Menu

"Günah özündədir..." - Rövnəq Abdullayev vurulmuş oliqarxın zavodundan danışdı

14.07.2015, 15:41
"Günah özündədir..." - Rövnəq Abdullayev vurulmuş oliqarxın zavodundan danışdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın "Qazprom" şirkəti tərəfindən "AzMeCo"ya satılacaq qazın nəqlini təmin edəcək.

"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

"Bizim qaza ehtiyacımız yoxdur. Biz müqavilə öhdəliklərimizin hamısını yerinə yetiririk. Metanol zavodu tikilir. Bu zavod bizimlə uzunmüddətli qaz müqaviləsi imzalamayıb. Ona görə də, bizim o zavod üçün resursumuz yoxdur. Günah onların ("AzMeCo" - red.) özündədir ki, zavodu tikib, sonra qazı fikirləşiblər", - deyə R. Abdullayev qeyd edib.

SOCAR prezidenti qeyd edib ki, o, "AzMeCo"nun "Qazprom”dan qaz almasına etiraz etməyib. Bununla yanaşı, R. Abdullayev bildirib ki, metanol istehsalçısının "Qazprom"dan qaz alması "normal haldır".

Xatırladaq ki, oliqarx Nizami Piriyevin metanol zavodu qısa müddət işləyəndən sonra xammal kimi istifadə olunan təbii qazın verilməməsinə görə bu ilin əvvəllərində fəaliyyətini dayandırıb.

Nəticədə Piriyev zavodun tikintisi üçün Beynəlxalq Bankdan aldığı 500 milyon dollar kredit üzrə faizləri ödəyə bilməyib. Onun borcları faizləri ilə birlikdə 830 milyon dollara yaxındır.

Bu yaxınlarda kredit oliqarxlarının həbsi kampaniyasında Nizami Piriyev də həbs olunmuş və onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Lakin SOCAR-ın Piriyevi himayəyə götürməyə razı olmasından və metanol zavodunun işini bərpa etməyə kömək göstərməsindən sonra oliqarx həbsdən buraxılıb.

Bakının Qaradağ rayonunda tikilən metanol zavodunun qaza tələbatı ildə 600 milyon kubmetrdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol