Menu

HAKİMİYYƏTİN FORMULU: İNSAN TALEYİ İLƏ TARİXİN TALEYİ ARASINDA - Xalid Niyazovun YAZISI

05.11.2026, 09:09
HAKİMİYYƏTİN FORMULU: İNSAN TALEYİ İLƏ TARİXİN TALEYİ ARASINDA - Xalid Niyazovun YAZISI

Mixail Qusmanın «Hakimiyyətin formulu» kitabı üzərində düşüncələr

Xalid Niyazov

Əməkdar jurnalist, siyasi elmlər doktoru

Hakimiyyət, bəlkə də, bəşər sivilizasiyasının minilliklər boyu öz cazibəsini itirməyən nadir hadisələrindən biridir. Onun doğurduğu təhlükələrə, ziddiyyətlərə və sınaqlara baxmayaraq, insanın hakimiyyətə marağı heç zaman səngiməmişdir. Dövrlər, ictimai quruluşlar, siyasi sistemlər, dövlət və ədalət haqqında təsəvvürlər dəyişmiş, monarxları prezidentlər, imperiyaları milli dövlətlər, mütləq hakimiyyəti isə onu institusional çərçivələrlə məhdudlaşdıran mürəkkəb mexanizmlər əvəz etmişdir. Lakin insanın hadisə və proseslərin gedişinə təsir göstərmək, cəmiyyətin taleyini müəyyənləşdirmək və tarixi qərarların qəbulunda iştirak etmək istəyi dəyişməz qalmışdır.

Filosoflar hakimiyyətin təbiətini izah etməyə, politoloqlar onun formalaşması və fəaliyyət qanunauyğunluqlarını üzə çıxarmağa, tarixçilər isə hakimiyyətin həyata keçirilməsinin doğurduğu nəticələri mənalandırmağa çalışmışlar. Ancaq ən mürəkkəb məsələ, görünür, həmişə hakimiyyətin etibar edildiyi, yaxud onu əldə etməyə müvəffəq olmuş insanın özü ilə bağlı olmuşdur.

Qərarları dövlət əhəmiyyəti qazandıqda insanın şəxsiyyətində nələr baş verir? Dövlət rəhbəri öz seçimində nə dərəcədə azaddır? Siyasi iradənin imkanları hansı nöqtədə tükənir və tarixi şəraitin hökmü haradan başlayır? İnsan tarixi idarə edə bilərmi, yoxsa tarix onun özünün də hiss etmədiyi şəkildə davranışlarını istiqamətləndirir?

Və nəhayət, ümumiyyətlə, hakimiyyətin universal formulu mövcuddurmu?

Tanınmış jurnalist Mixail Qusmanın «Hakimiyyətin formulu... və daha 75 müsahibə» kitabı ilə tanışlıq istər-istəməz oxucunu həmin suallar ətrafında təkrar-təkrar düşündürür.

Əsərin adının özü belə oxucunu düşünməyə sövq edir. Bu adda müəyyən intellektual intriqa gizlənir. Formula anlayışı mürəkkəb hadisəni izah etməyə imkan verən qanunauyğunluğun, onun ayrı-ayrı ünsürləri arasında sabit əlaqənin mövcudluğunu nəzərdə tutur. Lakin hakimiyyət universal təriflərə asanlıqla sığmayan fenomenlərdəndir. O, eyni zamanda həm ictimai institut, həm şəxsi təcrübə, həm idarəetmə mexanizmi, həm siyasi mübarizə meydanı, həm dəyişikliklər vasitəsi, həm də saysız-hesabsız ziddiyyətlərin mənbəyidir.

Məhz buna görə də dövlət və beynəlxalq idarəçiliyin zirvəsində dayanmış insanlarla söhbətlər vasitəsilə hakimiyyətin formulunu axtarmaq cəhdi xüsusi maraq doğurur. Oxucunun gözləri qarşısından müxtəlif ölkələri, sivilizasiya ənənələrini, siyasi sistemləri və tarixi dövrləri təmsil edən dövlət və siyasət xadimlərinin bütöv bir qalereyası keçir. Onların arasında Heydər Əliyev və İlham Əliyev, Si Tsinpin və Rəcəb Tayyib Ərdoğan, Kasım-Jomart Tokayev və Henri Kissincer, Antonio Quterreş və başqaları vardır.

Bu şəxsiyyətlərin siyasi baxışları heç də bütün məsələlərdə üst-üstə düşmür, milli maraqları, beynəlxalq nizamı, dövlətin rolunu və siyasi hakimiyyətin hüdudlarını fərqli şəkildə dərk edirlər. Səlahiyyətlərinin miqyası, fəaliyyət göstərdikləri tarixi şərait və qarşılarında duran siyasi vəzifələrin xarakteri də bir-birindən fərqlənir. Lakin kitabı xüsusilə məzmunlu edən də məhz bu rəngarənglikdir.

Mixail Qusman sanki oxucunu özünəməxsus intellektual təcrübəyə – siyasi taleləri müqayisə etməyə, dövlət əhəmiyyətli qərarlar qəbul etmiş insanların düşüncələrini dinləməyə, zahiri fərqlərin arxasında onları birləşdirən ümumi cəhətləri axtarmağa dəvət edir. Bununla belə, müəllif hazır cavablar təqdim etmir. O, sözü müsahiblərinə verir, eşitdiklərini mənalandırmaq və nəticə çıxarmaq imkanını isə oxucunun öz ixtiyarına buraxır.

Fikrimizcə, kitabın başlıca məziyyəti də elə bundadır: o, hakimiyyətə yalnız onu öyrənənlərin deyil, həm də onu bilavasitə həyata keçirmiş insanların gözü ilə baxmağa imkan yaradır.

Hakimiyyətin acı dadı

Mixail Qusmanın kitabında yer alan dövlət xadimlərinin çoxsaylı mülahizələri arasında qısa bir dialoq xüsusilə güclü təəssürat doğurur.

Jurnalist Heydər Əliyevdən soruşur: «Hakimiyyət deyilən bu şeyin dadı necədir?»

Və gözlənilməz cavab eşidir: «Dadı yoxdur. Çox acıdır, lap acıdır. Sizə açıq deyirəm».

İlk baxışda bir neçə kəlmədən ibarət sadə cümlədir. Lakin həmin sözlərin arxasında təlatümlü illərin sınağından keçmiş böyük siyasi və insani təcrübə dayanır!

Əlbəttə, belə bir etirafı siyasi rəhbərliyin bütün situasiya və məqamlarına şamil edilə biləcək səciyyəsi kimi qəbul etmək doğru olmazdı. Hakimiyyətə münasibət şəxsi təcrübə, tarixi şərait, dəyərlər sistemi və siyasi mədəniyyətin xüsusiyyətləri ilə müəyyən olunur. Bununla belə, Heydər Əliyevin sözləri prinsipial əhəmiyyət daşıyan bir sualı gündəmə gətirir: hakimiyyətin əsl bədəli nədir?


Heydər Əliyev mahiyyətcə fərqli tarixi şəraitlərdə dövlətə rəhbərlik etmək taleyi yaşamış siyasi xadimlərdən idi. Onun siyasi təcrübəsi sovet dövlət sistemini, həmin sistemin süqutu dövrünü və müstəqil Azərbaycanın təşəkkül mərhələsini əhatə edirdi. Bu mərhələlərin hər birində hakimiyyətin institusional məzmunu fərqli olmuşdur. Lakin dəyişməz qalan bir həqiqət vardı – nəticələri rəhbərin şəxsi taleyinin hüdudlarından çox-çox kənara çıxan qərarlar qəbul etmək zərurəti.

Xüsusilə 1990-cı illərin əvvəlləri son dərəcə mürəkkəb olmuşdur. Azərbaycan dərin siyasi və iqtisadi böhranla, silahlı münaqişə və dövlət institutlarının dayanıqlığına ciddi təhdidlərlə üzləşmişdi. Heydər Əliyevin 1993-cü ildə respublikaya rəhbərliyə qayıdışı məhz belə şəraitdə baş vermişdi. Buna görə də onun hakimiyyətin acı dadı ilə bağlı söylədikləri bürokratik təcrübənin fövqündə həm də tarixi yöndən mənalandırıla bilər. Həmin sözlər xatırladır ki, dövlətə rəhbərlik yalnız qərar qəbul etmək hüququ deyil, həm də hər bir qərarın müəyyən risklərlə müşayiət olunduğu şəraitdə hərəkət etmək borcudur.

Burada Mixail Qusmanın kitabında Henri Kissincerdən gətirilən bir fikri xatırlamaq yerinə düşər: «Böhran şəraitində ən cəsarətli siyasi kurs çox vaxt ən təhlükəsiz seçim olur».

