Menu

Bakının su problemi...

13.07.2015, 19:55
Bakının su problemi...

Bakı yenidən su problemi ilə üz-üzə qalıb. Artıq bir neçə gündür ki, paytaxtın bəzi ərazilərində, o cümlədən, Səbail, Yasamal, Binəqədi rayonlarında əhali su məhdudiyyəti ilə qarşılaşıb. Bu isə sakinlərin haqlı narazılığına səbəb olub. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yaranmış problem ilə bağlı musavat.com-a danışıb: “Kür-Bakı magistral boru kəmərində baş verən qəza ilə əlaqədar paytaxtın bəzi ərazilərində su fasilələrlə veriləcək. Qəzaya səbəb isə kəmərin yerləşdiyi ərazidə qeyri-qanuni tikililər olub. Qəza üzündən əvvəllər paytaxta suyun verilmə səviyyəsi saniyədə 17 kubmetr idisə, hazırda bu, 2 kubmetr azalıb, yəni 15 kubmetr səviyyəsindədir”.

Anar Cəbrayıllının sözlərinə görə, problemi tezliklə aradan qaldırmaq üçün sutkada 24 saat iş aparılır: “Bu qəzaya qədər belə bir problem yaşamamışdıq. Buna görə də təcili işlər aparırq. Çalışırıq ki, əhali lazımi səviyyədə su əldə edə bilsin. Hələ ki, bu yöndə işlər davam etdirilir. Ümumiyyətlə isə Bakı şəhərinə su kəmərləri 1917-ci ildə çəkilib. Hazırda elə kəmərlər var ki, onlar 1930-60-ci illərdə çəkilib. Buna görə də zaman-zaman o boruların yenilənməsi üçün işlər aparırıq. Məsələn, bu günlərdə Neftçilər və İnşaatçılar propektində, R.Behbudov, H.Zərdabi küçələrində yenidənqurma işləri apardıq. Buna görə də bəzən şəhərə suyun verilməsində məhdudiyyətlər yarandı. Qeyd edim ki, hələ də köhnə borular var və biz onların yenilənməsini layihələr əsasında mərhələli şəkildə davam etdirəcəyik”.

"Azərsu" ASC-nin rəsmisi paytaxta verilən suyun səviyyəsində Oğuz-Qəbələ-Bakı su kəmərinin xüsusi əhəmiyyətə malik olduğunu da deyib: “Bakı şəhərinin əsas su mənbələri Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür çayı, Şollar suyudur. Lakin Oğuz-Qəbələ-Bakı su kəməri bizim üçün xüsusi əhəmiyyətə malikdir. 2011-ci ildə inşa edilən bu kəmər olmasaydı, Bakı əhalisini su ilə tam təmin etməkdə çətinlik çəkərdik. Bu kəmərin sayəsində paytaxt 24 saat su ilə təmin olunur”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol