Menu

HANSI SOSİAL MÜAVİNƏTLƏR ARTIRILIR? – Bahalaşma və demoqrafik problemlər hökuməti hərəkətə geçirdi

04.11.2026, 14:38
HANSI SOSİAL MÜAVİNƏTLƏR ARTIRILIR? – Bahalaşma və demoqrafik problemlər hökuməti hərəkətə geçirdi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında ölkənin əsas maliyyə sənədi – "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

“AzPolitika” xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.

Son nəticədə dövlət büdcəsində illik müqayisədə 1,7% çox olmaqla 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. 2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 619,2 milyon manat (2026-cı illə müqayisədə 5,9% çox), xərclərinin isə 50 milyard 377,1 milyon manat (3,1% çox) olacağı gözlənilir. İcmal büdcədə yaranacaq 2 milyard 757,9 milyon manat kəsir isə illik müqayisədə 28,7% azdır.

Maliyyə naziri Sahil Babayevin komitə iclasında açıqladığı məlumata görə, 2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 9 milyard 272,5 milyon manat (2026-cı illə müqayisədə 9,3% çox) olması proqnozlaşdırılır. Xərclərin 9 milyard 220,5 milyon manatının DSMF-nin gəlirləri, 52 milyon manatının isə cari ilin sonuna istifadə olunmamış qalığı hesabına ödənilməsi nəzərdə tutulur.

2027-ci il dövlət büdcəsi layihəsinə əsasən bir sıra sosial müavinət və ödənişlərin məbləği əhəmiyyətli məbləğdə artırılır.

Belə ki, dəfn xərcləri, uşağın doğulmasına görə birdəfəlik ödənişlərin və uşağa qulluq müavinətlərin artırılması nəzərdə tutulur.

Layihəyə əsasən pensiyaçılar üçün dəfn pulunun orta məbləğinin 946 manatdan 1200 manata, sığortaolunanlar üçün isə 590 manatdan 700 manata çatdırılması proqnozlaşdırılır.

Dəfn müavinətlərinin məbləğinin artırılması ilk növbədə inflyasiya və bazar qiymətlərindəki real bahalaşma ilə birbaşa bağlıdır. Son illər Azərbaycanda dəfn mərasimlərinin təşkili ilə bağlı xərclər kəskin artaraq bir sıra vacib xərc istiqamətlərini əhatə edib:

-Torpaq sahəsinin ayrılması, qəbiristanlıq xidmətləri, tabut, qəbirin qazılması və hörülməsi ilə bağlı xərclər;

-Yas mərasimlərinin (3, 7, 40 və il mərasimləri, qəbirdaşı qoyulması s.) təşkili, ehsan süfrələri və ərzaq məhsullarının qiymət artımı;

-Cənazənin daşınması, çadır, qab-qacaq kirayəsi və digər zəruri tədbirlər.

Hazırda verilən məbləğ vətəndaşların ağır gündə çəkdikləri real xərclərin çox kiçik bir hissəsini qarşılayır. Müavinətin artırılması dövlətin bu istiqamətdə sosial yükü qismən də olsa üzərinə götürməsi baxımından mühüm addımdır.

Doğum sayının kəskin azlaması hökuməti hərəkətə gətirdi

Ölkədə son illər müşahidə olunan demoqrafik vəziyyət və doğum sayının dinamikası ciddi azalma tendensiyasının hökm sürdüyünü açıq şəkildə göstərir. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, son illərdə doğulan uşaqların sayı kəskin şəkildə aşağı düşüb:

2021: 112 284 nəfər

2022: 122 846 nəfər

2023: 112 620 nəfər

2024: 102 310 nəfər

2025: 95 875 nəfər

Qeyd edək ki, 2026-cı ilin ilk 8 ayında ölkədə cəmi 56 404 körpə dünyaya gəlib ki, bu il sonuna doğum sayının 90 minin altında qalacağına dair bədbin gözləntilər yaradıb.

Statistikadan göründüyü kimi, illik doğum göstəricisi tarixi minimum həddinə yaxınlaşıb. Demoqrafik tarazlığın qorunması və əhalinin təbii artım sürətinin aşağı düşməsinin qarşısının alınması üçün dövlət tərəfindən güclü stimullaşdırıcı tədbirlərə ehtiyac vardı.

Məhz bu səbəbdən 2027-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, uşağın doğulmasına görə ödəniləcək birdəfəlik məbləğin 600 manatdan 1500 manata çatdırılması nəzərdə tutulur (900 manat artım). Bu kəskin artım gənc ailələrə ciddi maddi dəstək olmaqla yanaşı, doğum səviyyəsinin stimullaşdırılmasına hesablanmış vacib sosial siyasət alətidir.

İşləyən analara uşağa qulluq müavinətinin artırılması da bu yanaşmanın tərkib hissəsidir. Belə ki, işləyən analara uşaqlarının 3 yaşına qədər təmin edilməsi üçün ayrılan əvvəlki məbləğlər mövcud inflyasiya və yaşayış minimumu fonunda kifayət qədər cüzi görünürdü. Anaların uşaqla evdə qaldığı dövrdə sosial müdafiəsinin gücləndirilməsi ölkənin ailə siyasətinin mərkəzində dayanmalıdır. Qeyd edək ki, layihədə bu mələğin 37 manatdan 100 manata qaldırılması təklif olunur.

Bundan əlavə gələn il hamiləliyə və doğuma görə müavinətin hesablanmasında bir iş gününə düşən orta gündəlik qazancın 50,57 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə isə 53,50 manat olacağı gözlənilir.

Ekspertlər  qeyd edirlər ki, bu cür dəstək mexanizmlərini daha uzun müddətə – məsələn, uşaqların 10 yaşa qədər olan dövrünü əhatə edəcək şəkildə genişləndirmək nəzəri olaraq mümkündür. Bu, həm uşaqların sağlam inkişafı, həm də anaların məşğulluq və sosial təminat hüquqlarının qorunması baxımından daha effektiv nəticələr verə bilərdi.

E.Rüstəmli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol