Xarici KİV-in yaydığı xəbərə görə, Hindistanın cənub-şərq sahillərində uranla zəngin olan 2 böyük filiz mədəni taplıb. Onların proqnoz edilən uran ehtiyatı 600 min ton həcmində qiymətləndirilir (Rosbalt).
Ümumi sahəsi 45 kvadrat kilometr olan uranla zəngin filiz layları Hindistan atom mineralları direktorluğunun və Osmaniyyə Universitetinin mütəxəssisləri tərəfindən Kadapa əyalətində (Andxra-Pradeş ştatı) və qismən də Telanqana ştatı ilə həmsərhəd ərazilərdə aşkarlanıb (TASS).
İlkin qiymətləndirməyə görə, təkcə bu iki mədənin toplam uran ehtiyatı 600 min tondan çoxdur. Amma alimlər əmindirlər ki, Kadapa hövzəsində daha yüksək konsentrasiyalı uran mədənləri aşkar oluna bilər.
Bu tip mədənlərə dünyada ən nəhənglərdən sayılan MakArtur-River (Kanada) aiddir. Bu mədən də uranın yüksək kosentrasiyası ilə (24,0 faizə qədər) xarakterizə olunur. Hindistan tədqiqatçıları inandırırlar ki, yeni tapılmış mədənlər Kanada mədənindən heç də geri qalmır və perspektivdə Hindistanı öz uran yanacağı ilə təmin edə bilər.
«Aşkarlanmış mədənlər filizin keyfiyyətinə görə, nəinki Kanada və Avstraliya filizindən geri qalmır, hətta onları üstələyir. Burada uranın miqdarı dünya üzrə ən yüksək konsentrasiyalardan biri sayılır» -deyə, alimlərin hesabatında qeyd olunur.
2011-ci ildə Andxra-Pradeşedə aşkarlanmış Tumalapalli mədəninin 150 min tonluq uran ehtiyatı ilə birlikdə, bu bölgə Hindistanın uran ehtiyatının 25,0 faizini təşkil edən yeraltı anbar sayılır.
AzPolitika.info


Şərhlər