Nurəddin İSMAYIL

Dədə Qorqud dastanında belə bir deyim var: “Əski pambıq bez olmaz, qarı düşmən dost olmaz”.

Azərbaycanın taleyinə qəddar, hiyləgər, mövcudluğumuzdan əndişə keçirən Rusiya və İran kimi iki imperiya xislətli böyük dövlət və onların siyasi məqsədlərinə xidmət etmək məqsədi ilə tarixi ərazilərimizdə yaradılan qurama Ermənistan dövləti ilə qonşu olmaq “payı” düşüb. Bu dövlətlər tarixin bütün dönəmlərində əllərinə düşən ilk fürsətdə Azərbaycanı içdən parçalamaq, milli kimliyini əritmək, türk dünyası ilə əlaqəsini kəsmək, siyasi varlığına son qoymaq kimi alçaq, yaramaz planlarını işə salmış və müəyyən vaxt axarında öz istəklərinə çatmışlar.

Azərbaycan, zaman-zaman bu iki dövlətin “parçala, hökm sür” siyasətinin qurbanına çevrilmiş və mənfur “Gülüstan” və “Türkmənçay” sazişləri ilə iki yerə parçalanmışdır. Bunlar azmış kimi, Rusiya ələ keçirdiyi qüzey Azərbaycanın içində xalqımızın, eləcə də Cənubi Qafqazın baş ağrısı olan Ermənistan adlı terrorist bir dövlət yaratmışdır.

İndi dünyada gedən qlobal geosiyasi gəlişmələr o taylı-bu taylı Azərbaycanın vəhdət halına gəlməsi üçün münbit şərait yaradıb. Güneyimizdə başlanan milli oyanış hərəkatı, fars-molla rejiminə qarşı dirənişlərin qabarıq şəkil alması, qüzeyimizdə ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası hər iki dövləti ciddi narahat etməyə başlayıb. Beynəlxalq sanksiyaların ağır yükü altında can verməsinə, hər iki dövlətin əvvəlki qüdrətini itirməsinə, Cənubi Qafqazda nüfuz dairəsinin kiçilməsinə baxmayaraq, imperial təfəkkürlü bu dövlətlər Azərbaycana qarşı məkrli planlarından əl çəkmək istəmirlər. Azərbaycanın 44 gün davam edən İkinci Qarabağ müharibəsi və bir günlük antiterror əməliyyatı nəticəsində Ermənistanın 30 ildən çox davam edən işğalına son qoyaraq ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməsi nə İranı, nə də Rusiyanı rahat buraxır. Hər iki dövlət oxşar ssenarilər üzrə hərəkət edir. İran bu ölkənin ərazisində yerləşən Azərbaycan səfirliyində günün günortası qanlı terror törətdiyi kimi, Rusiya da Azərbaycana məxsus mülkü təyyarəni raket atəşinə tutaraq onlarla günahsız insanın ölümünə bais olur. Hər iki ölkə, biri din pərdəsi altında, biri “mədəniyyət evi” adı altında ölkəmizdə casus çəbəkəsi yerləşdirib, milli varlığımızı təhlükə altında saxlamaq planları qurur. İran, əhalisinin yarıdan çoxunun türk olduğu ölkəsində türk dilinin səslənməsindən vəsvəsə keçirir.

Ölkə Prezidenti Məsud Pezeşkianın keçirilən bir mədəniyyət tədbirində Şəhriyardan iki bənd şeir deməsi süngü ilə qarşılanır. Səfirimizin Azərbaycan musiqisini Təbrizdə dinləməyin xoş olduğunu dilə gətirməsi Behbud Kobali kimi anti-türk persona tərəfindən qəzəblə qarşılanır və bu qatı fars şovinisti səfirə üz tutub deyir ki, “Cənab səfir, özünüzə saxta mədəniyyət düzəltməyin. Şimali Azərbaycan böyük İranın geniş ərazisinin bir hissəsi olub və olacaq. Bu musiqi də İrandan səslənən əsl İran musiqisidir. Əgər ruslar Şimali Azərbaycanı ayırmasaydılar, indi siz İran vətəndaşı idiniz. Əlbəttə, gələcəkdə İran vətəndaşı olacaqsınız”. Adamın qafasına fars şovinizminin qatı ruhu necə doldurulubsa, irqi xəstəliyə necə tutulubsa olanlardan, tarixi gedişatın dəyişməsindən nəticə çıxara bilmir və beynəlxalq aləmin de-fakto, de-yure tanıdığı müstəqil bir ölkənin ərazilərini yenidən İrana qatmaq, onun vətəndaşlarını öz vətəndaşı kimi görmək istəyir. Həm də öz ölkəsində yaşayan 40 milyon türkə azad yaşamaq, öz dilində məktəb açmaq haqqını tanımayan bir dövlətin vətəndaşı etmək.

Görünən odur ki, İranda Sasani dövründən Azərbaycana, türk dünyasına qarşı başlanan tarixi düşmənçilik pəhləvi və molla rejiminin körüklənməsi ilə davam etdirilir. Bu cür düşmənliyin ən gözəl ifadəsi ana dastanımızda öz əksini tapıb. “Qarı düşmən dost olmaz!”