“ABŞ-ın qarşısını almaq məqsədi ilə keçirilən hərbi dəniz təlimləri”
Son illər Rusiya və Çin, mütəmadi olaraq, birgə hərbi təlimlər keçirirlər. Bu təlimlərdən biri də bu yaxınlarda Aralıq dənizində baş tutdu. Hazırda Çin Rusiyanı güclənən beynəlxalq təcridolunmadan qurtarmaq istiqamətində mühüm addımlar ataraq, ona yardım göstərir. Bəs onlar bunun əvəzində nə qazanırlar? Yaponiyanın nüfuzlu “Toyo Keizai” nəşri bu suala cavab axtarıb.
Çin öz Hərbi Dəniz Donanmasını gücləndirmək məqsədi ilə 11 may tarixində (2015) Aralıq dənizində “Qarşılıqlı fəaliyyət-2015(1)” adı altında Rusiya–Çin müştərək hərbi təlimləri keçirdi. Aralıq dənizindəki təlimlərdə hər iki tərəfdən doqquz gəmi iştirak edirdi. Çin həmin təlim üçün, hələ aprel ayınadək dəniz quldurlarına qarşı Ədən körfəzində fəaliyyət göstərən 054A tipindən olan iki freqat və bir təchizat gəmisi göndərmişdi. Somali sahilləri yaxınlığında patrul fəaliyyəti göstərən Çin gəmiləri, bu təlimlərə qədər Avropa və Yaxın Şərq ölkələrinə müxtəlif missiyalarla xoşməramlı səfərlər ediblər. Bunların hamısı hərbi dəniz diplomatiyası olub. Rusiya və Çin ”Dənizdə qarşılıqlı fəaliyyət” təlimlərini 2012-ci ildən başlayaraq hər il keçirirlər. Amma 2013-cü ildə belə bir təsəvvür yaranıb ki, Çin sadəcə olaraq, Rusiyadan Amerikaya qarşı təzyiq vasitəsi kimi istifadə edir. Ukraynada baş verən hadisələrlə əlaqədər, 2014-cü ildən Rusiyanın ABŞ-a qarşı mövqeyində kəskin dəyişiklik yaranıb. İndi Çinin rəhbəri Si Çzinpin və prezident Vladimir Putin əksər görüş və tədbirlərdə yan-yana dayanaraq, iki ölkə arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu nümayiş etdirirlər.
Ukrayna hadisələri ilə bağlı olan böhran Rusiyanı Çinlə getdikcə yaxınlaşdırır. Moskvada Rusiya və Çin rəhbərlərinin arasında keçirilən son görüş zamanı Vladimir Putin Çinin İkinci Dünya Müharibəsindəki qələbəsini yüksək qiymətləndirərək deyib: ”Mən nasizm və Yaponiya militarizmi ilə döyüşən ölkənin nümayəndələrinə dərindən minnətdaram”.
Bəllidir ki, Ukrayna böhranı ilə əlaqədar olaraq, Yaponiya Qərb ölkələrinin tərəfini tutaraq, Moskvadakı qələbə tədbirlərində iştirakdan imtina edmişdi. Görünür ki, Rusiya tarixi məsələdə Çini müdafiə etmək məqsədi ilə Yaponiyaya qarşı təzyiq göstərmək mövqeyini tutub.

Amma bütün bunlarla yanaşı, Rusiya və Çinin əsas məqsədi ABŞ-dır. Putin Amerikanı birqütblü dünya yaratmaqda günahlandırır. Rusiya və Çinin bir-birlərinə qarşı hələ də inamsız yanaşmalarına baxmayaraq, onlar ABŞ-ın qabağını kəsmək və onu durdurmaq məsələsində yekdil hərəkət etmək fikrindədirlər. Elə məhz buna görə də “Qarşılıqlı dəniz fəaliyyəti-2015(1)” hərbi təliminin keçirilməsi Rusiyanın Çinə xidməti kimi başa düşülməlidir.
Rusiyadan ciddi təhlükələr gələ biləcəyini hiss edən Avropa, Aralıq dənizində keçirilən hərbi təlimlərə çox sərt reaksiya göstərib. Rusiya ilə Çin arasında yaşanan hazırkı “bal ayı”na baxmayaraq, bu ölkələrin strateji maraqları fərqlidir. Rusiya öz hərbi gücünü Avropa Birliyinə nümayiş etdirmək istəyir, ancaq Çin Avropa ölkələri ilə qarşıdurmaya getmək niyyətində deyil. Bunlardan əlavə Çin, Amerika ilə yaşanan qarşıdurma və gərginliyin artmasından narahatdır. Ona görə də, iki ölkə hərbçiləri arasında aprel ayında video görüş keçirilib. Çin ordusunun hərbi qərargah rəisi Fan Fenhuey ilə ABŞ ordusunun rəhbəri Martin Dempsi arasında ilk dəfə olaraq video danışıqlar aparılıb. Əlavə olaraq, Çin Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəhbəri Vu Şenli ilə ABŞ HDQ-nin qərərgah rəisi admiral Conatan Qrinerton arasında da video konfrans olub. Video konfranslar zamanı hər iki tərəfin yüksək rütbəli hərbçiləri ölkələr arasında münasibətlərdəki konkret problemləri müzakirə ediblər.
Öz marağını sərbəst şəkildə qorumaq üçün, iqtisadi inkişafın çox mühüm olduğu indiki mərhələdə Çin Amerika ilə qarşıdurmadan uzaq durmaq da istəyir. Çünkü iqtisadiyyata dəyəcək zərbələr onların gələcəyə yönəlmiş bütün planlarını alt-üst edə bilər. Bir tərəfdən Çin üçün hərbi strategiyanın yüksəldilməsi nə qədər lazımdırsa, digər tərfdən isə gərginliyin azaldılması da çox vacibdir. Çin rəhbərliyi yaxşı anlayır ki, öz bacarıq və imkanlarını ortaya qoymaq və onları inkişaf etdirmək yolunda gərginliyin zəiflədilməsi gərəkdir.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər