2015-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 454,8 manat olmuşdur. Bu rəqəm ötən ilin eyni dövründə 438,1 manat idi. Son 12 ayda orta aylıq nominal əmək haqqı təxminən 17 manat artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.
2015-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 505,6 min nəfər olmuş, onlardan 875,0 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2 faizi sənayedə, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 18,0 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.


Şərhlər