Menu

"PREZİDENTİN DEDİKLƏRİNİ TƏKRARLAMIŞAM" - Arif Məmmədovdan növbəti ŞOK

03.06.2015, 23:24
"PREZİDENTİN DEDİKLƏRİNİ TƏKRARLAMIŞAM" - Arif Məmmədovdan növbəti ŞOK

Azərbaycanın Avropa İttifaqında nümayəndəliyinin keçmiş rəhbəri, Avropa Şurası yanında keçmiş daimi nümayəndəsi, indi isə İslam Əməkdaşlıq Təşkilatı yanında nümayəndəsi Arif Məmmədov, onun Feysbuk statusları ətrafında yaranmış qalmaqalla bağlı bəyanat yayıb. AzPolitika.info-nun məlumatına görə, diplomat "prezidentin dediklərini təkrar etdiyini" bildirərək, baş verənləri sifarişli kampaniya adlandırıb.

A.Məmmədovun bəyanatını olduğu kimi təqdim edirik:

"Əziz dostlar!

Haqqın.az saytında mənim ünvanıma nəhəng çirkab lavası atılmasından hədsiz dərəcədə qəzəbləndim və təəccüb etdim. Yalnız ona görə ki, mən son günlər Prezidentin dediklərini təkrar etmişəm. Xöşbəxtlikdən, Azərbaycanın peşəkar jurnalistləri və bir çoxları məni Azərbaycan dövlətçiliyinə və xalqına sadiq bir insan kimi tanıyırlar. Demək olar 20 ildir ki, müxtəlif beynəlxalq təşkilatlarda mən öz ölkəmin maraqlarını qoruyuram. Mən fəxr edirəm ki, mənim bu fəaliyyətin heç də pis alınmayıb. Bunu bizim bütün diplomatlarımız, jurnalistlərimiz və nəhayət normal insanlarımız bilirlər. Mən təəəssüf edirəm ki, mənim profilimin «layk»ına yönəlmiş çirkab və təhqir dalğası altına bir çox peşəkar diplomatlar da düşüblər. Həm də təəssüf edirəm ki, bütün bunlar barədə Azərbaycandakı və xaricdəki diplomatik nümayəndəliklər də oxuyurlar. Ölkənin xarici siyasət idarəsini xəyanətdə ittiham etmək, yalnız qeyri-sağlam psixikaya malik insanın ağlına gələ bilər. Bəs kimsə bu böhtanın ölkəmizin imicinə, Qarabağ danışıqları prosesinə və digər məsələlərə göstərəcəyi təsirin nəticələri barədə düşündümü?

«Dostlarım»ı hədsiz məyus edərək, bəyan edirəm ki, mən, təmiz qanlı azərbaycanlıyam və mənim damarlarımda heç bir yad qan axmır. Bu gün Azərbaycanda bir dəb düşüb - ixtiyari normal insanı «ermənidir» möhürü ilə damğalayırlar. Bu saxtanı hazırlayan «dərin ağıllar» bundan başqa daha nə düşünə bilərdilər ki?

Mən bir dəfə Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin tərkibində səfir qismində Eynulla Fətullayevə onun saxlandığı istintaq təcridxanasında baş çəkmişəm.

O zaman, özünü itirmiş bu adamın gözlərinə baxanda bir insan kimi mənim ona yazığım gəlmişdi. Mən ondan incimirəm. Qoy Allah hakim olsun! O, sadəcə bu çirkli sifarişin icraçısıdır. Mən yaxşı bilirəm, bunu kimlər hazırlayıb və ümid edirəm ki, nə zamansa onlar öz səhvlərini anlayacaqlar və mən də onları bağışlaya biləcəm.

Mənəvi dəstəyə görə, hamıya çox sağ ol deyirəm!

Bütün bunlardan sonra, özünüz düşünün - satqın kimdir, öz dövlətinin və xalqının vətənpərvəri kimdir?..."

Xatırladaq ki, Arif Məmmədovun Binəqədi rayonunda yaşayış binasındakı yanğından 1 gün sonra yazdığı statusu narazılıq doğurub. YAP-çı deputat Siyavuş Novruzov isə bu fikirlərinə görə onu "erməni" adlandırıb.

Söhbət bu statusdan gedir: “Bu faciə hər bir azərbaycanlının kədəri və faciəsidir. Allah xalqımıza səbri qalıbsa, səbr versin. Heç bir xalq bu qədər haqsızlığa və biabırçılığa dözməz. Xalqın zülmündən milyonlar əldə edən məmurlar çox səbrli xalqımızın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar”.

Vaqif Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol