Qərb sanksiyalarının aşılmasında Rusiya banklarının və şirkətlərinin Çinə olan ümidləri tədricən əriyib puça çıxır. «Finance Asia» nəşrinə yazdığı künc yazısında Rusiyanın«VTB» qrupunun sədr müavini Yuri Savelyev qeyd edir ki, Pekin de-yure Rusiyaya qarşı hər-hansı maliyyə sanksiyası tətbiq etməsə də, faktiki olaraq Çin bankları ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunmuş məhdudiyyətlərə qoşulublar (finanz.ru).
Belə ki, Çin Xalq Respublikasının kredit təşkilatlarının əksəriyyəti Rusiya bankları ilə əməliyyat aparmaqdan imtina edirlər. Onlar həm də qarşılıqlı ticarətdə öz iştiraklarını azaldaraq, bu fuknsiyanı rusiyalı kontragentlərin üzərinə atırlar.
Bu barədə Savelyev yazır: «Mövcud qarşılıqlı fəaliyyət mürəkkəblikdən xali deyil. İkitərəfli əməkdaşlığın inkişafını ləngidən əsas problem məlum sanksiyaların tətbiqindən sonrakı dövrdə Çinin Rusiya banklarına yönəlik sərgilədiyi zidiyyətli davranışdan ibarətdir. Hazırkı dövrdə Çin banklarının əksəriyyəti Rusiya banklarının iştirakı ilə banklararası əməliyyatlar aparmırlar. Bundan başqa, Çin bankları xarici ticarət əməliyyatlarında öz iştiraklarını əhəmiyyətli dərəcədə azaldıblar...».
Rusiyanın ikinci dövlət bankının sədr müavini qeyd edib ki, Çin bazarlarında yuanla əməliyyatların cəlb olunması da hələlik çox məhdud həcmlərdə baş tutur: «Bizim Çinli həmkarlarımızın sözlərinə görə, bunun üçün xarici emitentlər Dövlət şurasından, Mərkəzi bankdan və Maliyyə nazirliyindən icazə almalıdırlar. Amma belə icazənin alınması üçün dəqiq prosedur mövcud deyil. Hələlik lokal bazara çıxış Beynəlxalq maliyyə korporasiyasına və Asiya inkişaf bankına müyəssər olub...».
Hətta Rusiya Maliyyə nazirliyi də Çin bazarına çıxmaqdan və yuanla vəsait cəlb etməkdən vaz keçməzdi. Bu strukturun ikinci şəxsi Sergey Storçak iyunun 3-də deyib ki, Rusiya Federasiyası Çin valyutası ilə obliqasiyalar buraxmaq imkanlarını öyrənir. Amma nazir müavini etiraf edib ki, bütün bu ideyalar praktik reallaşmadan xeyli uzaqdır: «Biz, təşkilati məsələləri bilmirik, agent bankların necə işlədiklərini bilmirik. Bazarın bütün infrastrukturunu öyrənmək lazım gəlir...».
Pekinlə Moskva arasında qarşılıqlı hesablaşmalar zamanı dollardan imtina etmək barədə danışıqlar da ağır gedir. Hər iki tərəf bir-birini kompramisə getməməkdə ittiham edir. Belə ki, aprelin 24-də ÇXR Kommersiya nazirliyi Avrasiya departamentinin direktoru Lin Tszi rusiyalı jurnalistlərə bəyan edib ki, dialoqda Rusiyanın fəallığı aşağı düşür.
«VTB»-nin başçısı Andrey Kostin də çətinlikləri etiraf edib və səbəblərinə aydınlıq gətirib. Onun sözlərinə görə, Çin tərəf israr edir ki, hesablaşmalarda dominant rol yuana verilsin. Bu zaman belə bir arqumentə istinad olunur ki, son dövrlərdə rubl neqativ dinamika nümayiş etdirir. Rusiya tərəfi isə qeyd edir ki, ənənə üzrə hesablaşma valyutası ixracçı tərəfin milli valyutası olmalıdır.
Mayın 8-də Rusiya Prezidenti Vladimir Putin deyib ki, hal-hazırda qarşılıqlı əmtəə dövriyyəsində Rusiya və Çin milli valyutalarının payı cəmi 7,0 faiz ətrafındadır.
AzPolitika.info


Şərhlər