İlk baxışda bu mülahizə ilə Heydər Əliyevin etirafı arasında birbaşa əlaqə görünmür. Lakin məsələyə diqqətlə yanaşdıqda hər iki fikrin eyni fundamental problemə toxunduğu aydınlaşır. Kissincer böhran şəraitində qətiyyətli hərəkət etməyin zəruriliyinə diqqət çəkir. Heydər Əliyev isə siyasi məsuliyyətin insanın daxilində doğurduğu mənəvi ağırlıqdan danışır.


Birincisi problemə daha çox strateji seçim mövqeyindən yanaşır, ikincisi isə hakimiyyəti şəxsi yaşantılar prizmasından dəyərləndirir. Lakin hər iki mülahizə siyasi iradə, risk və məsuliyyət arasındakı münasibətlərin nə qədər mürəkkəb olduğunu anlamağa imkan verir.

Şəxsiyyət və tarix: hadisələrin gedişini kim müəyyənləşdirir?

Siyasi fəlsəfənin ən mürəkkəb problemlərindən biri şəxsiyyətlə tarixi proses arasındakı qarşılıqlı münasibətlər məsələsidir.

Ayrı-ayrı insanların dövlətin taleyində rolu nə dərəcədə böyükdür? Siyasi lider tarixi inkişafın istiqamətini dəyişmək qüdrətinə malikdirmi, yoxsa onun fəaliyyəti son nəticədə obyektiv şəraitin hökmü ilə müəyyən olunur?

Müasir siyasi elm, bir qayda olaraq, bu yanaşmaları bir-birini istisna edən deyil, qarşılıqlı surətdə tamamlayan baxışlar kimi qiymətləndirir.

Dövlət xadiminin şəxsiyyəti, həqiqətən də, siyasi qərarların xarakterinə, strateji prioritetlərin seçilməsinə və böhranlardan çıxış yollarının müəyyənləşdirilməsinə təsir göstərmək iqtidarındadır. Lakin bu təsirin imkanları həmişə tarixi mühit, dövlətin resursları, beynəlxalq şərait və mövcud institutlarla məhdudlaşır.

Mixail Qusmanın kitabı məhz bu qarşılıqlı əlaqə haqqında düşünmək üçün zəngin material verir. Əsərin qəhrəmanlarının siyasi taleləri tamamilə fərqli şəraitlərdə formalaşmışdır.

Heydər Əliyev sovet respublikasına rəhbərlikdən müstəqil dövlətin prezidentliyinə qədər mürəkkəb siyasi yol keçmişdir.

Si Tsinpin siyasi təşəkkülündə partiya təşkilatının, tarixi varisliyin və uzunmüddətli dövlət proqramlarının xüsusi əhəmiyyət daşıdığı siyasi sistemdə formalaşmışdır.

Rəcəb Tayyib Ərdoğan gərgin siyasi mübarizə məktəbindən keçərək liderliyin, milli kimliyin və dövlət inkişafının mahiyyəti haqqında özünəməxsus baxışlar sistemi yaratmışdır.

Kasım-Jomart Tokayev prezidentlik vəzifəsinə zəngin diplomatik təcrübəyə malik dövlət xadimi kimi gəlmişdir.

Henri Kissincer dövlət başçısı olmasa da, diplomatik fəaliyyəti və xarici siyasət konsepsiyalarının işlənib hazırlanması vasitəsilə beynəlxalq siyasətə ciddi təsir göstərmişdir.

Antonio Quterreş isə siyasi rəhbərliyin tamamilə fərqli bir modelini – fəaliyyət imkanları dövlətlərin maraqlarının uzlaşdırılmasından asılı olan beynəlxalq təşkilata rəhbərlik nümunəsini təmsil edir.

Bu siyasi tərcümeyi-hallar göstərir ki, liderlik tarixi kontekstdən kənarda mövcud ola bilməz.

Lakin daha maraqlı olan başqa bir həqiqətdir: eyni tarixi şərait rəhbərin dünyagörüşündən, təcrübəsindən və xarakterindən asılı olaraq tamamilə fərqli siyasi qərarların qəbuluna gətirib çıxara bilər.

Şəxsiyyətin siyasətdə əhəmiyyəti məhz burada üzə çıxır. Dövlət xadimi fəaliyyət göstərəcəyi tarixi dövrü özü seçməsə də həmin dövrün qarşıya qoyduğu çağırışlara necə cavab veriləcəyinin müəyyənləşdirilməsində iştirak edir. Dövlətin sonrakı inkişafı isə böyük ölçüdə məhz bu cavabların xarakterindən asılı olur.

Bu baxımdan siyasi varislik problemi xüsusi maraq doğurur.

Mixail Qusmanın kitabında həmin problem Heydər Əliyevlə İlham Əliyevin fikirlərinin müqayisəsi vasitəsilə konkret məzmun qazanır.

Oğlunun siyasi gələcəyi haqqında düşünərkən Heydər Əliyev etiraf edir: «Bilirsiniz, burada mənim hisslərim ikiləşir». 

Bu ifadədə yalnız atanın oğlunun taleyinə şəxsi münasibəti deyil, həm də siyasi yolun bütün mürəkkəbliyinin dərindən dərk edilməsi öz əksini tapır. Bir tərəfdən, siyasi təcrübənin ötürülməsi varisliyin mühüm amili kimi qiymətləndirilə bilər. Digər tərəfdən, hər bir dövlət rəhbəri qaçılmaz olaraq öz dövrünün tarixi reallıqları ilə üzləşir və meydana çıxan problemlərin həlli yollarını müstəqil müəyyənləşdirməli olur.

Heydər Əliyev siyasətçi kimi İlham Əliyevin qabiliyyətini və onun dövlətçilik fəaliyyətini davam etdirmək imkanlarını görürdü. Ata kimi isə siyasi karyeranın hansı sınaqlarla müşayiət olunduğunu yaxşı anlayırdı: «O, çox istedadlı insandır, siyasətdə də istedadlıdır. Buna görə hesab edirəm ki, siyasi sahədə fəaliyyətini davam etdirə bilər».

Bunun davamını arzulayıb-arzulamadığı barədə suala isə belə cavab verir: «Mən bunu istərdim».

Diqqətəlayiqdir ki, bu sözlər 2001-ci ildə, sonrakı siyasi hadisələrin inkişaf istiqamətinin hələ əvvəlcədən müəyyənləşmədiyi bir dövrdə söylənilmişdi.

Sonralar İlham Əliyev atasının siyasi məktəbini xatırlayaraq deyəcəkdi: «Böyük insanın oğlu olmaq, eləcə də mühüm qərarların qəbul edildiyi anlarda onun yanında olmaq böyük xoşbəxtlikdir. Buna görə də bu, mənim üçün böyük məktəbdir».

Bu fikirlər siyasi varisliyə iki mühüm müstəvidə yanaşmağa imkan verir.

Birinci müstəvi dövlətçilik təcrübəsinin, müəyyən strateji təsəvvürlərin və milli maraqlar haqqında düşüncə tərzinin ötürülməsi ilə bağlıdır.

İkinci müstəvi isə dəyişən tarixi şəraitdə müstəqil siyasi seçim etmək zərurətini əhatə edir. Axı varislik tarixi dövrlərin özünün də eyniliyi demək deyil.

Suverenlik: dövlətin hüququ və siyasi rəhbərliyin məsuliyyəti

Strateji seçim problemi xarici siyasəti mürəkkəb geosiyasi mühitdə formalaşan dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edir.

Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Mixail Qusmanın kitabında yer alan mülahizələri xüsusi maraq doğurur.


Onunla aparılan söhbətdə milli maraqlar, beynəlxalq əməkdaşlıq, tarixi yaddaş və iqtisadi inkişaf məsələləri dövlət siyasətinin bir-biri ilə sıx bağlı olan üzvi tərkib hissələri kimi nəzərdən keçirilir. Diqqətəlayiqdir ki, söhbət yalnız diplomatiyanın ənənəvi problemləri ilə məhdudlaşmır. Nəqliyyat kommunikasiyaları, energetika, iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq təşəbbüslər və Azərbaycanın regional proseslərdə rolu kimi məsələlər də müzakirə olunur. Belə bir yanaşma dövlət suverenliyinin müasir anlamının mühüm bir xüsusiyyətini üzə çıxarmağa imkan verir.

Məhz burada siyasi iradə ilə dövlətin iqtisadi imkanları arasında prinsipial qarşılıqlı əlaqə meydana çıxır.

İlham Əliyevin Mixail Qusmanla söhbətinin mühüm mövzularından biri də tarixi yaddaşdır.

