Xarici KİV-in yaydığı məlumata görə, 2015-ci ilin may ayında İtaliyanın dövlət borcu növbəti rekord vurub və tarixi maksimuma yüksəlib - 2,218 trilyon avroya çatıb. Bu rəqəm ölkənin mərkəzi bankının hesabatında yer alıb (Rosbalt).
«RİA Novosti»nin xəbərinə görə, bundan əvvəlki neqativ rekord tam bir il əvvəl - 2014-cü ilin may ayında - dövlət borcu 2,166 trilyon avroya yüksələrkən «əldə olunub».
2015-ci ilin əvvəlindən İtaliyanın dövlət borcu 83,3 milyard avro (3,9 faiz) artıb. Yalnız may ayı ərzində ölkənin borc yükü birdən-birə 23,4 milyard avro artıb.
Mərkəzi bankın izahına görə, dövlət borcunun artması ölkədə nağd pul kütləsinin artması, avronun məzənnəsinin düşməsi və dövlət obliqasiyaları bazarındakı dəyişikliklərlə bağlıdır.
«Avrostat»ın aprel ayında dərc olunmuş məlumatına görə, İtaliyanın dövlət borcu ölkənin ümumi daxili məhsuluna nisbətdə 132,1 faiz təşkil edib. Bu göstərici üzrə İtaliya Avrozonada təkcə Yunanıstana (177,1 faiz) «uduzur».
AzPolitika.info


Şərhlər