Menu

Avrozonadan çıxmaq Yunanıstan üçün faciə olacaq - Fransanın maliyyə naziri

08.06.2015, 15:10
Avrozonadan çıxmaq Yunanıstan üçün faciə olacaq - Fransanın maliyyə naziri

Yunanıstanın Avrozonadan mümkün çıxışı bu ölkə üçün «ən pis faciə» ilə nəticələnəcək. Amma belə ssenarinin neqativ nəticələri Avrozonanın digər ölkələrində daha az hiss olunacaq. Bu fikri «France Enter» radiosu ilə çıxışı zamanı Fransanın maliyyə və dövlət hesabları naziri Mişel Sapen səsləndirib (TASS).

«Yunanıstanın Avrozonadan çıxması biz fransızlar, almanlar, avropalılar üçün çətinlik törətsə də, amma bu, hələ bir neçə il bundan əvvəl yarana biləcək çətinlik olmayacaq» - deyə, nazir əlavə edib.

Fransalı nazirin sözlərinə görə, belə ssenari Avropa İttifaqı üçün maliyyə fəlakətinə çevrilməyəcək, çünki son illərin borc böhranının davam etməsi fonunda Avropa lazımi sığorta mexanizmləri ilə silalanmağa macal tapıb. Bu barədə Sapen deyib: «Son beş ildə biz necə deyərlər, bank ittifaqı yaratmışıq. Bu da imkan verəcək ki, banklar bank çətinlikləri yaranacağı təqdirdə, özlərini müdafiə edə bilsinlər. Biz elə bir sistem yaratmışıq ki, lazımi anda bu və ya digər ölkənin köməyinə çatmaq mümkün olsun...»

Bununla əlaqədar nazir xüsusilə qeyd edib ki, elə etmək lazımdır, hadisələrin ən pis istiqamətdə inkişafından qaçmaq mümkün olsun: «Bundan, ilk növbədə, Yunanıstan özü uduzacaq. Mən ilk növbədə, yunan xalqını düşünürəm - o, Avropa xalqıdır və son illər hamıdan çox əziyyət çəkib, əvvəlki illərdə buraxılmış səhvlərin nəticəsində əziyyət çəkib. Həmin səhvlər belə bir gözəl ölkəni öz büdcəsini maliyyələşdirmək imkanlarından məhrum edərək, onu digər ölkələrdən tam asılı vəziyyətə salıb. Bu ölkə son 5 ildə öz firavanlığının itirib. Mən onları çox yaxşı anlayıram və əvvəlki illərdə olduğu kimi inkişafa nail olmaq istiqamətindəki çabalarını bölüşürəm...».

Nazir qeyd edib ki, bütün bunlarla bərabər, Avrozonada yerini saxlamaq istiqamətində Yunanıstanın bütün siyasi siniflərinin iradəsi göz qabağındadır: «Yunanıstan parlamentində və hökumətində əksəriyyət Avrozonada qalmağın tərəfindədir. Çünki əks təqdirdə ölkənin vəziyyəti daha da pisləşəcək, qlobal kasıblaşma baş verəcək. Mənim bir arzum var - yunanlar üçün uzunmüddətli həll variantı tapmaq və elə etmək ki, Avropa layihəsi gələcəyə oriyentasiya olunmuş layihə olaraq qalsın...».

Xatırladaq ki, 2010-cu ildə Yunanıstanın suveren borc böhranı yaranan zaman Avropa İttifaqı (Aİ) və Beynəlxalq Valyuta Fondu (BVF) bu ölkəyə 250 milyard avro kredit ayırıb ki, bu borcu Afina yavaş-yavaş qaytarmalıdır. 2012-ci ildə borcun qismən silinməsinə baxmayaraq, Yunanıstanın dövlət borcu hal-hazırda 315 milyard avronu aşıb və Ümumi Daxili Məhsulun (ÜDM) 175,0 faizini təşkil edir. Bu da avrozona ölkələri üçün buraxıla bilən dövlət borcu səviyyəsini (Sabitlik və inkişaf Paktına əsasən, ÜDM-in 60,0 faizi) 3 dəfə adlayır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol