Rusiya ümid edir ki, bu ilin sentyabrında keçiriləcək 70-ci sesiyasında BMT Baş Məclisi Avrasiya İqtisadi İttifaqına (AAİİ) müşahidəçi statusu verəcək. Bunu Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov Belarusun xarici işlər naziri Vladimir Make ilə görüşü zamanı bəyan edib (Rosbalt).
«Hesab edirik ki, sentyabrda, Baş Məclisin 70-ci sesiyasında Avrasiya İqtisadi İttifaqı müşahidəçi statusu alacaq. Bu bəyannamə layihəsini BMT-də «hərəkətə gətirmək» üçün biz həmkarlarımızla koordinasiya işləri aparırıq...» - deyə, Lavrov qeyd edib.
BMT Baş Məclisində müşahidəçi statusuna artıq MDB, ATƏT, ƏDL, Aİ kimi təşkilatlar malikdirlər.
«RİA Novosti» agentliyinin yaydığı məlumata görə, Lavrov həm də əlavə edib ki, Aİ Avrasiya İqtisadi İttifaqı tərəfindən verilən siqnallara getdikcə daha çox maraq göstərir: «Rusiya və Belarus Xarici işlər nazirlikləri həm də diqqəti belə bir məqama yönəldirlər ki, Avrasiya İqtisadi İttifaqının Avropa İttifaqı ilə təmasların qurulması istiqamətində verdiyi siqnallar Avropa İttifaqında getdikcə daha çox maraqla qarşılanır...»
Belarusun xarici işlər naziri məsələyə aydınlıq gətirərək, deyib ki, AAİİ-na müşahidəçi statusunun verilməsi üçün İttifaqın bütün üzv dövlətləri BMT katibliyinə xahişnamə təqdim ediblər. Onun sözlərinə görə, artıq BMT-yə göndərilmək üçün müvafiq materiallar hazırlanır.
Məlumat üçün bildirək ki, mayın sonlarında AAİİ və Vyetnam azad ticarət zonası yaradılması üzrə Razılaşma sənədi imzalayıb. İmzalama mərasimi Avrasiya dövlətlərarası şuranın Qazaxıstanda keçirilən iclasından sonra baş tutub. Sənədi Vyetnamın və İttifaq üzvü olan dövlətlərin baş nazirləri imzalayıblar. Sənəd Vyetnam və AAİİ dövlətləri arasında ticarət əməliyyatları zamanı tariflərin liberallaşma şərtlərini nəzərdə tutur. Bu, bir çox məhsullar üçün gömrük rüsumlarının qarşılıqlı aşağı salınmasını və ya sıfıra endirilməsini nəzərdə tutur. Bununla yanaşı, razılaşan tərəflər bir sıra daha həssas əmtəə pozisiyaları üçün tarif müdafiəsini qüvvədə saxlayırlar.
AzPolitika.info


Şərhlər