Ekspertlərin rəyinə görə, 2015-ci il Rusiya iqtisadiyyatının həcmi 3% daralacaq. Ancaq buna baxmayaraq, 360 milyard dollarlıq valyuta ehtiyatının hesabına Moskva gələn zərbələri yüngülləşdirməyə çalışacaq. Rusiya prezidenti Vladimir Putin ölkəsinin beynəlxalq arenadakı təsir imkanlarını möhkəmləndirməyə cəhd göstərmədiyinə görə, hal-hazırda o, öz laxlamış iqtisadyyatını idarə etməklə məşğuldur. Əgər heç nə dəyişməzsə, onda Rusiyanı yavaş və dayanıqlı iqtisadi tənəzzül gözləyir. Aşağıda bunun nə üçün baş verməsinin beş faktı izah olunur. (Time jurnalı)

1. İqtisadi diversifikasiyanın çatışmaması

İqtisadiyyatda təkcə həcm yox, həm də onun çox çeşidliliyi və dayanıqlığı da çox mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində Kreml kiçik və orta biznesin ziyan çəkməsi hesabına, böyük dövlət şirkətlərini dəstəkləmək siyasəti yürüdüb. Lakin istənilən güclü və yaxşı diversifikasiya olunmuş iqtisadiyyatın əsasını məhz kiçik və orta biznes təşkil edir. Ona görə ki, həmin mühüm amillər innovasiya və dövrlərin dəyişməsinə təkan, texnoloji inkişafa və istehlakçıların zövqünə isə effektli reaksiya verə bilir. Avropa Birliyində kiçik və orta biznesin iqtisadiyyata töhvəsi - Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 40%-ni təşkil ediyi halda, Rusiyadakı müvafiq göstərici cəmi 15%-ə bərabərdir. Bu isə Rusiyada biznes qurmaq istəyənlər üçün xeyli qorxuducu bir rəqəmdir.

Vəziyyət isə yaxşılaşmır: 2008-2012-ci illər arasındakı müddət ərzində Rusiyada dövlət qulluğunda olanların sayı 1,1 milyon nəfər artıb. Halbuki, bunun tamamailə əksinə olaraq, özəl sektorda çalışanların sayı 300 min nəfər azalıb. Göründüyü kimi, diversifikasiya əvəzinə Moskva dövlət mərkəzli iqtisadi inkişafa verdiyi üstünlüyü iki dəfə artırır.

2. Neft bazarından asılılıq

Bu gün bir barel neftin qiyməti 45 dollardan (WTI markalı neft nəzərdə tutulur) aşağı düşüb - yeni reallığa xoş gəlmisiniz! OPEK ölkələri öz rəqiblərini meydandan sıxışdırıb çıxarmaq naminə böyük miqdarda neft hasil etməyə başlayıblar və əlavə olaraq da yaxın zamanlarda üzərindən sanksiyalar götürüldəkdən sonra, İran dünya bazarına gün ərzində bir milyon bareldən artıq neft çıxaracaq. Bu isə gəlirlərinin böyük qismi neft və qazdan asılı olan Moskva üçün həyəcanlı bir dəyişiklikdir. 1999-cu ildə Rusiyanın ixracdan əldə etdiyi gəlirlərin yarısından azı qaz və neftin payına düşürdü. İndi isə həmin rəqəm 68% təşkil edir. Hazırda Moskva enerji resurslarının satışından o qədər asılıdır ki, neftin qiymətinin bir dollar düşməsi nəticəsində Rusiya il ərzində təxminən 2 milyard dollardan artıq pul itririr. Vəziyyətin düzəlməsi və Rusiya büdcəsinin tarazlaşmasından ötrü, neftin bir barelinin qiyməti 100 dollar səviyyəsinə qayıtmalıdır. Ancaq bunun üçün xeyli vaxt lazımdır.

3. Sanksiyaların təsiri

Moskvanın neft satışından hədsiz dərəcədə asılı olması Rusiya Federasiyası büdcə gəlirlərinin 40%-ni təşkil edir ki, bu da öz növbəsində ölkəni beynəlxalq sanksiyalar qarşısında çətin vəziyyətə salır.

Bir çox mövcud yataqların yaşı və dərin özüllərdən neft hasil etməyin çətinliyi məsələsi nəzərə alınarsa, onda Rusiyanın Qərb kompaniyalarının texnologiyasından daha çox asılı olacağı tam bəlli olar. Tam tədqiq olunmamış dərin qatlardakı yataqların payına neft ehtiyatının 15%-i, qaz ehtiyatının isə 30%-i düşür. Bir çox ekspertlərin fikrinə görə, Rusiya bu yataqların işlənməsi üçün Çinə müraciət edə bilər. Amma Çinin Rusiya neft və qazına ehtiyac duymasına baxmayaraq, hələlik onun belə dərin qatlardan neft çıxarılması üçün lazımı texnologiyası yoxdur. Beynəlxalq Valyuta Fondunun analitiklərinin fikrinə görə, beynəlxalq sanksiyalar Rusiyanın ÜDM-nin 9%-nə başa gələ bilər.

4. Rusiyanın digər problemləri

Rusiyalıların əmək məhsuldarlığı hədsiz aşağıdır. Hər iş saatına görə, orta statistik rusiyalı ölkənin ÜDM-nə 25,90 dollar gəlir gətirir. Müqayisə üçün orta statistik yunan işçisi öz iqtisadiyyatlarına bir saatda 36,20 dollar xeyir gətirir. Ancaq Yunanıstan elə bir ölkədir ki, istehsal müstəvisində onu müqayisə predmetinə çevirməyə belə dəyməz. Bəs amerikalı işçinin orta məhsuldarlıq göstəricisi nə qədərdir? Həmin göstərici 67,40 dollara bərabərdir.

Bundan əlavə korrupsiya Rusiya iqtisadiyyatının bir il ərzində 300-500 milyard dollarını yeyir. Bu isə maliyyə yardımı kimi Yunanıstanın beynəlxalq təşkilatlardan aldığı məbləğə yaxın bir göstəricidir.

2015-ci il üçün ”Freedom House” təşkilatı Rusiyadakı korrupsiyanın səviyyəsini 6,75 bal ilə qiymətləndirib. Tərtib olunan həmin təsnifatda 7 bal isə hədsiz korrupsiyalaşmış şkalaya aiddir. Elə məhz buna görə də yüksək təhsil almış rusiyalıların ölkəni tərk etməsinə heç kim təccüblə baxmır. Hələ Rusiyanın nisbətən 2012-2013-cü illərdəki əlverişlı iqtisadi perspektivli dövründə, ölkəni 300 min nəfər tərk etmişdi. Ekspertlərin hesablamalarına görə, Krımın ilhaqından sonra bu göstərici daha da artıb.

5. Dəyişiklik etməyə cəhdin göstərilməməsi

Bəlkədə Rusiyanın başlıca problemi, elə məhz problemlərin mövcudluğunun inkar edilməsindən qaynaqlanır. İqtisadiyyatdakı ciddi problemlər adətən siyasi rəhbərlərin dəyişilməsinə gətirib çıxarır. Bəzən problemlər girdabındakı ölkələrdə bu dəyişiklik məsələsi daha kəskin forma alır. Beləki, son beş il ərzində Afinada beş hökumət dəyişilib. Lakin rusiyalılar tamamilə başqa yolla gedirlər. Qəribədir ki, hazırkı iqtisadi tənəzzül fonunda Putinin populyarlıq reytinqi 86% təşkil edir. Əsas təəccüb doğuran məqam isə əhalinin 73%-nin iqtisadi vəziyyətdən narazı olmasına baxmayaraq, hər on rusiyalıdan yeddisinin Putinin onları necə idarə etməsindən razı qalmalarıdır. Axı, bu necə ola bilər? Çünki vətəndaşların 90%-indən çoxu xəbərləri birbaşa Kreml tərəfindən nəzarət olunan Rusiya televiziya kanallarından izləyirlər. Putin beynəlxalq sanksiyaları və Ukraynaya müdaxiləni Rusiya və Qərb qarşıdurması kontekstinə soxuşduraraq, ölkədə milliyətçi əhval -ruhiyyəni qızışdırmağa müyəssər ola bilib.

Belə bir şəraitdə bütün iqtisadi bəlaları xarici qüvvələrin üstünə atmaq heç də çətin deyil. Putin öz xalqının nəyi eşitmək istədiyini çox yaxşı bilir. Ancaq Putinin zəifləyən Rusiya iqtisadiyyatını necə xilas etməyi bilib-bilməməsi isə hələ məlum deyil.

Vaqif NƏSİBOV

AzPolitika.info