İkinci Dünya müharibəsi, Azərbaycanın faşizm üzərində Qələbəyə verdiyi töhfələr və tarixin saxtalaşdırılmasının yolverilməzliyi haqqında mülahizələr tarixi şüurun müasir dövlət siyasətində hansı yer tutduğu barədə düşünməyə əsas verir.

Bu mənada İlham Əliyevin müsahibəsi sadəcə Azərbaycanın daxili və xarici siyasətinin ayrı-ayrı istiqamətlərinin təqdimatı kimi maraq doğurmur. O, daha geniş bir problemin araşdırılmasına imkan yaradır: dövlət tarixi yaddaşı, iqtisadi imkanları və xarici siyasət strategiyasını milli prioritetlərin vahid sistemində necə birləşdirir?

Dövlətin qüdrəti və siyasi niyyətin gücü

İlham Əliyevin milli maraqlar və strateji inkişaf haqqında mülahizələrini Si Tsinpinin dövlətin uzunmüddətli məqsədləri barədə təsəvvürləri ilə müqayisə etmək maraqlıdır.

Əlbəttə, söhbət ərazisinə, əhalisinə, iqtisadi imkanlarına, siyasi sisteminə və beynəlxalq münasibətlərdə tutduğu mövqeyə görə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən ölkələrdən gedir.

Lakin məhz bu fərqlər strateji təfəkkürün müəyyən ümumi qanunauyğunluqlarını üzə çıxarmağa imkan verir.

Si Tsinpinə həsr olunmuş materialda Çin inkişafının tarixi varisliyi ideyası xüsusi yer tutur. Müasir dövlət siyasəti çoxəsrlik sivilizasiya ənənələri və milli inkişafın uzunmüddətli vəzifələri kontekstində nəzərdən keçirilir. Belə yanaşma dövlətin strateji məqsədlərinin yalnız yaxın siyasi hadisələrin zaman üfüqü ilə məhdudlaşa bilməyəcəyini nəzərdə tutur. Bu məqsədlər ardıcıllıq, institusional təşkilatlanma və cari qərarları uzunmüddətli prioritetlərlə uzlaşdırmaq bacarığı tələb edir.

Bununla yanaşı, burada prinsipial bir sual meydana çıxır: uzunmüddətli strategiya hansı səviyyədə rəhbərin şəxsiyyətindən, və nə qədər dövlət institutlarının dayanıqlığından asılıdır?

Bu baxımdan Mixail Qusmanın kitabında təqdim edilən müxtəlif dövlət idarəçiliyi modelləri zahiri oxşarlıqlarına görə deyil, qərarların qəbul edilməsi və siyasi məqsədlərin həyata keçirilməsi mexanizmlərinin təhlili əsasında müqayisəli şəkildə öyrənilməyə layiqdir.

Bu kontekstdə Rəcəb Tayyib Ərdoğanın siyasi təcrübəsi də xüsusi maraq doğurur.

Mixail Qusmanla söhbətində Türkiyə lideri öz siyasi həyat yoluna, ictimai dəyərlərə, milli kimliyə və Türkiyədə həyata keçirilmiş dəyişikliklərə müraciət edir.


Onun mülahizələrində siyasi iradə kateqoriyası mühüm yer tutur. Lakin siyasi iradə özlüyündə dövlət idarəçiliyinin yalnız bir ünsürüdür. O, institusional imkanlarla, iqtisadi resurslarla və ictimai dəstəklə birləşdikdə qurucu məna kəsb edir. Əks halda, qətiyyət siyasi risklərin cəmləşməsinə və ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxara bilər.

Çin, Türkiyə və Azərbaycanın təcrübələrinin müqayisəsi universal əhəmiyyət daşıyan bir sualı gündəmə gətirir – Dövlət strategiyasını həyat qabiliyyətli edən nədir?

Milli iddiaların miqyası?

Rəhbərin şəxsiyyəti?

İqtisadi potensial?

Yoxsa institusional dayanıqlıq?

Görünür, bu amillərin heç biri ayrılıqda kifayət etmir. Dövlətin strateji yetkinliyi onların mürəkkəb qarşılıqlı təsiri nəticəsində formalaşır.

Hakimiyyət strateji seçim sənəti kimi

Mixail Qusmanın kitabında bu problem müxtəlif siyasi ənənələri və beynəlxalq diplomatiya məktəblərini təmsil edən dövlət xadimlərinin mülahizələri vasitəsilə açılır. Bu baxımdan adı onilliklər boyu geosiyasi realizmin nəzəriyyəsi və praktikası ilə bağlı olmuş Henri Kissincerin düşüncələri xüsusi maraq doğurur.

Kissincer beynəlxalq münasibətlərə öz maraqlarını, tarixi təcrübəsini və təhlükəsizlik haqqında təsəvvürlərini rəhbər tutan dövlətlərin qarşılıqlı fəaliyyətindən ibarət mürəkkəb sistem kimi yanaşan siyasi mütəfəkkirlərdən idi. Lakin onun siyasi fəlsəfəsini yalnız güc rəqabəti ideyasına müncər etmək məsələyə bəsit yanaşma olardı.

Mixail Qusmanla söhbətində Kissincer təkcə öz dövlətinin deyil, beynəlxalq münasibətlərin digər iştirakçılarının da məqsədlərini anlamağın zəruriliyinə diqqət çəkir. İlk baxışda bu fikir hamıya məlum həqiqət təsiri bağışlaya bilər. Əslində isə o, diplomatiyanın ən mürəkkəb problemlərindən birinə toxunur.

Diplomatiya başqasını anlamaq sənəti kimi

Diplomatiya siyasi rəhbərin beynəlxalq reallığın yalnız öz dövlətinin təsəvvürləri ilə məhdudlaşmadığını dərk etdiyi məqamdan başlanır. Henri Kissincerin beynəlxalq danışıqlar haqqında mülahizələrindən də məhz bu fikir keçir. Onun diplomatik təcrübəsi aparıcı dövlətlər arasında münasibətlərin dərin ideoloji qarşıdurma və daimi hərbi eskalasiya təhlükəsi ilə səciyyələndiyi soyuq müharibə dövründə formalaşmışdı.

Müəyyən mənada diplomatiya ziddiyyətlərlə rasional davranmaq sənətidir. Onun vəzifəsi heç də bütün fikir ayrılıqlarını aradan qaldırmaqdan ibarət deyil. Çünki bu, çox zaman mümkün olmur. Diplomatiyanın əsas məqsədlərindən biri həmin ziddiyyətlərin dağıdıcı istiqamətdə inkişafının qarşısını almağa imkan verən mexanizmlər tapmaqdır.

Bu baxımdan peşəkar tərcümeyi-halı diplomatik fəaliyyətlə sıx bağlı olan Kasım-Jomart Tokayevin mülahizələri də maraq doğurur. Onun təcrübəsi siyasi liderliyə beynəlxalq əməkdaşlıq, danışıqlar mədəniyyəti və dövlətlərin qarşılıqlı asılılığının dərk edilməsi prizmasından yanaşmağa imkan verir.

Qlobal böhranların aradan qaldırılmasında dövlətlər arasında etimada əsaslanan münasibətlərin zəruriliyi haqqında düşüncələr xüsusilə diqqətəlayiqdir. Məsələnin bu şəkildə qoyuluşu konkret tarixi şəraitin hüdudlarından xeyli kənara çıxan əhəmiyyət daşıyır.

Qüdrətsiz hakimiyyət: beynəlxalq liderliyin paradoksu

Hakimiyyət fəlsəfəsi baxımından Mixail Qusmanın ən maraqlı müsahiblərindən biri BMT-nin Baş katibi Antonio Quterreşdir. Onun mövqeyi dövlət başçılarının mövqeyindən əhəmiyyətli dərəcədə fərqlənir.

Suveren dövlətin rəhbəri müəyyən konstitusion səlahiyyətlərə, dövlət aparatına, iqtisadi resurslara və siyasi qərarların həyata keçirilməsi vasitələrinə malikdir.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi isə prinsipial baxımdan fərqli institusional mühitdə fəaliyyət göstərir. Onun imkanları böyük ölçüdə BMT Nizamnaməsi, üzv dövlətlərin qərarları və beynəlxalq sistemin aparıcı iştirakçıları arasındakı münasibətlərin xarakteri ilə müəyyən olunur.

Mixail Qusmanla söhbətində Quterreş öz hakimiyyət imkanlarının məhdudluğuna diqqət çəkir. Bu etiraf məhz kitabın adı kontekstində son dərəcə maraqlıdır. Dünyanın ən böyük universal beynəlxalq təşkilatına rəhbərlik edən şəxs ənənəvi olaraq dövlət rəhbərliyi ilə əlaqələndirilən geniş hakimiyyət səlahiyyətlərinə malik deyil. Lakin bu, onun siyasi təsir imkanlarının olmadığı anlamına gəlirmi? Əlbəttə, yox.

Quterreşin düşüncələri prinsipial bir nəticə çıxarmağa əsas verir – Hakimiyyətə malik olmaq heç də həmişə real imkanlara sahib olmaq demək deyil. Eyni zamanda geniş hakimiyyət səlahiyyətlərinin olmaması siyasi təsir imkanlarını istisna etmir.

Mixail Qusman: jurnalistika tarixlə dialoq kimi

Elə kitablar vardır ki, onların əhəmiyyəti, ilk növbədə, ehtiva etdikləri faktlarla müəyyən olunur.

Elə əsərlər də vardır ki, dəyəri müəllif düşüncəsinin orijinallığındadır.

Lakin bir də elə kitablar mövcuddur ki, onlar səhifələrində səsləri qorunub saxlanılan insanların sayəsində xüsusi əhəmiyyət qazanır.

Mixail Qusmanın «Hakimiyyətin formulu» məhz belə əsərlərdəndir.


Bununla belə, həmin kitabı yalnız tanınmış dövlət xadimləri ilə aparılmış müsahibələr toplusu kimi qiymətləndirmək ədalətsizlik olardı.

Əslində, qarşımızda təkcə peşəkar jurnalist məharəti deyil, həm də dünya siyasətini, diplomatik protokolu, müxtəlif dövlətlərin milli xüsusiyyətlərini və siyasi liderliyin psixologiyasını dərindən bilməyi tələb edən çoxillik əməyin nəticəsi dayanır.

Dövlət hakimiyyətinin zirvəsində dayanan insanla söhbət jurnalistikanın xüsusi bir janrıdır. Belə müsahib ictimai diqqətə, rəsmi bəyanatlara və hər sözü ölçülüb-biçilmiş ifadələrə alışmış olur. Onun söylədikləri siyasi nəticələr doğura, ayrı-ayrı qiymətləndirmələri isə dövlətin rəsmi mövqeyinin ifadəsi kimi qəbul edilə bilər.

Buna görə də müsahibə aparan jurnalistin vəzifəsi əvvəlcədən hazırlanmış suallara cavab almaqla məhdudlaşmır. Elə bir mühit yaratmaq lazımdır ki, dövlət xadimi alışılmış rəsmi ritorikanın hüdudlarından kənara çıxa, şəxsi həyat təcrübəsinə, əqidəsinə və dünya haqqında təsəvvürlərinə müraciət edə bilsin.

Mixail Qusmanın jurnalist metodunun özünəməxsusluğu məhz burada üzə çıxır. O, siyasi problematikanı söhbətin insani ölçüsü ilə birləşdirməyi bacarır. Onun müsahibələrində beynəlxalq münasibətlər haqqında suallar uşaqlıq xatirələri, peşəkar formalaşma, ailə həyatı, tarixi görüşlər və şəxsi yaşantılarla yanaşı yer alır.

Əlbəttə, fəaliyyətdə olan dövlət rəhbərləri ilə müsahibə nə tənqidi jurnalist araşdırmasını, nə də hərtərəfli tarixi tədqiqatı əvəz edə bilər. Lakin onun başqa, heç də az əhəmiyyətli olmayan funksiyası vardır. O, siyasi proseslərin bilavasitə iştirakçısının canlı şəhadətini qoruyub saxlayır. Hadisələrlə aramızdakı tarixi məsafə artdıqca həmin şəhadətləri sonrakı proseslərlə müqayisə etmək imkanı daha böyük maraq doğurur.

Bu mənada Mixail Qusmanın kitabı özünəməxsus ikili baxış perspektivinə malikdir.

Bir tərəfdən, o, müasir dövrə ünvanlanmışdır. Çünki dövlətlərin və beynəlxalq təşkilatların rəhbərlərinin siyasi təsəvvürlərini anlamağa imkan verir.

Digər tərəfdən isə müəyyən tarixi dövrlərin intellektual və siyasi ab-havasını qeydə alaraq istər-istəməz tarixi yaddaşın bir hissəsinə çevrilir. Məhz buna görə də «Hakimiyyətin formulu»nu yalnız siyasi jurnalistika nümunəsi deyil, həm də müasir beynəlxalq tarixin özünəməxsus salnaməsi kimi qiymətləndirmək mümkündür. Özü də hadisələrin siyasi proseslərin bilavasitə iştirakçılarının düşüncələri vasitəsilə təqdim olunduğu bir salnamə kimi.

Xüsusilə diqqətəlayiqdir ki, Mixail Qusman bu qədər fərqli müsahibləri vahid ideoloji və ya siyasi sxemə tabe etdirməyə çalışmır. Əksinə, kitabın dəyəri böyük ölçüdə orada təqdim olunan baxışların rəngarəngliyi ilə müəyyən olunur. Burada dövlət, siyasi hakimiyyət, milli maraqlar, beynəlxalq əməkdaşlıq və tarixi məsuliyyət haqqında müxtəlif təsəvvürlər bir araya gəlir.

Məhz bu rəngarənglik oxucuya müasir siyasi reallığın mürəkkəbliyini görmək imkanı yaradır. Axı dünya heç zaman vahid siyasi fəlsəfənin çərçivələri daxilində mövcud olmamışdır. Dövlətlər tarixi təcrübələrinə, mədəni ənənələrinə, iqtisadi imkanlarına və ədalətli beynəlxalq nizam haqqında təsəvvürlərinə görə bir-birindən fərqlənirlər. Buna görə də hakimiyyətin universal formulunu tapmaq cəhdi istər-istəməz onun tarixi təzahürlərinin rəngarəngliyi ilə qarşılaşır.

Məhz burada kitabın adı əlavə məna qazanır. Bəlkə də, Mixail Qusman oxucuya siyasi qüdrətin hazır formulunu təqdim etməyə heç çalışmır.

Bəlkə, onun müəllif niyyəti daha maraqlıdır: hakimiyyətə aparan yolların, onu həyata keçirmək üsullarının və hakimiyyətin təyinatı haqqında təsəvvürlərin nə qədər fərqli ola biləcəyini göstərmək… Və qərarları dünya tarixinin bir hissəsinə çevrilən insanları nəyin birləşdirdiyi barədə düşünmək imkanını oxucunun özünə vermək.

Nəticə əvəzi. Hakimiyyətin formulu varmı?

Beləliklə, hakimiyyətin universal formulu mövcuddurmu?

Mixail Qusmanın kitabı ilə tanışlıqdan sonra bu suala cavab vermək eyni zamanda həm asanlaşır, həm də çətinləşir.

Asanlaşır, çünki qarşımızda siyasi liderliyin müqayisəli şəkildə mənalandırılması üçün son dərəcə zəngin material açılır.

Çətinləşir, çünki siyasi talelərin, tarixi şəraitlərin və dövlət idarəçiliyi haqqında şəxsi təsəvvürlərin müxtəlifliyi hakimiyyəti vahid universal qaydaya sığdırmağın mümkünsüzlüyünə inandırır.

Bəziləri üçün hakimiyyət irimiqyaslı dövlət layihələrinin həyata keçirildiyi fəaliyyət meydanına çevrilir. Digərləri üçün o, daim mənəvi seçim etməyi tələb edən ağır sınaqdır. Üçüncülər üçün hakimiyyət maraqların diplomatik yolla uzlaşdırılması sənətidir. Dördüncülər üçün isə geniş formal səlahiyyətlərə malik olmadan belə, beynəlxalq proseslərə təsir göstərmək imkanıdır.

Lakin bütün bu fərqlərin arxasında müəyyən ümumi cəhətlər də üzə çıxır.

Hakimiyyət insana ictimai nüfuz, təsir imkanları və cəmiyyətin dəyişdirilməsində iştirak etmək fürsəti verə bilər. Lakin eyni zamanda onun üzərinə elə bir məsuliyyət qoyur ki, siyasi karyeranın başa çatması insanı həmin məsuliyyətdən azad etmir. Çünki dövlət qərarlarının nəticələri onları qəbul etmiş şəxslərin hakimiyyətdə olduğu müddətdən qat-qat uzun yaşayır.

Məhz bu nöqtədə siyasət tarixlə qovuşur... jurnalistika isə tarixi yaddaşa.

Mixail Qusman müasir dövrün ən mühüm siyasi proseslərinin mərkəzində olmuş insanların düşüncələrini oxucular üçün qoruyub saxlamağa müvəffəq olmuşdur.

O, həmin insanlara hakimiyyət haqqında öz təsəvvürlərini ifadə etmək imkanı yaratmış, bizə isə bu baxışları müqayisə etmək və onların daha dərin mənası üzərində düşünmək fürsəti vermişdir.

Kitabın başlıca dəyərlərindən biri də məhz bundadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol