Menu

Əsgər ölümləri ilə bağlı prezidentə müraciət ediləcək- "Zakir Həsənov məsuliyyət daşıyır"

22.01.2014, 17:17
Əsgər ölümləri ilə bağlı prezidentə müraciət ediləcək- "Zakir Həsənov məsuliyyət daşıyır"

Üzeyir Cəfərov: "2014- cü il girəndən elə bir gün olmayıb ki, orduda bədbəxt hadisə baş verməsin, ölüm halları olmasın"

"Zakir Həsənov adı rüşvət və korrupsiyada hallanan şəxsləri nazirlikdə yüksək vəzifələrə çəkməklə məşğuldur"

2014-cü ilin 22 günü geridə qalır. Bu müddətdə Azərbaycan ordusunun 4 əsgəri intihar etməklə həyatına son qoyub, biri ürək çatışmamazlığından dünyasını dəyişib. Yenicə hərbi xidmətə çağırılan iki əsgər isə (Rəvan Əlizadə və Nicat Nəcəfov) bir neçə gün əvvəl Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə özlərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. İntihara cəhd edən hər iki əsgər Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsinə yerləşdiriliblər.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, baş verən hadisələrin ilkin araşdırması göstərir ki, əksər hallarda bu cür hərəkətləri adaptasiya dövründə, mənəvi-psixoloji və fiziki cəhətdən hərbi xidmətə tam hazır olmayan, hərbi xidmətin çətinliklərinə dözməyən gənclər törədir. İlk növbədə onu qeyd edək ki, 22 gün ərzində 4 əsgərin intiharı, 2-nin canına qəsdə cəhd etməsi, birinin isə ürək çatışmazlığından dünyasını dəyişməsi böyük, həm də narahatlığa səbəb olacaq göstəricidir. Zakir Həsənovun müdafiə nazirliyinin başına gətirilməsindən sonra bir çox hərbi ekispertlər orduda baş verən ölüm hallarının aradan qaldırılacağına ümid edirdilər. Ancaq gözləntilər özünü doğrultmadı. Ən azından son 22 gün ərzində orduda baş verən bədbəxt hadisələr bunu deməyə əsas verir.

Məsələ ilə bağlı GUNXEBER.COM- un suallarını cavablandıran tanınmış hərbi jurnalist, ehtiyatda olan polkovnik- leytenant Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan ordusunda baş verən ölüm hallarına görə birbaşa müdafiə naziri Zakir Həsənov məsuliyyət daşıyır. Ekspert hesab edir ki, müdafiə naziri və bütövlükdə nazirlik öz vəzifəsini icra edə bilmədiyi üçün orduda baş verən ölüm hallarının sayı artan xətt üzrə davam edir: “Mən çox ümidlər bəsləyirdim ki, Müdafiə Nazirliyinin rəhbərliyində baş verən dəyişiklikdən sonra hər hansısa bir müsbət addımlar atılacaq. Ancaq təəssüf hissi ilə qeyd edirəm ki, bu gün Azərbaycan ordusunda müsbətə doğru heç nə dəyişməyib. Ona görə də biz prezidentin Davosdan gəlməsini gözləyirik. Prezident gələn kimi əsgər ölümləri ilə bağlı ona açıq məktubla müraciət edəcəyik. Çünki bu gün müdafiə nazirliyinin rəhbərliyi nazirlikdə bir dostlar klubu yaradıb və bu dostlar klubunda da özlərinə yaxın olan dostları, yoldaşları vəzifələrə təyin etməklə öz işlərini bitmiş hesab edirlər. Azərbaycan ordusu isə tamamilə yaddan çıxıb. Ordumuzda kifayət qədər sosial yönümlü problemlər var ki, hörmətli generallarımız nədənsə bu problemlərlə məşğul olmaq istəmirlər. Kimisə gətirib vəzifəyə qoymaq onaları daha çox maraqlandırır. Bütün bunlar da son nəticədə ordumuzda baş verən ölüm hallarının artmasına gətirib çıxarır. Zakir Həsənovun Azərbaycan ordusuna gətirdiyi yenilik ondan ibarətdir ki, hər hansısa bir hadisə olanda Müdafiə nazirliyinin rəhbərliyi mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verir və bununla da işlərini bitmiş hesab edirlər. Yenilik yalnız bundan ibarətdir. Bu gedişlə də Müdafiə nazirliyi heç bir kardinal dəyişikliyə nail olmayacaq”. Üzeyir Cəfərovun sözlərinə görə bu gün Azərbaycan ordusunda psixoloq ştatlarının yaradılmasına ciddi ehtiyac var: “Hərbi hissələrdə təcili olaraq psixoloq ştatlarının yaradılmasına eytiyac var. Çünki bu gün Azərbaycan cəmiyyətində kifayət qədər psixoloji problemləri olan gənclər var. Ona görə ki, orta məktəblərdə gənclərin psixoloji hazırlığına diqqət ayrılmır və son nəticədə də zərbə Azərbaycan adlı dövlətə dəyir. Ona görə də mən hesab edirəm ki, hərbi hissələrdə psixoloq ştatlarının yaradılmasına ciddi ehtiyac var. Belə psixoloq ştatları və yuxarida qeyd etdiyim problemlər həll olmayana qədər biz əsgərlərimizi, balalarımızı itirə- itirə gedəcəyik. Müdafiə Nazirliyi və aidiyyatı qurumlar azacıq da olsa bu məsələyə vicdanla yanaşsala inanıram ki, baş verən faciələrin xeyli hissəsinin qarşısını almaq olar. Ancaq çox təəssüf ki, onlar bu məsələ ilə maraqlanmırlar”.

Ekspertin sözlərinə görə, Zakir Həsənov adı rüşvət və korrupsiyada hallanan şəxsləri nazirlikdə yüksək vəzifələrə çəkməklə məşğuldur. Bacarıqsız generalların yüksək vəzifələrə çəkilməsi isə son nəticədə Azərbaycan ordusunda ölüm hallarının artmasına gətirib çıxarır: “Elə bir vəziyyət yaranıb ki, bu gün əsgər ölümü baş verməyəndə Azərbaycan cəmiyyəti təəccüblənir. Artıq 2014- cü il girəndən elə bir gün olmayıb ki, orduda bədbəxt hadisə baş verməsin, ölüm halları olmasın. Çünki Müdafiə Nazirliyinin rəhbərliyinin başı tamamilə başqa işlərə qarışıb. Adını da qoyublar ki, prezident orduda islahatlar aparmağı bu şəxslərə tapşırıb. Əgər onlar orduda islahatı belə aparacaqlarsa, heç düşmənə ehtiyac qalmayacaq. Təsəvvür edin ki, adı rüşvətdə, korrupsiyada hallanan şəxsləri Zakir Həsənov, Nəciməddin Sadıqov və Vahid Əliyev qruplaşması gətirib yüksək vəzifələrdə yerləşdirirlər. Bu üçlük bu gün İlham Əliyevin indiyə qədər səsləndirdiyi bütün fikirləri alt- üst ediblər. İlham Əliyev həmişə deyirdi ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan öz ordusu ilə fəxr edir. Əgər Azərbaycanın güclü ordusu var idisə, onu dağıtmağa nə ehtiyac var? Deməli belə çıxır ki, Zakir Həsənov və onun komandası prezidenti yalançı çıxartmağa çalışır. Bunun başqa adı, başqa izahı yoxdur. Ancaq bu üçlük, bu generallar təsəvvür etsin ki, ölən onların övladlarıdır, onda hansı hisləri yaşayardılar? Ona görə də vicdan da yaxşı şeydir, heç olmasa bir az vicdanları olsun xalqın balasını aparıb qırmasınlar. Adlarını general qoyublar, amma əsil general odur ki, əsgərinə öz övladı kimi yanaşsın”!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol