“Növbəti ilin büdcəsi fiskal dayanıqlığı ilə diqqəti cəlb edir. Büdcə xərclərinin dayanıqlığı baxımdan qeyri-neft sektorunun payının artırılması mühümdür. Bu istiqamətdə də son illər real addımlar atılır”.
“AzPolitika” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O bildirib ki, gələn il Dövlət Neft Fondundan transferlər 935 milyon manat az planlaşdırılması da iqtisadi diversifikasiya siyasətinə uyğundur. Bununla belə, gələn il ÜDM-də payı 21.8 faiz olacaq qeyri neft-qaz sektor nisbətinin növbəti illər daha da artırılması prioritetliyini qoruyub saxlayır: “İqtisadi artım proqnozlarındakı kənarlaşmalar xüsusi diqqəti çəkir. Bu ilin büdcə paketi təqdim edilən zaman 2026-cı ildə iqtisadi artım 2.9 faiz proqnozlaşdırılsa da ilk 9 ayın yekunları göstərir ki bu hədəfə çatmaq real görünmür. Son illər proqnoz ilə real nəticələr arasında fərq özünü göstərməkdədir.
Makroiqtisadi proqnozlara geosiyası gərginlik və eləcə də qlobal xarici faktorların təsirləri qiymətləndirilsə də, qardaş Mərkəzi Asiya dövlətlərinin real artım faizləri göstərir ki, digər faktorlara da baxılması vacibdir.
İlk dəfə olaraq bir sıra dövlət müəssisələri, o cümlədən AZAL tərəfindən dividendin ödənilməsi müsbət haldır. Gömrük Komitəsi 7.8 faiz çox, 6 milyard 868 milyon manat proqnozlaşdırılır. Amma Gömrük Komitəsinin fiskal funksiyasından daha çox iqtisadi təhlükəsizliyi qoruması funksiyasının önə çıxarılmasına ehtiyac var. Qlobal risklər və imkanlar qeyd olunur. Daxili çağrışların da ayrıca qeyd edilməsinə ehtiyac var”.
Millət vəkili əlavə edib ki, büdcə zərifi ilə tanışlıq kontrsiklik siyasətdən prosiklik siyasətə keçildiyindən xəbər verir. Gələn il fiskal optimallaşdırma və bir sıra vergi güzəştlərində dəyişiklik də bu kontekstdən qiymətləndirilməlidir: “Cari xərclər 26 milyard 400 milyon manat olacaq. Büdcənin 23 milyard 774 milyon manatlıq qeyri neft-qaz gəlirləri hələ də cari xərcləri ödəmir. Bu nisbətdə əvvəlki illə müqayisədə 2.1 faiz çox payın olması müsbət haldır. Bununla yanaşı, resurssuz gəlirlərin cari xərcləri ödəməsi hər zaman prioritetdir.
Gələn il 18 milyard 773 milyon manat, ümumi 44.2 faiz və bu ilin proqnozuna nisbətən 9.2 faiz çox vəsaitin sosial sferaya yönəldilməsi müsbət haldır. Sosial xərclərin hesablanması metodologiyasının ayrıca qeyd olunması ehtiyac var. Doğrudur, struktur təqdim edilir. Amma, məsələn ərzaq məhsullarının alınması sosial xərclərin strukturundadır və tip istiqamətlərin daha ətraflı əsaslandırılmasına ehtiyac var.
Gələn il məqsədli kənd təsərrüfatı tədbirləri üçün 800.9 milyon manat, 44.7 faiz çoxdur. Ərzaqlıq buğda təminatı üzrə 30.4 milyon manat ayrılacaq. Subsidiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. 2025-ci ildə 510 milyon manat subsidiya verilib. Son 5 ildə dövlət büdcəsindən ödənilən subsidiya məbləği 35 faiz artıb. Bu isə subsidiyaların Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına, ixracatına və eləcə də məhsuldarlığa təsirlərinin ayrıca qiymətləndirilməsini aktuallaşdırır.
Hazırda subsidiyaların verilməsinə əsas meyar müasir suvarma sistemləri ilə təmin olunma səviyyəsidir. Müasir suvarma sistemindən istifadə edən dənli bitkilər, o cümlədən buğda, arpa yetişdirən fermerlərə hər hektara görə 400 manat ödənilir və bu zaman 2 əmsalından istifadə edilir. Bununla yanaşı, hələ də bir sıra məhsulların istehlakında idxal xüsusi paya malikdir. 2025-ci ildə Azərbaycana ümumilikdə 275 milyon 626 min dollar dəyərində 1 milyon 267,3 min ton buğda idxal edilib. 2025-ci ildə ölkədə ümumi dənli bitkilərin (buğda və arpa) istehsalı 3.3 milyon ton səviyyəsində olub. Lakin yerli istehsalın daxilində strateji əhəmiyyətli ərzaqlıq buğda istehsalı cəmi 130 min ton təşkil edib, yerdə qalan hissə isə əsasən yemlik buğdadır. Göründüyü kimi, istehsal üçün istifadə edilən buğdanın əhəmiyyətli hissəsi idxal edilir. Fiskal risklər ümumidir, ölçülə bilən olmalıdır”.
V. Bayramov bildirib ki, Mərkəzi Bankın rəsmi ehtiyatları artıb. İntervensiya edərək strelizasiya edib: “Hazırda 15 milyard 430 milyon dollardır. 2026-cı ilin ilk 10 ayında 4 milyard dollara yaxın artım deməkdir. Manata inamın artması müsbət haldır və göstəricilər də onu təsdiq edir. Amma iqtisadi fəallığın proqnozlaşdırılandan az olması dollara tələbinə necə təsir göstərib?
2026-cı ilin ilk yarısında xarici valyutada kreditlər 19.0 faiz, milli valyutada 10.9 faiz, ümumii isə 12.1 faiz artıb. Xarici valyutada kreditlərin artma səbəbləri nədir? İnşaat sektoru 2026-cı ilin yanvar-sentyabr aylarında 8.7 faiz azalıb. 5.5 milyard manat olub, əvvəlki il 5.9 milyard manat. Səbəbləri və ÜDM artımına təsirləri qiymətləndirilibmi? Bu ilin yanvar-sentyabr aylarında xarici mənbələrdən yönəldilmiş investisiyalar qeyri-neft-qaz sektoru 16.1 faiz azalıb. Bu istiqamətdə hansı işlər görülür. ÜDM-in strukturuna uyğun statistikanın verilməsinə ehtiyac var”.


Şərhlər