planetin digər ölkələrinə nisbətən amerikanlar həyatdan daha çox ləzzət almağa meyillidirlər. Əgər biz bütün bunları - iqtisadiyyatı, hərbi sferanı, siyasəti və innovasiyaları bir araya gətirsək, onda tam əminliklə deyə bilərik ki, ABŞ doğrudan da dünyanın ən qabaqcıl dövlətidir.

Vaqif NƏSİBOV

AzPolitika.info