ABŞ-da keçrilən aralıq seçkilərində ilkin hesablamalara görə, demokratların qələbə qazanması Tramp administrasiyasının gələcək aqibəti və onun Yaxın Şərq, eləcəd də İran siyasətinin hansı istiqamətə yönələcəyi barədə sualları gündəmə gətirir. Maraqlıdır, demokratlar qalib gəlsələr, Trampın aqibəti necə olacaq? Ümumiyyətlə, ABŞ-ın İran və Yaxın Şərq siyasətində nələr dəyişə bilərmi?
Mövzunu "Azpolitika"ya şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, seçkilərdə demokratlar qalib gəlsə, bu, həm Tramp, həm də respublikaçılar üçün çox ağır nəticələrə səbəb olacaq:
"Artıq seçki nəticələrinin sayılması onu göstərir ki, artıq Demokratlar Partiyası ştatlardakı seçkilərdə qalib gəlib. Yəni əsas qubernatorlar demokratlardan seçilib. Hətta Respublikaçılar Partiyasının "qala"sı hesab olunan Texas ştatında belə 38 il sonra ilk dəfə demokratlar qalib gəlib. Eyni zamanda Senat da demokratların əlinə keçib. Bu, Tramp üçün çox ciddi problem yaradacaq bir məsələdir. İlk növbədə büdcə məsələsində öz təsirini göstərəcək. Yaxın vaxtlarda ABŞ-ın büdcəsinin qəbul ediləcəyi gözlənilir. Burada konkret söz sahibi demokratlar olacaq. Ağ Ev demokratlarla razılığa gəlməlidir. Onların istədikləri məsələləri dövlət büdcəsi zərfinə daxil edərək qəbuluna nail olmalıdır. İkinci növbədə ABŞ-da demək olar ki, bütün məmur korpusu prezident tərəfindən təklif olunsa da, sonda Senat təsdiqləməlidir. Yəni burada da məmur vəzifələrinə təyinatlarda demokratlar söz sahibi olacaqlar. Belə ki, Trampın təklif etdiyi namizədləri bloklamaq imkanına malikdirlər".

Politoloqun sözlərinə görə, eyni zamanda impiçment məsələsi gündəmə gələ bilər:
"Tramp komandasının bir çox üzvü demokratlar tərəfindən impiçmentə məruz qala bilər. Yüksək çoxluğu qazanıblar, böyük səs sayına malikdirlər. Siyasi terminlə desək, bu, faktiki olaraq Tramp administrasiyasını "Topal ördək" vəziyyətinə salıb. Yəni hakimiyyətdə olsalar da, heç bir addım ata bilməyəcəklər. İran və Yaxın Şərq siyasətinə gəldikdə isə, burada çox böyük təzyiqlərin gözlənildiyini proqnoz edə bilərik. Xüsusən Trampın Yaxın Şərq siyasətinə Senat tərəfindən təzyiq edilməsi mümkündür. Məlumdur ki, Bayden administrasiyası İsrailə istədiyi dəstəyi vermirdi və İran məsələsində bir qədər kənarda dururdu. İndi eyni siyasətin davam etdirilməsi ehtimalı mövcuddur. Bu, ən çox prezident seçkilərinə hazırlıq məqsədi daşıyır. Görünür, Demokratlar Partiyasının prezident seçkilərində şansı çox böyükdür. Trampın İrana müdaxiləsi və bunun fonunda neft qiymətlərinin artması həm özünə, həm də mənsub olduğu Respublikaçılar Partiyasına baha başa gəldi. Nəticə etibarilə də seçkiləri uduzdular".
Politoloq Azəd Məsiyev də açıqlamasında bildirib ki, ABŞ-da keçirilən seçkilərin nəticələri təkcə öz cəmiyyətlərinə deyil, bütövlükdə dünya siyasətinə və beynəlxalq münasibətlər sisteminə təsir göstərə bilər:
"Amerika Birləşmiş Ştatları dünyanın əsas güc mərkəzlərindən biridir. Bu ölkədə baş verən siyasi proseslər, qəbul edilən qərarlar və hakimiyyətin yürütdüyü siyasət qlobal proseslərə birbaşa təsir edir. ABŞ cəmiyyətində baş verən hadisələr, o cümlədən respublikaçıların seçkilərdə mövqelərini itirməsi, əslində, Prezident Donald Trampın siyasətinin məntiqi nəticəsidir. Hesab edirəm ki, Trampın fəaliyyəti yalnız ayrı-ayrı siyasi qruplara deyil, bütövlükdə Amerika dövlətinin beynəlxalq nüfuzuna ciddi zərər vurur. Təbii ki, Amerika cəmiyyətinin bu siyasətə münasibəti seçkilərdə özünü göstərir.Qeyd etmək lazımdır ki, respublikaçıların uğursuzluğu birbaşa Trampın yürütdüyü siyasətlə bağlıdır. Bu baxımdan, Respublikaçılar Partiyası gələcək fəaliyyətini yenidən nəzərdən keçirməli, Trampın şəxsi siyasi ambisiyalarından daha çox dövlətçilik təcrübəsi olan, siyasi məsuliyyətini dərk edən və beynəlxalq münasibətlər sistemini anlayan şəxslərə üstünlük verməlidir. Demokratların həm Senatda, həm də Nümayəndələr Palatasında mövqelərini gücləndirməsi Trampın siyasətinə birbaşa təsir göstərəcək. Artıq Trampın öz çıxışlarında Demokratlar Partiyası ilə əməkdaşlığa hazır olduğunu bildirməsi də diqqət çəkir. Halbuki indiyədək demokratlarla əməkdaşlıq etməkdən yayınan Tramp indi bu istiqamətdə daha yumşaq mövqe nümayiş etdirir. Bu, onun siyasi mövqelərinin zəiflədiyinin göstəricilərindən biridir".

Ekspert qeyd edib ki, Trampın İranla bağlı yürütdüyü siyasət də uğursuzluqla nəticələnir:
"Bu siyasət həm beynəlxalq münasibətlərə, həm də ABŞ-ın daxili siyasi proseslərinə təsir göstərir. İranla bağlı atılan addımların gözlənilən nəticəni verməməsi Amerika cəmiyyətində narazılığı artırır və seçicilərin Demokratlar Partiyasına yönəlməsinə şərait yaradır. Tramp hazırda İranla bağlı məsələlərdə müxtəlif yollarla təzyiq göstərməyə və Tehranın Vaşinqtonun şərtlərini qəbul etməsinə nail olmağa çalışır. Lakin İran dövləti öz suverenliyini və milli maraqlarını qorumaq mövqeyindən çıxış edir. Trampın diktə etdiyi şərtlərin qəbul edilməməsi isə qarşıdurmanı daha da dərinləşdirir. Trampın mətbuat konfranslarından birində İran əməliyyatı ilə bağlı insan itkiləri və maliyyə xərcləri barədə verilən suala cavabı da diqqət çəkir. Onun verdiyi cavablar administrasiyanın həyata keçirdiyi siyasətin nəticələrinə görə məsuliyyət daşımaq istəmədiyi təəssüratını yaradır. Hesab edirəm ki, demokratların Konqresdə mövqelərini gücləndirməsi Trampın gələcək siyasi fəaliyyətinə ciddi təsir göstərəcək. Hətta müəyyən mərhələdə onun impiçmenti məsələsi də gündəmə gələ bilər. Hesab edirəm ki, yaxın dövrdə ABŞ-ın daxili siyasi həyatında ciddi qarşıdurmaların şahidi olacağıq".
Müşviq Tofiqoğlu
Azpolitika.info


Şərhlər