Menu

POLŞADAN BAŞLAYAN SİYASİ ZƏLZƏLƏ: QLOBAL SİSTEM SARSILIR... - Avropani nə gözləyir?

05.11.2026, 08:47
POLŞADAN BAŞLAYAN SİYASİ ZƏLZƏLƏ: QLOBAL SİSTEM SARSILIR... - Avropani nə gözləyir?

Bu gün Polşada baş verən hadisələri izləyərkən Avropanın necə dramatik bir dövrə qədəm qoyduğunun şahidi oluruq. Polşada yaşanan siyasi böhrana lokal hadisə kimi deyil, Qərb dünyasında cərəyan edən siyasi və sosial təlatümlərin tərkib hissəsi kimi yanaşmalıyıq. Ərazisinin böyüklüyünə görə Avropa İttifaqında dördüncü, əhalisinin sayına görə isə beşinci yerdə olan Polşa Avro-Atlantik məkanının şərqində yerləşən, geostrateji əhəmiyyətə malik ölkədir. 

Hazırda ABŞ-da və Avropada illər ərzində yığılıb qalmış, lakin müxtəlif səbəblərdən həlli daim təxirə salınmış siyasi-iqtisadi və sosial ziddiyyətlər açıq müstəvidə özünü büruzə verməyə başlayıb. Sol-liberal təmayüllü qlobalistlər yaxın iki-üç il ərzində Qərb dünyasının ən böyük ölkələrində hakimiyyəti öz nəzarətləri altına almağı planlaşdırırlar. Ümumi proseslərə daha geniş panoramdan nəzər salmaqla yanaşı, onların daxili dinamikasını da anlamaq lazımdır. 

Bəs, zahirən sakit görünən və ciddi sosial gərginliklərlə üzləşməyən Polşadakı siyasi böhran haradan qaynaqlanır?

Polşada dövlətin siyasi-hüquqi strukturu elə qurulub ki, Konstitusiya Tribunalı (Konstitusiya Məhkəməsi) xüsusi strateji səlahiyyətlərə malikdir və mühüm siyasi qərarların qarşısını almaq imkanına sahibdir. Konstitusiya Tribunalının qərarlarından heç bir dövlət instansiyasına şikayət verilə bilməz. Bu qurum hətta parlamentdə çoxluğa malik hökumətin irəli sürdüyü istənilən qanun layihəsini konstitusiyaya zidd hesab edərək onun qüvvəyə minməsinin qarşısını ala bilər.


Deməli, məsələnin hüquqi mahiyyəti belədir: Polşada Konstitusiya Tribunalının üzvləri qanunvericiliyə əsasən Seym, yəni parlament tərəfindən seçilir. Konstitusiya Tribunalının 15 üzvü var və onlar prezident qarşısında and içməyincə fəaliyyətə başlaya bilməzlər. Seymin seçimindən sonrakı 30 gün ərzində Tribunal üzvlərinin andı prezident tərəfindən qəbul edilməlidir. 

Andiçmə mərasimindən sonra Konstitusiya Tribunalı hakiminin doqquzillik fəaliyyət müddəti başlayır. Hakim yalnız bir müddətə seçilə bilər və toxunulmazlığa malikdir. Hazırda Konstitusiya Tribunalında 15 yerdən 7-si mühafizəkarlara, 3-ü isə liberallara məxsusdur. Sədr və onun müavini də mühafizəkar mövqedədir. Əgər Seymin seçdiyi hakimlərin hamısının andı prezident tərəfindən qəbul edilsəydi, onda üstünlük sol-liberalların tərəfinə keçəcəkdi.

Son səkkiz il ərzində hakimiyyətdə olmuş mühafizəkar “Hüquq və Ədalət” (PiS – Prawo i Sprawiedliwość) Partiyası yaranmış fürsətdən istifadə edərək ölkənin bütün sahələrində ciddi dəyişikliklər həyata keçirib. Yeni parlament seçkilərindən sonra hökuməti formalaşdırmaq imkanını itirən PiS vaxtilə Konstitusiya Tribunalı vasitəsilə həyata keçirdiyi dəyişikliklərin ləğv edilməsinin qarşısını almaq üçün mübarizə aparır.


Polşada baş verənlərin qısa xronikası belədir: oktyabrın 30-da sol-liberal yönümlü Baş nazir Donald Tuskun göstərişi ilə polis əməkdaşları Varşavadakı Konstitusiya Tribunalının binasına daxil olub və orada təhlükəsizliyə cavabdeh olan bütün əməkdaşları ərazidən uzaqlaşdırıblar. Polis məhkəmənin sədri Boqdan Şvençkovskini və müavini Bartlomey Sohanşkinini vəzifələrindən kənarlaşdırıb. Konstitusiya Tribunalının sədri Boqdan Şvençkovski və müavini səlahiyyətlərini dayandırdıqlarını elan etdikdən sonra hakim Anna Korvin-Piotrovska qurumun müvəqqəti rəhbərliyini öz üzərinə götürdüyünü bildirib. Polşanın mühafizəkar yönümlü prezidenti Karol Navrotski və müxalifət baş verənləri dövlət çevrilişi və məhkəmə müstəqilliyinə qarşı qəsd kimi qiymətləndiriblər.

Baş nazir Donald Tuskun rəhbərlik etdiyi sol-liberal “Vətəndaş Koalisiyası” hökuməti Avropa İttifaqı yönümlü siyasət yürüdür və Brüssellə münasibətləri yaxşılaşdırmağa çalışır. Tusk bildirir ki, əvvəlki mühafizəkar hökumətin məhkəmə sistemində apardığı dəyişikliklər Polşanın Avropa İttifaqına inteqrasiya prosesinə xələl gətirir.

“Hüquq və Ədalət” (PiS) Partiyası və ona yaxın siyasi qüvvələr isə Avropa İttifaqının onların milli suverenliyinə zərər vurduğu qənaətindədirlər. Onlar hesab edirlər ki, Brüssel Polşanın daxili işlərinə, xüsusilə də məhkəmə sisteminə, miqrasiya siyasətinə və ailə dəyərlərinə müdaxilə etməməlidir. Mühafizəkarların tərəfdarları bildirirlər ki, ölkənin milli maraqları Brüsselin diktəsinə tabe edilərsə, Polşa öz suverenliyini itirə bilər. Mühafizəkarlar 2015–2023-cü illərdə hakimiyyətdə olduqları üçün Konstitusiya Tribunalında güclü mövqelər əldə edə biliblər.

Mühafizəkarlar hökumətə rəhbərlik etdikləri dövrdə Polşa qanunlarının Avropa İttifaqı qanunlarından üstünlüyünü təsdiqləyən qərarlar qəbul edilib. Tusk isə hazırda Polşa qanunlarının Avropa İttifaqı hüququndan üstün tutulmamasına çalışır. Hazırda Konstitusiya Tribunalı, eləcə də digər ali məhkəmə orqanları əsasən keçmiş mühafizəkar hökumət tərəfindən təyin edilmiş hakimlərdən ibarətdir.

Mühafizəkarlar Polşanın gələcəyini Brüsseldən asılı olmayan, milli suverenliyə və müstəqil qanunlara söykənən dövlət quruculuğunda görürlər. Sol-liberallar isə hesab edirlər ki, Polşanın uğurlu gələcəyi liberallaşmış Avropa İttifaqı ilə sıx inteqrasiyadan asılıdır. Avropa İttifaqı Baş nazir Donald Tusku dəstəkləyir. Avropa İnsan Hüquqları Məhkəməsi isə hələ mühafizəkar PiS hökumətinin hakimiyyəti dövründə formalaşdırılmış Konstitusiya Tribunalını “qanuni əsaslara söykənməyən məhkəmə” adlandırmışdı.

Digər tərəfdən, mühafizəkar hökumətin hakimiyyəti dövründə Brüssel Polşada məhkəmə müstəqilliyinin pozulmasını əsas gətirərək Varşavaya Avropa İttifaqı fondlarından ayrılması nəzərdə tutulan 137 milyard avroluq maliyyə vəsaitinin köçürülməsini dayandırmışdı. Lakin Tusk hökumətə rəhbərlik etməyə başladıqdan və məhkəmə sistemində islahatlar aparmaq öhdəliyi götürdükdən sonra Brüssel həmin vəsaitlərin Polşaya ayrılmasına qərar verdi. Bu məbləğin 59,8 milyard avrosu bərpa fondundan, 76,5 milyard avrosu isə kohesiya (həmrəylik) və digər Avropa fondlarından ödənilməli idi. Məhz buna görə də Tusk maliyyə dəstəyinin açılmasından sonra mühafizəkarların ən güclü dayağı hesab olunan Konstitusiya Tribunalını onların nəzarətindən çıxarmağa çalışır.

Polşadakı bu iki siyasi qüvvə arasında kəskin mübarizə getsə də, onların Rusiyaya münasibətdə mövqeləri eyni dərəcədə sərtdir. Bununla belə, Tusk əsassız şəkildə mühafizəkarları Rusiyanın kiber-botları adlandırır. Polşanın bir-birinə zidd olan bu iki siyasi düşərgəsinin öz siyasi mahiyyətlərinə uyğun xarici müttəfiqləri də var. Tusk rəsmi Brüsselə üstünlük verirsə, prezident Karol Navrotski Donald Trampın və ABŞ-dakı mühafizəkarların qatı tərəfdarıdır.


Donald Tusk, heç şübhəsiz ki, Brüsseldən gələn təlimatların da təsiri ilə hücuma keçib. Bunun səbəblərindən biri də onun ABŞ-dakı müttəfiqləri olan sol-liberal demokratların qələbə qazanacağına əmin olmasıdır. Tramp zəifləyərsə, sol-liberal qlobalistlər ABŞ mühafizəkarlarının Avropadakı siyasi dayaqlarına qarşı hücumları da gücləndirəcəklər. Qarşıdakı dövrdə Fransada keçiriləcək prezident seçkiləri, İspaniyada parlament seçkiləri, Almaniyada isə əyalət seçkiləri bu mübarizənin tərkib hissəsinə çevriləcək.

Polşadakı siyasi böhranın kökündə Avropanın gələcəyi ilə bağlı iki fərqli baxış dayanır. Prezident Navrotskinin təmsil etdiyi siyasi qrup Polşanın gələcəyini ABŞ-la sıx əlaqələrdə görür və Avropa İttifaqına skeptik yanaşır. İndi belə görünür ki, Avropa İttifaqına daxil olan ölkələr bir-birinə oxşar və fərqli xarakterli daxili böhranlara sürüklənirlər. Maraqlı sual yaranır: niyə məhz indi? Görünən odur ki, bu daxili ziddiyyətlər daha da dərinləşəcək. Uzun illər ərzində Brüssel bürokratiyası bir-birinə zidd siyasi qüvvələri vahid siyasi-iqtisadi çərçivədə saxlamağa çalışır və buna müəyyən dərəcədə nail olurdu. Lakin həm obyektiv, həm də subyektiv səbəblərdən Avropanın iqtisadi və sosial yükü artıq tükənmə həddinə yaxınlaşmağa başlayıb.

Polşanın bir-birinə düşmən kəsilmiş iki siyasi düşərgəyə bölünməsi NATO və Avropa İttifaqı üçün əsl sınağa çevrilə bilər. Avropa İttifaqının nəhəng struktur kimi böyük bürokratik aparat vasitəsilə idarə olunması, yaşıl enerji siyasətinin sənaye sektoruna vurduğu ağır zərbələr, vahid büdcə, valyuta və vergi siyasətinin üzv ölkələrin iqtisadi reallıqlarına uyğun gəlməməsi ciddi iqtisadi sıxıntılar yaradır. Polşa kimi ölkələr Brüsselin tətbiq etdiyi sərt iqtisadi tənzimləmələri, ekoloji normativləri və xüsusilə də miqrasiya siyasətini milli suverenliklərinə və iqtisadi inkişaf perspektivlərinə təhdid və maneə kimi qəbul edirlər.


Avropa İttifaqının Miqrasiya Paktına əsasən, üzv ölkələr ittifaqa gələn miqrantları Brüsselin müəyyən etdiyi kvotalara uyğun qəbul etməli, yaxud bundan imtina etdikləri təqdirdə hər bir miqrant üçün müvafiq maliyyə ödənişi həyata keçirməlidirlər. Bu məsələ ilə bağlı Polşada mühafizəkarlarla liberalların mövqeləri müəyyən mənada üst-üstə düşür. Polşadakı sol-liberallar ölkə əhalisinin miqrant axınının kəskin əleyhinə olduğunu yaxşı bilirlər. Buna görə də seçicilərin dəstəyini itirməkdən çəkinir və risk etməyərək əhalinin əhval-ruhiyyəsinə uyğun davranmağa üstünlük verirlər. Polşanın verdiyi leqal vizalar əsasında ölkəyə daxil olan şəxslərin sonradan Avropa İttifaqının digər ölkələrinə keçməsi isə Şengen sisteminin zəif tərəflərini üzə çıxararaq onu ciddi şəkildə sarsıdıb.

Ümumiyyətlə, son dövrlərdə istər Polşada, istərsə də bütövlükdə Avropada cərəyan edən sarsıdıcı sosial-iqtisadi proseslərin kökündə kapitalizmin ekzistensial böhranı dayanır. Kapitalizm Avropada meydana gəlib, ABŞ isə məhz Avropa sivilizasiyasının və iqtisadi-siyasi sisteminin davamı kimi formalaşıb. Elə bugünkü dünya iqtisadi-siyasi sistemi də məhz Avro-Atlantik birliyin təməlləri üzərində qurulub. Qlobal iqtisadiyyatın üç əsas mərkəzindən biri olan Avropada baş verən siyasi-iqtisadi və sosial gərginliklər gec-tez bütün dünyanı böhrana sürükləyə bilər. Üstəlik, ilk simptomların müasir kapitalizmin başlıca istehsal mərkəzlərindən biri olan Çində özünü büruzə verəcəyi gözlənilir.

Vaqif Nəsibov

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol