Azərbaycan əhalisi, bankların manat əmanətlərini yüksək faiz ilə stimullaşdırmağına baxmayaraq aşağı faizli dollar əmanətlərinə üstünlük verirlər. Səbəb dolların güclənməsi və manatın bir daha ucuzlaşa biləcəyi ehtimalının qalmasıdır.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, İyun ayında xarici valyutada olan əmanətlər 45,1 milyon manat artaraq 5 milyard 428,5 milyon manatdan 5 milyard 473,6 milyon manata yüksəlib. Milli valyutada olan əmanətlər isə cəmi 7,3 milyon manat artaraq 2 milyard 172,6 milyon manatdan 2 milyard 179,9 milyon manata çıxıb.
Qeyd edək ki, İyun ayında cəmi əmanətlər 52,5 milyon manat artaraq 7 milyard 653,6 milyon manata yüksəlib. Əmanətlərin 71,5%-i xarici valyutada, 28,5%-i isə milli valyutada olub. May ayında da nisbət bu şəkildə idi.
2014-cü ilin sonunda əmanətlərin cəmi 38%-i xarici valyutada idi.


Şərhlər