Şimaldan gələn təhlükə

Nurəddin İSMAYIL

Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalının verdiyi məlumata görə, Rusiya, tərk etdiyi Qəbələ RLS-in əvəzinə Azərbaycanda yeni və daha geniş radiusda fəaliyyət göstərməyi planlaşdıran hərbi baza tikməyə hazırlaşır. Azərbaycan hakimiyyətinin Rusiyanın bu hərbi planını gerçəkləşdirməsinə razılıq verməsi inandırıcı görünməsə də, bu tip projelərə əl qoyması onun forpostu olan Ermənistanla yanaşı, Cənubi Qafqazın digər respublikalarını da yenidən öz hərbi, siyasi sferasına daxil etmək istəklərini ortaya qoyur. Nə edək ki, tarix boyu bizə qənim kəsilən, torpaqlarımıza göz dikən, vahid bir millətə güneyli-qüzeyli parçalanmasının acısını yaşadan qəddar siyasətli bir dövlətlə qonşu olmaq zorundayıq.

Yırtıcı təbiətli, qaba siyasətli, əhalisi çarpərəst Rusiya ilə qonşu olmağımız bizdən, bu ölkə ilə daha incə davranmağı, onun imperiya iddialarından doğan təhlükəli siyasətinə qarşı daha ehtiyatlı olmağı tələb edir. Hikkəsini dünyanın başında çatlatmaq istəyən bir dövlətin siyasətinə qarşı Avropa İttifaqı, ABŞ kimi super dövlət ehtiyatlı olmaq, onu qısqırtmamaq yolunu tutubsa, ən yaralı halda pəncəsi bizi əzmək gücündə olan “şimal ayısı”na qarşı siyasətimizdə niyə də ehtiyatlı olmayaq. Çün bu dövlət zəiflərin qənimidir və böyük dövlətlər tərəfindən zəiflədildikcə, özündən zəiflərə qarşı daha amansızlıq göstərir.

Zəiflədikcə, siyasi iflasa, iqtisadi tənəzzülə məruz qaldıqca, tətbiq edilən sanksiyalar ölkəsini sosial-iqtisadi fəlakətə sürüklədikcə, bu ölkə, xilas olmağın yolunu yaxın tarixə qədər bir çatı altında siyasi ömür sürən kiçik dövlətləri təhdiddə, hərb maşınını, məkrli “parçala və hökm sür” siyasətini onlara qarşı yönəltməkdə, müstəqillik və suvernliyini elan etmiş kiçik dövlətləri yenidən öz iradəsinə tabe etdirməkdə görür.

Hələ SSRİ dönəmindən tərkibinə zorla qatdığı ölkələrdə yaratdığı, körükçüsünün özü olduğu, istənilən anda dondurub, yenidən alovlandırmaq açarını öz əlində saxladığı münaqişə ocaqları, əvvəlki qüdrətini itirmiş Rusiyanın uzağa hesablanmış hiyləgər niyyətlərindən, müstəqillliyini elan etmiş dövlətləri əlində tutmaq, mürtəce siyasətinə tabe etdirmək, qorxu altında saxlamaq planlarından xəbər verir.

Məhz Krımın istilasından sonra Ukraynanın şərqində alovlanan müharibə təhlükəsi, Moldovanın müstəqilliyini gərilmiş vəziyyətdə saxlayan Dnestryanı problem və bu ərazidə rus dominantlığının hökm sürməsi, Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Cənubi Osetiya və Abxaziyanın ilhaq edilərək adı çəkilən dövlətin siyasi yönətiminə qatılması, Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın təcavüzkar Ermənistanın işğalına məruz qoyulması faktları vaxtı ilə Rusiya tərəfindən yaradılan münaqişə ocaqlarının ortaya qoyduğu acı həqiqətlərdir.

Bu ölkə dünya hegemonluğunun əlindən çıxması, superd dövlət gücünü itirməsi, iqtisadiyyatının çökməsi, millətləri və xalqları əsarət altında saxlayan rus-bolşevik siyasətinin, leytmotivi olduğu kommunizm ideologiyasının iflasa uğraması ilə heç bir vəchlə barışmaq istəmir və başqa-başqa adlar adı altında arxivlərə gömülmüş Rusiya imperiyası ideyasını yenidən canlandırmaq kimi xam xəyallara düşür.

Sovet quruluşu dağılandan sonra onun ilk cəhdi yarandığı gündən amorf bir quruma çevrilən MDB-ni işə salmaq oldu. Baş tutmadıqda postsovet məkanında münaqişə ocaqlarını işə salıb bu ölkələrdə xaos və idarəolunmaz situasiya yaradaraq onları özündən asılı vəziyyətə salmağı planlaşdırdı. Suveren ölkələrin öz müstəqilliyindən geri durmayacağını, onların Qərb yönümlü oriyentasiya tutduqlarını görüncə, ilk nəzərdə cazibədar görünən, əslində heç bir iqtisadi, siyasi perspektivi olmayan və əsas qayəsi müstəqil ölkələri yenidən müstəmləkə çərçivəsinə salmağa xidmət edən Gömrük Birliyi və Avrasiya İttifaq deyilən qurumlar yaratdı.

Bu siyasi manevrlərə onun müstəqillik əldə etmiş dövlətlər içərisində apardığı gizli kəşfiyyat işlərini, etnik və dini zəmində müəlliflik etdiyi təxribatları, hərbidən tutmuş siyasi alana qədər, hər addımda izi görünən casus şəbəkəsini, qrantlarla, iqtisadi şirnikləşdirmələrlə, açıq və gizli siyasi dəstəklə himayəsinə götürdüyü beşinci kolonları, Avrasiya Hərəkatı, Milyarderlər İttifaqi kimi siyasi düzəni pozmağa xidmət edən qüvvələrlə işbirliyini də əlavə etsək, hansı bir qorxulu dövlətlə qonşuluq ediyimizin fərqində olarıq.

Doğrudan da bizə, millət, dövlət olaraq diş göstərən, əzələ nümayiş etdirən, müstəqilliyimizi təhdid edən, böyük hərb maşınına, nüvə silahına malik olan, təcavüzkar siyasəti ətrafındakı kiçik dövlətləri əzməyə, içində əritməyə xidmət edən bir dövlətlə üz-üzə durmaq çətin. Amma vaxt qazanmaq, Rusiyanı dizdən salmaq gücündə olan dövlətlərlə məqsədyönlü iş aparmaq, xarici siyasətimizin Avroatlantik məkana inteqrasiya olunma barədə prioritetlərinə sadiq olmaq, demokratik Avropa ilə əlaqələrimizi möhkəmlətmək, Avropa evi ilə iç-içə olmanın əsas şərtləri sayılan insan haqlarına, demokratiyaya sadiqlik nümayiş etdirmək bizim əlimizdədir.

Ehtiyatlı olmaqdan, uzağa gedən məkrli planlarını önləyən incə siyasət izləməkdən, daxili və xarici siyasətimizdə ayıq-sayıq olmaqdan, beynəlxalq səviyyəli diplomatik qabiliyyətlər nümayiş etdirməkdən, dost və düşmən dövlətləri düzgün sıralamaqdan, gələn yad təhlükəyə qarşı milli birliyin ortaya qoyduğu yaradıcı güclə müqavimət göstərməkdən başqa hansı fövqəladə gücə malikik ki, bizlə müqayisədə fövqəlgücə sahib olan “şimal ayısı”nın qarşısında duruş gətirə bilək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar