Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk Qrupunun yeganə “dialoq formatı” olduğunu qeyd edən ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya XİN başçısı İvica Daçiç eyni zamanda Bakının Misk Qrupunun genişləndirilməsinə dair təklifinin müzakirə olunması ehtimalını istisna etməyib.
“Azərbaycan mənə Minsk Qrupunda fəaliyyət göstərən həmsədrlərin sayının artırılmasına dair öz təklifini təqdim edib. Yeni təklif deyil, lakin belə bir təklifin qəbul olunması üçün bütün iştirakçı ölkələrin konsensus əsasında qəbul olunmuş qərarı olmalıdır”, - İvica Daçiç Yerevanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında deyib.
Cənab Daçiç Ermənistandan əvvəl Bakıda Azərbaycan rəhbərliyi ilə görüşdüyünü xatırladaraq bu təklifin müzakirə olunacağı ehtimalını istisna etməyib, lakin əlavə etdi ki, Minsk Qrupu öz işini davam etdirməlidir.
“Az-çox onların işindən razıyıq. Dialoqun yeganə formatı bu olmalıdır. Bu, saxlanılmalıdır”, - ATƏT-in fəaliyyətdə olan sədri deyib.
İvica Daçiçin sözlərinə görə, o, Yerevanda da Bakı görüşləri əsnasında dediyini bir daha təkrar edib ki, bəlkə status kimi çətin olmayan müəyyən məsələləri müzakirə etmək mümkündür.
“Gündəlik həyata aid – itkin düşənlər, qaçqınlar - məsələlərini araşdıra bilərik. Digər tərəfdən də müharibə şəraiti davam etdiyi zaman bu mümkün deyil. Bu, o deməkdir ki, sülhü gücləndirməli, atəşkəs rejiminə əməl edilməsinə dair çoxdan imzalanmış razılaşmaları möhkəmlətməliyik”, - ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib.
ATƏT rəsmisi Dağlıq Qarabağ probleminin həllinin münaqişə tərəflərinin siyasi iradəsi sayəsində mümkün olduğunu qeyd edib.
Bakıda ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “məsələni ölü nöqtədən dəbərtməyin vaxtı” gəldiyini bəyan edib.
“Mən Daçiçin [bölgəyə] səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə ümid edirəm”, - Məmmədyarov deyib.
ATƏT-in fəaliyyətdə olan sədri İvica Daçiç bölgə səfəri çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistan prezidentləri ilə də görüşlər keçirib. /BBC


Şərhlər