Menu

Mənzillərin qeydiyyatında yeni xidmət

15.07.2015, 11:16
Mənzillərin qeydiyyatında yeni xidmət

Əmlak Məsələləri Dövlət Komitəsi “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət”ini təqdim edib. Fins.az-ın məlumatına görə, yeni xidmətdə məqsəd qeydiyyat prosesini daha da sadələşdirmək, prosedurları azaltmaq, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaqdır. Bununla bağlı təqdimatda çıxış edən ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib ki, yeni onlayn xidmətin istifadəyə verilməsi ilə daşınmaz əmlakın təkrar qeydiyyatında əvvəllər mövcud olmuş daha bir prosedur aradan qalxıb. Belə ki, notariusda əmlakın alqı-satqısı ilə bağlı müqavilələr artıq onlayn rejimdə DƏDRX-in ərazi idarələrinə göndəriləcək. Burada daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur. Bu barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir. Eyni zamanda, yeni onlayn xidmətin tətbiqindən sonra qeydiyyatla bağlı dövlət rüsumu və xidmət haqqı ödənişlərini də onlayn qaydada həyata keçirmək mümkündür. Belə ki, ərizəçi birbaşa alqı-satqı əməliyyatını həyata keçirdiyi məkanda quraşdırılmış onlayn ödəniş terminallarında müvafiq ödənişləri edə bilir. Bununla da, vətəndaşların notariusda edilən alqı-satqı əməliyyatından sonra sənədləşmə və ya ödəniş etmək üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb. Nəticədə əvvəllər qeydiyyat üçün 4 prosedur tələb olunurdusa, onlayn xidmətlərin istifadəyə verilməsindən sonra bu say 2-yə enib. Belə ki, ötən il daşınmaz əmlakın yüklülüyünə dair Forma-1 arayışlarının onlayn verilməsi xidməti istifadəyə verilib. Bu il isə növbəti onlayn xidmətin tətbiqi ilə qeydiyyat prosesi daha da sadələşib. Gələcəkdə isə daha yeni elektron və onlayn xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulur.

Tədbirdə bildirilib ki, yeni onlayn xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alqı-satqı proseslərinin daha operativ həyata keçməsini təmin edəcək. Bu sahədə əlavə vaxt itkisinə səbəb olan amillərin aradan qalxmasına səbəb olacaq. Qeyd edək ki, Komitə tərəfindən vəəndaşlara təkcə 2015-ci ildə 75 mindən çox, ümumilikdə isə 220 mindən artıq elektron xidmət göstərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol