Menu

"ASAN xidmət" BMT-nin mükafatı ilə təltif edilib

27.06.2015, 14:28
"ASAN xidmət" BMT-nin mükafatı ilə təltif edilib

İyunun 26-da Kolumbiyanın Medellin şəhərində 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin göstərilməsi sahəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

“ASAN xidmət”dən APA-ya verilən xəbərə görə, “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Forum çərçivəsində həmçinin dövlət xidmətləri üzrə beynəlxalq sərgi təşkil olunub. Sərgidə “ASAN xidmət” iştirakçıların marağına səbəb olub.

Kolumbiyaya səfər çərçivəsində Dövlət Agentliyinin sədri İnam Kərimov BMT-nin Baş katibinin iqtisadi inkişaf məsələləri üzrə müşaviri Lenni Montiel və Kolumbiyanın Dövlət Xidmətləri üzrə Agentliyinin direktoru Liliana Kaballero ilə görüşüb. Görüşlərdə müvafiq sahənin inkişafı üçün “ASAN xidmət” təcrübəsindən faydalanmaq, habelə ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, 23-26 iyun tarixlərində Kolumbiyanın Medellin şəhərində BMT-nin Dövlət Xidmətləri üzrə Forumu keçirilib. Tədbirin keçirilməsində məqsəd ənənəvi olaraq BMT-nin 2015-ci ildə dövlət xidmətlərinin göstərilməsi sahəsində ən uğurlu modellərin təqdim edilməsi və mükafatlandırılmasıdır.

Eyni zamanda, Forum vasitəsi ilə “ASAN xidmət” və mükafata layiq görülmüş digər modellərin uğurlu təcrübəsinin dünyanın müxtəlif ölkələrində tətbiqi təşviq olunur.

Builki Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin 1000-dən çox nümayəndəsi iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol