Xarici KİV-in yaydığı xəbərə görə, mütəxəssislər hesab edirlər ki, hazırkı Amerika hindularının əcdadları Yeni Dünyaya məhz Sibirdən vahid dalğa ilə 23 min il bundan əvvəl miqrasiya edib və sonra indi məlum olan etnik qruplara bölünüb (İnterfaks.ru).
Müasir və qədim hindu qəbilələri nümayəndələrinin və Sibirin köklü (aborigen) xalqları nümayəndələrinin DNT analizlərinin nəticələrinə əsaslanan bu qənaət «Science» jurnalında dərc olunub. Xəbəri cümə axşamı «Amerikanın səsi» radiosu yayıb.
Alimlərin böyük əksəriyyəti bu fikirdədir ki, Amerika kontinentində quru yolu ilə müasir Rusiya ərazisini və Alyaskanı birləşdirən Berinq bərzəxindən keçərək buraya sonuncu buzlaşma dövründə gəlmiş insanlar məskən salıb. Ehtimal edildiyinə görə, sözügedən bərzəx sonralar güclü zəlzələ nəticəsində dağılıb.
Kopenhagen Universitetinin geogenetika Mərkəzi tərəfindən həyata keçirilən elmi iş bundan əvvəl mövcud olan belə təsəvvürləri inkar edir ki, guya yerli amerikalıların genetik irsinin formalaşmasına polineziyalılar və avropalılar öz tövhəsini veniblər.
Müəlliflər təsdiq edirlər ki, nə vaxtsa Sibirdən bu kontinentə vahid miqrasiya baş verib. Bu miqrantların nəsilləri 13 min il sonra - buzlaqların əriməsi nəticəsində Şimali Amerika kontinentinin dərinliklərinə yol açılarkən iki böyük qola parçalanıb.
Antropoloqlar həmin qrupları «amerindlər» (amerikalı hindular) və «atabasklar» (Alyaskanın yerli xalqları) adlandırırlar.
Redaksiyadan: Ural dağlarından Sakit okeana qədər uzanıb gedən geniş ərazilərdə indinin özündə də yerli əhalinin dilindən addımbaşı «yakşi, yakşi» kəlməsini eşitmək olur. Bu reallıq həmin insanların türkdilli olduğuna təkzibedilməz sübutdur. Hətta Baykaldan o yana ərazilərdə (Zabaykalye) Araz və Kür adlı çaylar da var. Buna əmin olmaq üçün ərazinin xətirəsinə baxmaq kifayətdir.
AzPolitika.info


Şərhlər