Hazırda Fransada mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidova qarşı Cinayət Məcəlləsinin 234.4.1 (qnunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma –qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə Turana hüquq mühafizə orqanlarındakı mənbələrdən bəlli olub.
Maddənin sankisyasında 5ildən 12 ilədək həbs nəzərdə tutulur.
Rüfət Zahidov iyulun 20-də Bakıda saxlanılıb.
Atası Fərasət Zahidov Turana bildirib ki, oğlu əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdadəsinə aparılıb. “Guya onun cibindən və avtomobilindən 5 qran heroin götürüblər. Bu ittiham tam uydurmadır. Oğlumu qardaşım Qənimət Zahidin jurnalist fəaliyyətinə görə tutublar. Bunu digər qardaşımın oğlunun, əmimin oğlunun həbsi də sübut edir. Hazırda qardaşım Əfqanın oğlunu da axtarırlar”, o qeyd edib.
Fərasət Zahidov bu gün Səbael rayon Polis İdarəsində işi aparan müstəntiq İlqar Həmidovla görüşüb. İlqar Həmidov ona oğlunun saxlanması ilə bağlı məlumat verib.
Öz növbəsində Səbael rayon Polis İdarəsindən Rüfət Zahidova qarşı cinayət ittihamının irəli sürülüb-sürülməməsi barədə məlumat almaq mükün olmayıb.


Şərhlər