Dünyadakı iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da təsir edir və ölkə qarşısında müəyyən çağırışlar yaradır. Fins.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında maliyyə naziri Samir Şərifov bildirib.
«Valyuta Fondu ikinci dəfədir ki, proqnozunu mənfiyə dəyişir»
Nazir xatırladıb ki, Beynəlxalq Valyuta Fondu bu il qlobal iqtisadi artım proqnozunu növbəti dəfə aşağı salıb. Başqa sözlə ilin əvvəlindən indiyədək BVF tərəfindən artıq ikinci dəfədir ki, proqnoz aşağı salır. Bu da hazırda beynəlxalq iqtisadi və maliyyə durumunda mövcud olan mürəkkəbliyi təsdiq edir.
«Yunanıstan və Çin dünya iqtisadiyyatını silkələyir»
Samir Şərifov bildirib ki, Yunanıstandakı problemlər və bu ölkənin avrozonanı tərk etmə riski, Çində iqtisadi artımın zəifləməsi və fond birjalarındakı təlatümlər xammal məhsullarına, o cümlədən neft və neft məhsullarının qiymətlərinə də mənfi təsir göstərməkdədir.
Qonşu ölkələrdə iqtisadi problemlər
Neft və neft məhsullarının ucuzlaşmasının qlobal iqtisadi artıma müsbət təsir edəcəyi barədə beynəlxalq maliyyə institutları tərəfindən verilən proqnozlar da özünü tam doğrultmur. Nəticədə hazırda dünya iqtisadiyyatında qeyri-müəyyənlik mövcuddur. Nazir bildirib ki, baş verən proseslər digər ölkələrlə yanaşı, Azərbaycanın qonşu ölkələrində də mürəkkəb iqtisadi duruma, milli valyutaların qismən dəyərsizləşməsinə, iqtisadi artımın zəifləməsinə səbəb olub.
Azərbaycanın gəlirləri azalmaqdadır
Heç şübhəsiz ki, bu qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşməmiş, ilk növbədə ölkənin valyuta daxilolmalarının azalması və tədiyyə balansının müsbət saldosunun daralması, Azərbaycan mənşəli məhsulların rəqabətliyinin enməsi ilə müşahidə olunur.
Qarşıdakı illərdə gözlənilən problemlər açıqlandı
Samir Şərifov bildirib ki, bəzi məsələlər qarşıdakı illərdə də ölkə iqtisadiyyatı üçün problemlər yarada bilər. Bura regionda geosiyasi gərginliyin artması, dünyadakı iqtisadi problemlər, eləcə də dövlət və özəl sektorun gəlirlərinin azalması aiddir. Maliyyə nazirinin sözlərinə görə, bunun nəticəsi olaraq ölkə qarşısında sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır. Bu vəziyyətdə hökumət iqtisadiyyatı canlandırmaq üçün əlavə tədbirlər görmək niyyətindədir.


Şərhlər