Menu

Zabitlər bir il tez rütbə alacaq – Bəs kimlərə aid ediləcək?

04.11.2026, 12:52
Zabitlər bir il tez rütbə alacaq – Bəs kimlərə aid ediləcək?

Azərbaycanda zabitlərin hərbi karyera yüksəlişi ilə bağlı yeni qanun dəyişikliyi qəbul edilib. Dəyişikliyə əsasən, magistratura, rezidentura və doktorantura təhsilini başa vuran zabitlərin növbəti hərbi rütbəyə yüksəlməsi üçün tələb olunan xidmət müddəti bir il azaldılır. Bəs bu yenilik əvvəlki güzəştlərdən nə ilə fərqlənir və zabitlər üçün hansı əlavə imkanlar yaradır?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu qanun dəyişikliyi ilk növbədə hərbi qulluqçuların təhsilə və elmi fəaliyyətə marağının artırılmasına xidmət edir:

"Çünki zabitlərin elmi biliklərinin genişlənməsi və peşəkar inkişafı ordunun intellektual potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Magistratura, rezidentura və doktorantura təhsili alan zabitlər üçün müəyyən güzəştlərin nəzərdə tutulması da məhz bu məqsədə xidmət edir. Belə ki, həmin təhsil pillələrini başa vuran hərbçilərin hərbi rütbədə olma müddətinin bir il azaldılması onların həm təhsil almağa, həm də elmi fəaliyyətlə məşğul olmağa marağını artıra bilər. Bu güzəşt zabitlərin digər hərbi qulluqçularla müqayisədə müəyyən üstünlük əldə etməsinə imkan yaradır. Çünki onlar hərbi xidmətlə yanaşı, elmi biliklərini də inkişaf etdirmək üçün əlavə stimul qazanırlar. Dünya təcrübəsində də hərbçilərin təhsilinə və elmi fəaliyyətinə xüsusi diqqət yetirilir. Hesab edirəm ki, magistratura, rezidentura və doktorantura təhsili alan zabitlərə belə güzəştlərin verilməsi müsbət addımdır. Bu imkanlardan yararlanan şəxslər gələcəkdə elmi sahədə daha dərin araşdırmalar apara, qazandıqları bilikləri hərbi xidmət zamanı tətbiq edə və ordunun inkişafına töhfə verə bilərlər".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol