Səudiyyə Ərəbistanı Rusiyaya 10 milyard dollar sərmayə qoyur

ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı, hal-hazırda maliyyə çətinliyi yaşayan Rusiya iqtisadiyyatına 10 milyard dolar həcmində sərmayə yatırmağı planlaşdırır. Aydındır ki, bu cür xarakterli fəaliyyətlərlə hər iki ölkə bir-biriylə yaxınlaşmağa doğru addım atırlar. Ekspertlər belə gümün edirlər ki, Səudiyyə Ərəbistanı Amerikanın Suriya siyasətinə və həmçinin də İranın nüvə proqramına olan münasibətinə qarşı narazılığını nümayiş etdirmək istəyir. Yaponiyanın “Sankei Shinbun” nəşri qeyd edir ki, İran və Suriya ilə münasibətlərə xüsusi önəm verən Rusiyanın Səudiyyə Ərəbistanı ilə yaxınlaşması, onun Yaxın Şərq diplomatiyası üçün yaxşı diversifikasiya imkanları yarada bilər.

Rusiyanın Yaxın Şərq siyasəti, əsas etibarı ilə şiə islamının mərkəzi olan İran ilə həmişə yaxşı münasibətlər yaratmaq üzərində qurulub. Kremlin digər yaxın müttəfiqi Bəşər Əsədin administrasiyası da şiələrin üstünlüyü üzərində qurulan siyasətə söykənir. Suriyada vətəndaş müharibəsi başlayandan Kreml daimi olaraq, sünnü-vəhhabilərin idarə etdiyi Səudiyyə Ərəbistanı ilə açıq şəkildə qarşıdurmaya gedən Bəşər Əsədi aydın şəkildə müdafiə edib. Ancaq buna baxmayaraq, iyun ayında Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum zamanı, Rusiya prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Muhammed bin Salman arasında görüş keçirilib. Forumun gedişi zamanı Rusiyanın birbaşa sərmayə qoyuluşu fondu (RFPİ-РФПИ) və Səudiyyə Ərəbistanının suveren “Public İnvestment Fund” (PİF) arasında müqavilə imzalanıb. Bu müqavilə çərçivəsində PİF Rusiyanın müxtəlif layihələrinə ümumən 10 milyard dollar sərmayə yatıracaq.

RFPİ (РФПИ) 2011-ci ildə yaradılıb. Bu fond qurulduğu tarixdən indiyədək 15 milyard dollar həcmində investisiya cəlb edə bilib. Ona görə də Səudiyyə Ərəbistanı bu baxımdan ən böyük sərmayəçı sayılır. Keçən il Rusiyadan axan kapitalın ümumi həcmi 151,5 milyard dollar təşkil etmişdi. Belə bir vəziyyətdə həmin sövdələşmə böyük sərmayə qoyuşu üçün qeyri-adi bir nümunə oldu.

Rusiyanın Səudiyyə Ərəbistanı ilə yaxınlığı Ər-Riyadın Barak Obama administrasiyasından narazı olması ilə izah edilir. Çünki 2013-cü ildə Amerika Bəşər Əsədin mövqelərini bombalamaqdan imtina etmişdi. İndi isə Vaşinqton İranın nüvə problemini yoluna qoymağa cəhd göstərir. Rusiyalı mütəxəssislərin fikrinə görə, Moskva ilə Ər-Riyad arasındakı diplomatik fəallaşmaya Səudiyyə Ərəbistanının yeni rəhbərliyi də yardım göstərir.

Rusiya siyasətinin əsasən şiələrə tərəf yönəlməsi, sünnü ölkələrində neqativ reaksiya doğurur. Rusiya ümid edir ki, Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətlərin qurulması, onun Yaxın Şərqdəkı fəaliyyət sferasını genişləndirməsinə imkanlar açacaq. Əgər İran əleyihə qoyulmuş sanksiyalar aradan qaldırılacaqsa, onda bu ölkənin təbii resursları enerji bazarında ciddi rəqabət aparacaq. Bu isə Kremli xeyli narahat edir və həyacanlandırır.

Amma bütün bunlarla yanaşı, Səudiyyə Ərəbistanının həqiqətən də ABŞ-dan ciddi şəkildə aralanacağını söyləmək olmaz. Rusiyalı ekspertlər məsələ ilə əlaqədar bildirirlər ki, Səudiyyə Ərəbistanı tərəfindən onların ölkəsinə yatırılan iri sərmayələr, Yaxın Şərq problemlərinin həll edilməsi üçün strateji bir variantdır.

Vaqif NƏSİBOV

AzPolitika.info