Xarici KİV-in yaydığı xəbərə görə, 2015-ci ilin ilk 5 ayında Rusiyadan Yunanıstana turist axını ötən ilin uyğun dövrü ilə müqayisədə 62,0 faiz azalaraq, 56 min nəfərə qədər düşüb. Bu barədə xəbəri Yunanıstan Bankına istinadla «İnterfaks» agentliyi yayıb (Rosbalt).
Rusiyalı turistlərin səfərindən əldə olunan gəlirlər yanvar-may ayları ərzində 58,0 faiz azalaraq 50,0 milyon avroya düşüb. May ayında isə azalma güclənib və 66,0 faizə düşüb.
Bununla yanaşı, xarici turistlərin ümumi kütləsi yanvar-may ayları ərzində 27,0 faiz artaraq 4,53 milyon nəfərə yüksəlib.
Bu zaman kəsiyində almaniyalı turistlərin sayı 25,0 faiz sıçrayışla, 469 min nəfərə yüksəlib. «The Guardian» qeyd edir ki, hazırda Yunanıstanda dincələn almaniyalı turistlər Berlinin Yunanıstana yönəlik siyasətinə yerli əhalinin neqativ münasibətinə görə, vətəndaşlığını gizlətməyə üstünlük verirlər. Rəyi soruşulan çoxsaylı almaniyalı turistlərdən biri - Dortmundan olan tələbə Roman Haydavor bu barədə deyir: «Burada almanca danışmaq mənim xoşuma gəlmir, çünki hər şey qarşılıqlıdır».
«Tne Guardian»nın yazdığına görə, yunanların özləri Merkel hökumətinə yönəlik tənqidləri Almaniya vətəndaşlarına şamil etmirlər. «Yunan xalqı digər ölkələrin xalqlarına nifrətlə yanaşmır. Bu, onların günahı deyil» - deyə, kritli taksi sürücüsü Georgios Tsanakis məsələyə münasibət bildirib.
Yanvar-may ayları ərzində Böyük Britaniyadan Yunanıstana gələn səyahətçilərin sayı 46,0 faiz artaraq, 447,2 min nəfərə, ABŞ-dan olanların sayı isə 47,0 faiz artaraq 169,5 min nəfərə yüksəlib.
Turizmdən əldə olunan gəlirlər ilin ilk 5 ayı ərzində 15,0 faiz sıçrayış edərək 2,21 milyard avroya yüksəlib. Avropa İttifaqının qalan 27 ölkəsindən gələn turistlər hesabına əldə olunan gəlir dörddə bir dəfə sıçrayış edib və 788,0 milyon avroya çatıb (o cümlədən Almaniyadan - 20,0 faiz, Fransadan 14,2 faiz, avrozonaya daxil olmayan ölkələrdən - 51,0 faiz).
Yunanıstanın ümumi daxili məhsulunda (ÜDM) turizm sektorunun payı 17,0 faiz təşkil edir.
AzPolitika.info


Şərhlər